Qarabağ nizamlanması üçün yeganə kompromis – yekun status nə olacaq?
Bakı onu haqlı olaraq beynəlxalq hüquq çərçivəsində, işğalçı tərəf isə Azərbaycana ərazi iddiasına bəraət kimi görür; Putinin müşaviri statusla bağlı mübahisəli detalları açdı…
Dağlıq Qarabağ problemi ətrafında “sülh, yoxsa hərb” dilemması yenidən aktuallaşıb. Münaqişənin həllində vasitəçi dövlətlərin ortaq kardinal səyləri gecikdikcə güc amili yavaş-yavaş, təzədən gündəmə qayıtmaqda, aktuallıq qazanmaqdadır. Bu da məntiqlidir, çünki istənilən sülhün alternativi müharibədir və əksinə.
Bəs, hazırda nizamlama əldə olunması üçün şans və imkanlar necə görünür? Aprel döyüşlərindən sonra bu imkanlar qalırmı və çıxış yolu necə nə ola bilər? Rusiyalı tanınmış ekspertlərin bu yöndə maraqlı mülahizə və təxminləri var.
***
“Qarabağ münaqişəsinin effektli və tam nizamlanması üçün bu gün yeganə yol kompromisdir”. Bu barədə konflikt ətrafındakı son durumu və sülh perspektivlərini “Vestnik Kavkaza” nəşrinə şərh edən rusiyalı politoloq-qafqazşünaslar bildiriblər. Lakin onlardan biri, siyasi məsləhətçi və tarixçi alim, daima Azərbaycanın haqlı mövqeyini müdafiə edən Oleq Kuznetsova görə, kompromislər axtarışı məsələsində xalqları və hakimiyyətləri ayırmaq lazımdır.
“Əgər münaqişə tərəfləri qismində ölkələri nəzərdə tutsaq, o zaman mən əminəm ki, Azərbaycan və erməni xalqları birgə və dinc-yanaşı yaşamaq üçün kompromislər tapmağa qadirdilər. Yox, nəzərə alsaq ki, münaqişə tərəfləri siyasi rejimlərdir, o halda Ermənistandakı Köçəryan-Sərkisyan ”Qarabağ klanı” ilə Azərbaycandakı Əliyev komandası arasında heç bir kompromis ola bilməz. İş ondadır ki, mənim terrorçu hesab elədiyim Köçəryan-Sərkisyan rejimi üçün münaqişənin özü və müharibə amili təkcə siyasi yox, həm də fiziki mövcudluğun yeganə şərtidir”, – deyə analitik xatırlatma edib.
Ekspert əldə olunacaq kompromisi Dağlıq Qarabağ konfliktinin yaranmasınadək olan vəziyyətə qayıdışda görür: “1988-ci ilədək olan situasiyanın bərpası və beynəlxalq hüquq normalarına müvafiq surətdə Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusunu müəyyən eləmək lazımdır. Lakin bu zaman dünya standartlarına uyğun surətdə müxtəlif milli-mədəni muxtariyyətlərin verilməsi çərçivəsində sovet irsindən yan qaçmaq lazımdır. Düşünürəm ki, bu durum özünün real həll perspektivinə malikdir. Lakin bundan ötrü Ermənistandakı siyasi rejim keçiriləcək parlament seçkiləri və müvafiq vəzifələrə yeni rəhbərlərin təyinatından sonra demokratikləşməlidir”.
Ekspert bu xüsusda daha sonra deyib: “Ermənistandakı konstitusiya islahatlarına müvafiq surətdə prezident üsul-idarəsindən parlamentli üsul-idarəyə keçid hakimiyyətdə hansısa balansı, həmçinin birinci şəxslərin bu balansa uyğun seçimini tələb edəcək. Çox vacibdir ki, bu respublikada parlamentli idarəçilik üçün açar postlara elə adamlar seçilsin ki, onlar nə Qarabağla və Qarabağ müharibəsi ilə əlaqəli olsunlar, nə də diasporun təsiri altında olsunlar. Ki, Ermənistanda yaşayan ermənilər daxili siyasi məsələləri özləri həll də bilsinlər. Məhz o zaman Qarabağ nizamlanmasında kompromislər üçün imkan açılacaq”.
