Dağıdıcı “Toçka-U” raketləri Qarabağ savaşında
14.09.2016 - 12:35
NATO son vaxtlar Rusiyanın Krımda və Kalininqrdda “İsgəndər-M” operativ-taktiki raketlərini yerləşdirməsi haqda xəbərlərdən dəfələrlə narahatlıq ifadə edib. Lakin Rusiyanın bundan daha primitiv “Toçka-U” raketləri son illərdə dünyanın bir sıra qaynar nöqtələrində tətbiq olunub və böyük tələfat verib. Həmin raketlərdən məhdud miqdarda Azərbaycan və Ermənistanın da silahlı qüvvələrində var, onlar Qarabağ münaqişəsi teatrında döyüş tətbiqinə hazırdır.
Virtualaz.org xəbər verir ki, bu sətirlər Corctaun universitetinin münaqişələrin nizamlanması üzrə magistri Sebastyen Rablinin ABŞ-ın “The National İnterest” dərgisində dərc edilmiş məqaləsindən götürülüb. Məqalədə deyilir ki, opeartiv-taktiki raketlər komandirlər üçün düşmənin təmas xəttindən aralıda yerləşən obyektlərinə, komanda məntəqələrinə, qoşunlarının cəmləşdiyi nöqtələrə, anbarlara və aerodromlara dəqiq zərbə endirmək üçün vasitədir. Bu zaman komandirlərə hədəf üzərindəki hava məkanına nəzarət etmək gərək deyil. Bu raketlərdən habelə hədəfə nüvə başlığını və kimyəvi başlığı da çatdırmaq üçün istifadə etmək mümkündür.
Birləşmiş Ştatlar və onun müttəfiqləri belə kompleksləri tətbiq etmir, çünki bu cür dəqiq zərbələri aviasiya vasitələri ilə endirir. Lakin Yəməndə və Ukraynada gedən döyüş əməliyyatlarının təcrübəsi göstərir ki, bu mobil raket kompleksləri hətta zəif silahlanmış qiyamçı ordu tərəfindən tətbiq olunanda belə ciddi zərər yetirə bilir.
“Toçka” raketləri SSRİ-nin “Luna-M” 9K52 raketlərinin sələfidir. Bu raketlər soyuq müharibə dövründə, Karib böhranında rol oynayıb. Lakin onun əsas çatışmayn cəhəti hədəfi dəqiq vurmaması idi. Raketin hədəfdən yayınma radiusu 500-700 metrə çatırdı. Başqa sözlə, əgər kimsə bu raketlə böyük binanı vura bilsəydi ona ancaq tərif düşürdü. Raketin uçuş məsafəsi cəmi 70 kilometr olduğundan onu təmas xəttinə yaxın yerləşdirmək lazım idi ki, düşmənin arxasındakı hədəfləri vurmaq mümkün olsun.
1975-ci ildə “Toçka” raketlərinin ilk versiyası silahlanmaya daxil olub. Bu raketlər hədəfi daha dəqiq vura bilirdi, hədəfdən yayınma radiusu 150 metr təşkil edirdi. İndiki göstəricilərə görə buna dəqiq vuran raket demək olmaz, ancaq o vaxtkı göstəricilərə görə bu, pis sayılmazdı. Uçuş radiusu isə 70 kilometr olaraq qalırdı.
Nəhayət 1979-cu ildə “Toçka-U” raketləri-bu raketlərin daha mükəmməl versiyası silahlanmaya daxil olub. Yanacağın komponentlərinin dəyişməsi sayəsində uçuş məsafəsini 120 kilometrə qədər artırıblar. Radilokasiya sistemlərinin və CPS qlobal naviqasiya sisteminin sayəsində hədəfdən yayınma da azalıb, 90 metr təşkil edib. Sonradan hədəfdən daha az-70 metr yayınan “Toçka-M” raketlərini də işləyib hazırlayıblar, lakin Rusiya Müdafiə Nazirliyi bundan imtina edərək “İsgəndər” raketlərinə üstünlük verib.
Dünyanın bir çox ölkələrinə satılan “Toçka-U” raketləri üçoxlu start qurğusu üzərində daşınır. Kompleks mobildir, saatda 60 kilometr sürətlə hərəkət edə, yolsuzluq şəraitində gedə və su maneələrini keçə bilir. “Toçka” kompleksini döyüş tətbiqi nöqtəsinə 15 dəqiqəyə çatdırmaq mümkündür. Yeni raketin yüklənməsi isə 20 dəqiqə vaxt aparır. Kompleksin tərkibinə daxil olan Zil-131 avtomobili əlavə raketləri daşıyır və raketi kompleksə yerləşdirmək üçün sistemlə təchiz olunub.
