Azərbaycanda məmur vətəndaş qarşıdurması: məsuliyyətsizli, yoxsa…
Son zamanlar məcburi köçkün və ümumən Qarabağ qazilərinin məmurlar tərəfindən incidilməsi halları artıb. Sanki bəzi hökumət funksionerləri məcburi köçkünlərin və Qarabağ döyüşçülərinin qəsdinə dayanıb. Məmurlar ya onlardan rüşvət tələb etməkdə, ya da onlara məxsus əraziləri qanunsuz zəbt etməkdə ittiham olunurlar. Məsələn, elə bu gün saat 12:00 radələrində bir neçə məcburi köçkün Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirib.
Aksiya keçirənlər Bakıxanov qəsəbəsində qanunu yolla əldə etdikləri torpaqlarının tikinti şirkəti tərəfindən zəbt olunmasından narazılıq ediblər. Onlar Hacıbala Abutalıbovla görüşmək istədiklərini diqqətə çatdırıblar. Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında 10-a yaxın polis əməkdaşı olsa da onlar aksiyaya ciddi müdaxilə etməyib. Sadəcə olaraq aksiyaçılardan biri Hacıbala Abtalıbovla görüşmək adı ilə Bakı Şəhər İcra Hakimiyyətinin binasına aparılıb. Məsələyə münasibət bildirən Qarabağ qazisi Firudin Məmmədov da Cumhuriyyət.az-a açıqlamasında qeyd edib ki, son vaxtlar məmurların məcburi köçkün və Qarabağ döyüşçülərinə qarşı amansız davranışı geniş vüsət alıb: “Deyim ki, bu yalnız son zamanlar deyil, həmişə olub. Son zamanlar isə referendum ərəfisi olduğu üçün şikayətçilər də aktivləşiblər. Çünki referendumla əlaqədar olaraq ölkədə ictimai -siyasiproseslər də avtiv fazaya keçir. Narazı insanlar də məhz ərəfəni seçirlər. Ona görə də, bu etirazlar son vaxtlar daha intensiv xarakater alır. Azərbaycanda məmurlar vətəndaşlara həmişə problem yaradıblar. Bu problem olduğu üçün dəfələrlə prezident məmurlara irad tutub ki, biz xalqın xidmətçiləriyik. Qeyd edib ki, vətəndaşa yuxarıdan aşağı baxmayın. Onların problemlərini diqqətdə saxlayın, köməklik göstərin. Prezidentin müşavirələrdə bu yöndəki çıxışları göstərir ki, məmur vətəndaş qarşıdurması diqqətsizliyin nəticəsində ortaya çıxıb. Azərbaycanda elə icra başçıları var ki, bir dəfə də olsun vətəndaşları qəbul etməyib. Ümumiyyətlə, həmin icra başçısının qəbul günü yoxdur. Nazirlərin qəbul günü var, amma icra başçısının qəbul günü yoxdur. Bu cür icra başçılarımız var. Məmurlar var ki, vətəndaşın problemi ilə məşğul olmaq əvəzinə ona problem yaradır. Həmin məmurlar özlərinə çəki düzən verməlidirlər. Çünki Azərbaycanın tutduğu yol, mövqe bunu tələb edir. İrəli getmək lazımdır. Hesab edirəm ki, Azərbaycan dövləti bu məsələ ilə bağlı ciddi tədbirlər görməlidir”.
Mənsur,cumhuriyyet.az
Short URL: http://www.cumhuriyyet.net/?p=76369