***
Öz növbəsində Moskvadakı Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, politoloq, Rusiya İctimai Palatasının üzvü və Putinin etibarlı şəxsi Sergey Markov “natamam ərazilərin natamam sülhə dəyişdirilməsi” kimi klassik kompromis formulu təklif edib: “Yəni Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları qaytarır, bunun qarşılığında Azərbaycan Ermənistanın və Dağlıq Qarabağın blokadasını götürür. Ardınca bölgənin hərbsizləşdirilməsi və status haqda danışıqlar başlayır – hansı status ki, uzaq perspektivdə referendum yolu ilə müəyyən ediləcək. Bu – açıq-aşkar kompromisdir. Onun formulu da prinsipcə əldə olunub. Bircə kompromisin şərtləri və detalları qalır. Məsələn, hamı razıdır ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları qaytarmalıdır, amma konkret neçə rayon məsələsində mübahisə var. Azərbaycan deyir ki, iki snayper gülləsi enində ”Laçın dəhlizi” istisna olmaqla bütün rayonlar boşaldılmalıdır. Ermənistan isə 5 rayondan danışır, nəticə etibarilə də qaytarılan rayonlar mühasirədə olacaq”.
Putinin müşaviri ardınca bildirib: “Daha bir məsələ: hərbsizləşdirmə necə həyata keçiriləcək? Azərbaycanın şərti budur ki, bu, ilk növbədə Dağlıq Qarabağla Ermənistan arasındakı rayonlara aid edilsin. Əks halda, Qarabağın özü kifayət qədər mürəkkəb vəziyyətə düşəcək. Ermənistan isə istəyir ki, bütün sərhəd boyu hərbsizləşdirmə aparılsın və orada ATƏT müşahidəçiləri yerləşdirilsin – özü də Kiprdə yunan və türk icmaları arasındakı kimi, hərbi müşahidəçilər yerləşdirilsin. Azərbaycan isə Donbasdakı kimi mülki müşahidəçilərə üstünlük verir”.
Politoloqun sözlərinə görə, üçüncü mübahisəli məsələ referendumda kimin səs verməsi ilə bağlıdır. “İrəvan istərdi ki, heç nə dəyişməsin və yalnız Dağlıq Qarabağda hazırda yaşayanlar və onların nəsilləri 20 il sonra statusu müəyyən eləsinlər (onlar isə Ermənistana birləşməyə səs verəcəklər). Azərbaycan isə istəyir ki, səsvermədə köçkünlər və onların nəsilləri də iştirak eləsin. Onlar isə sayca Qarabağ ermənilərindən 5 dəfə çoxdur”.
***
Göründüyü kimi, konfliktin həllində əsas mane Dağlıq Qarabağın yekun statusuna tərəflərin diametral fərqli yanaşması ilə bağlıdır. Azərbaycan təbii ki, heç vaxt öz ərazi bütövlüyünə xələl gətirəcək status variantına razılıq verməyəcək. Beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Bu xüsusda tarixçi-analitik Oleq Kuznetsovun kompromis təklifi (Azərbaycan tərkibində beynəlxalq normalara uyğun muxtariyyət variantı) yeganə optimal və ən real model kimi görünür.
Sergey Markovun haqqında danışdığı təklif də prinsipcə ədalətli təsiri bağışlayır. Çünki politoloq Dağlıq Qarabağın uzaq gələcəkdə (təxminən 20 il sonra) statusun müəyyən edilməsində köçkünlərin və onların nəsillərinin iştirakının vacibliyinə toxunur. O halda təbii ki, səsvermədə iştirak edəcək erməni seçicilərinin azərbaycanlı seçicilərdən üstünlüyü mümkün olmayacaq. Bu isə köçkünlərin öz doğma yerlərinə qayıdışından sonra reallaşa bilər.
Doğrudur, Markov azərbaycanlı köçkünlər deyəndə konkertləşdirməyib – söhbət Dağlıq Qarabağdan (Şuşadan və s.) olan məcburi köçkünlərdən gedir, yoxsa bura aran Qarabağ da daxildir. Hərçənd, bu da var ki, Azərbaycan konstitusiyasına görə, ölkənin ayrıca götürülmüş ərazisində referendum keçirilə bilməz.
“Yeni Müsavat”
Short URL: http://www.cumhuriyyet.net/?p=76016