Döyüş başlığına gəldikdə isə qəlpəli-fuqas başlığın ağırlığı 120 kiloqramdır. Raketdə habelə 50 qəlpəli döyüş elementindən ibarət kaset başlıq da yerləşdirmək olar. Bu döyüş elementləri 200 metr radiusda qəlpə yağdırır. Kaset döyüş başlığında tank və aerodrom əleyhinə də elementlər yerləşdirmək mümkündür. Bundan əlavə, raket gücü 10 kilotondan 60 kilotona qədər olan AA-60 taktiki nüvə başlığını da hədəfə çatdıra bilir.
Daha ekzotik variantlar da var. Elektromaqnit impulslu döyüş başlığı havada partlayır və bütün elektronikanı sıradan çıxarır. O cümlədən RLS-lərin şüalarını qarışdıran radiolokasiya əleyhinə idarəolunan raketlər də var. Rusiya ordusunda “Toçka” raketləri 18 start qurğusundan ibarət olan briqadaların tərkibindədir. Hər start qurğusunun 2-3 raketi var. Məlumatlara görə Rusiya ordusunda 200-300 arası “Toçka” kompleksləri mövcuddur. Bunlar mərhələlərlə daha dəqiq və daha uzaqvuran (400 kilometrə qədər) “İsgəndər-M” kompleksləri ilə əvəzlənir.
Dünyanın qaynar nöqtələrində ballistik raketlərin əksəriyyəti indiyədək tətbiq edilməyib, ancaq “Toçka” bir çox qaynar nöqtələrdə böyük dağıntılara və tələfata səbəb olub. İlk dəfə bu raketlər döyüş şəraitində 1994-cü ildə Yəmənin şimalı ilə cənubu arasında gedən döyüşlərdə tətbiq olunub. Şimali yəmənlilər Səudiyyənin dəstəklədiyi cənublulara bu raketlərdən zərbələr endiriblər və cənublular sonda müharibəni uduzublar. Birləşmiş Yəmən silahlı qüvvələri bu raketləri saxlamışdı, ancaq 2014-cü ildə bu raketlər qiyam qaldırmış və İranın dəstək verdiyi husilərin nəzarətinə keçdi.
Yəmən Respublika qvardiyasının husilərin tərəfinə keçmiş hissələrinin nəzarətində olan “Toçka” raketləri Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının bazalarına zərbələr endirdi. 2015-ci il sentyabrın 4-də “Toçka” raketi Səudiyyə ordusunun Marib məntəqəsindəki bazasına düşüb, koalisiya qüvvələrinin 73 hərbçisi həlak olub. O cümlədən onlarla hərbi texnika sıradan çıxarılıb.
Həmin il dekabrın 14-də husilərin tərəfində olan qüvvələrin “Toçka” raketi ilə endirdiyi zərbə nəticəsində Bab-əl-Mandeb körfəzində ərəb koalisiyasının 100-dən çox hərbçisi, o cümlədən Səudiyyə Ərəbistanı ordusunun xüsusi təyinatlı qüvvələr komandanı həlak olub. Bundan bir ay sonra “Toçka” “Əl-Anad” aviabazasını vurub, pilotsuz aviasiyanı idarəetmə sistemini sıradan çıxarıb və 100-dən çox hərbçinin həyatına son qoyub.
Səudiyyə Ərəbistanı tərəfindən görülən əks tədbirlərə baxmayaraq bu zərbələr endirilib. Hansı ki, Səudiyyəyə və Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Petriot” sistemləri husilərin atdığı 20-dən çox ballistik raketləri, əsasən “Toçka” raketlərini havada zərərsizləşdirə bilmişdi. Habelə raketlər döyüş tətbiqi zonasına çıxarılanda onlara hava zərbələri endirilmişdi. Buna baxmayaraq husilərin raket yağışının qarşısını tam almaq mümkün olmayıb. Elə ötən ay Səudiyyə ordusunun 3 “Toçka” raketini “Petriot”la vurduğu və bir start kompleksini məhv etdiyi açıqlanmışdı. Daha 3 raket isə Yəmən və Səudiyyə Ərəbstanındakı hədəfləri vurmuşdu.
Hərçənd müasir HHM sistemlərinə, havada hökmranlığa və böyük atəş gücünə baxmayaraq ərəb koalisiyasının Yəməndə verdiyi itkilər heyrət doğurur. Koalisiya təkcə “Toçka” raketlərindən yüzlərlə itki verib. Bu da o deməkdir ki, “Toçka” təhlükəli silahdır və bu raketə qarşı ərəb koalisiyası yetərli tədbirlər görə bilməyib.
Digər qaynar nöqtələrə gəldiksə Suriya ordusu bu raketlərlə üsyançıların Hələb, Marea və Dəməşq ətrafındakı mövqelərinə zərbələr endirib. Raketlər hələ də Suriya münaqişəsində tətbiq olunur. Çeçen müharibəsi zamanı Rusiya ordusu Qroznı uğrunda döyüşlərdə əsasən “Toçka” olmaqla 60-dan çox ballistik raket buraxıb. Belə raketlərdən biri şəhərin mərkəzi bazarına düşüb və 140-dan çox dinc sakin həlak olub. Hərçənd bazarda silah da satılırdı və həmin hissə zərər çəkməmişdi.
2008-ci ilin avqust müharibəsi zamanı Rusiya Gürcüstana qarşı 23 “Toçka” raketi tətbiq edib. Bu raketlər Poti, Qori, Raçu və Vaziani şəhərlərini vurub. Onlar kaset başlıqlarla təchiz edilsə də elə də ciddi zərər yetirə bilməmişdi. Bəzi məlumatlara görə raketlər Vaziani aerportunda Gürcüstan təyyarələrini vurmuşdu.
Ukrayna ordusunun sərəncamında 90 “Toçka” kompleksi var və onlar 2014-2015-ci illərdə rusiyayönümlü separatçılara qarşı Donbassda gedən döyüşlərdə tətbiq olunub. Məlumatlara görə bəzi raketlər havada sıradan çıxıb və hədəfə çatmayıb, ancaq hədəfə çatanları olub və separatçılar ciddi itki verib. 2015-ci ilin fevralında “Toçka” raketi Donetskdə kimya zavodunu vurmuşdu və o qədər güclü partlayış baş vermişdi ki, kilometrlərlə məsafədə evlərin pəncərələrinin şüşələri sınmışdı. Əvvəlcə bəzi mütəxəssislər səhvən hesab etmişdilər ki, bu, “Tülpan” minaatanın taktiki nüvə döyüş sursatının partlayışıdır.
“Toçka” raketləri məhdud miqdarda Azərbaycan və Ermənistanda da var, onlar Qarabağda davam etməkdə olan münaqişənin gedişində tətbiq olunmağa hazırdır. Belarusda 36 “Toçka” kompleksi, Bolqarıstanda 18 kompleks olduğu məlumdur. Qazaxıstanda da “Toçka”lar var, ancaq sayları məlum deyil. “Toçka” raketlərinin döyüş tətbiqi təcrübəsi göstərir ki, bu taktiki ballistik raketlər havada üstünlüyə və müasir HHM sistemlərinə malik olan rəqiblə döyüşdə belə ziddi zərər yetirə bilir.
Virtualaz.org qeyd edir ki, Ermənistan prezidenti Serj Sərkisyan bir neçə dəfə “Azərbaycan şəhərlərini Ağdama çevirmək” barədə lovğa bəyanatlar verib və analitiklər onun həmin boşboğaz bəyanatları verərkən “Toçka-U” raketlərini, o cümlədən “Skad”ları nəzərdə tutduğunu təxmin edir. Bu ilin aprelində Qarabağda hərbi əməliyyatlar başlayanda Ermənistandan üzü Qarabağa doğru yola çıxan “Toçka” komplekslərinin videokadrları internetdə yayılmışdı.
Lakin Ermənistan həmin komplekslərin tətbiqinə cəsarət etmədi. Görünür nəzərə aldı ki, Azərbaycan da həmin komplekslərə malikdir, üstəlik operativ-taktiki raketlər də daxil olmaqla ən müxtəlif hava hədəflərini neytrallaşdıra bilən güclü raketdən müdafiə sistemlərinə-İsraildən alınan “Barak-8” komplekslərinə və S-300 PMU “Favorit” komplekslərinə malikdir. Nəzəri olaraq Ermənistan “Toçka” raketlərini tətbiq etsəydi Azərbaycanın raketdən müdafiə sistemləri onların hədəfə çatmasının qarşısını böyük ölçüdə ala biləcəkdi. Lakin Azərbaycanın cavab zərbələrinə qarşı Ermənistanın əlində bu cür müasir müdafiə sistemləri yoxdur.
Digər tərəfdən, Ermənistanın sərəncamındakı “Toçka” raketlərinin sayı məhduddur, onların hamısının işə düşəcəyinə də qarantiya vermək mümkün deyil. Əvəzində isə Azərbaycan ordusunun sərəncamında “Toçka-U” raketləri ilə yanaşı Qarabağın düşmən işğalında olan yaşayış məntəqələrinə, habelə İrəvana kütləvi, dağıdıcı zərbələr endirmək üçün digər raket kompleksləri var.
Hərb işi tələb edir ki, Azərbaycan gələcəkdə bu cür dağıdıcı, hədəfi dəqiq vuran sistemlərlə yanaşı ballistik raketlərə qarşı müdafiə sistemlərinin də sayını artırsın, bununla da raket-artilleriya qüvvələrində düşmən üzərində əzici üstünlüyünü qoruyub saxlasın.
Short URL: http://www.cumhuriyyet.net/?p=75791