Bakıda “Qafqaz camaatı”na qarşı əməliyyat – Nə baş verir?
29.10.2016 - 09:55
İlham İsmayıl: “Radikal dindarların ölkəmizdə getdikcə artması…”; Kənan Rövşənoğlu: “Maraqlı qüvvələr ola bilər”
Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Azərbaycanda terror aktları və silahlı basqınlar törətməyi planlaşdıran silahlı dəstə zərərsizləşdirilib. Terrorçulara qarşı keçirilən əməliyyatın bəzi təfərrüatları üzə çıxıb. “Report”un məlumatına görə, terrorçulardan “Ömər” ləqəbli A.Quliyev oktyabrın 26-da Ələt qəsəbəsində zərərsizləşdirilib.
Belə ki, DTX əməkdaşları terrorçuluq fəaliyyətində şübhəli bilinən 21 yaşlı A.Quliyevin Bakı-Ələt yolunda hərəkətdə olan Bakı-İstanbul avtobusunda olmasını müəyyənləşdirib.
Əməliyyatçılar A.Quliyevi avtobusdan düşürmək istəyərkən o, üzərində olan əl qumbarasını partlatmaqla müqavimət göstərməyə çalışıb.
“Bu zaman DTX əməkdaşları yüksək peşəkarlıq nümayiş etdirərək avtobusda olan şəxslərin və Bakı-Ələt yolunda olan digər nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə “Ömər”ə atəş açaraq onu zərərsizləşdirib”, – deyə, hüquq-mühafizə orqanlarındakı mənbə vurğulayıb.
DTX-nın İctimai əlaqələr şöbəsi keçirilmiş əməliyyatla bağlı məlumata əsasən, A.Quliyevlə yanaşı daha bir terrorçu məhv edilib, daha biri isə tutulub.

Müəyyən olunub ki, Azərbaycan vətəndaşları F.Rüstəmov, A.Quliyev, A.Gülməmmədov və digərləri ölkə hüdudlarından kənarda fəaliyyət göstərən radikal dini terrorçu silahlı birləşmələrin nümayəndələrinin internet vasitəsi ilə göndərdikləri gizli tapşırıqlar əsasında terror təşkilatının Azərbaycanda “Qafqaz camaatı” adlı silahlı qolunun yaradılması, rəhbərinin seçilməsi, təşkilatlanaraq dini ekstremizm zəminində digər şəxslərin cinayətkar fəaliyyətə cəlb edilməsi məqsədi ilə sövdələşmələr aparıb, qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib terror aktları və silahlı basqınlar törətməyə hazırlıq hərəkətləri görüblər. Onlar müxtəlif tarixlərdə gizli toplaşaraq ölkədən kənarda fəaliyyət göstərən terror təşkilatının rəhbərinə mütləq tabeçiliklərini və sədaqət andını bəyan etmələrinin videoçəkilişini aparıb, cinayətkar niyyətlərinin həyata keçirilməsi, əlavə silah-sursat əldə edilməsi, vəsait toplanılması üçün tədbirlər görüb, ayrı-ayrı şəxslərə hədə-qorxu altında aylıq ödənişlər tətbiq edib, basqın ediləcək konkret şəxslərin güdülməsini həyata keçirib, ictimai qaydanı pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə planlaşdırılan xüsusilə ağır cinayət əməlinin törədilməsi ilə bağlı dəstə üzvləri arasında vəzifə bölgüsü aparıblar.
Fakt üzrə DTX-nin İstintaq baş idarəsi tərəfindən Cinayət Məcəlləsinin 218.2, 28,181.2.1, 28,214.2.1, 28,214.2.3 və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb.

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirdi ki, İŞİD məğlubiyyətə uğradıqca, geri çəkildikcə, həm Şimali Qafqaza, həm də Azərbaycana orada vuruşmuş insanlar gələcəklər: “Təbii ki, onlar gəlməmiş burada bəzi şəxslərlə əlaqələri var. İŞİD özünü dövlət elan etmiş təşkilatdır. İŞİD-in qolları genişdir. Ona görə də onun bir qolunun Azərbaycana gəlib çıxması, orada azərbaycanlıların olması təbii qəbul olunmalıdır. DTX-ın mətbuata verdiyi açıqlamadan hiss olunur ki, əvvəlcədən kifayət qədər iş görülüb. İş görülən zaman da əməliyyat keçirilib. Əməliyyat nəticəsində dəstə zərərsizləşdirilib. Radikal dindarların sayının ölkəmizdə getdikcə artması faktdır. Ona görə silaha sarılan bu dindarların hər cür yollarla zərərsizləşdirilmələri çox vacibdir. Əməliyyatın hansı şəraitdə keçirildiyinin detalları açıqlanmayıb. Terror qrupları ilə əlaqə olan birinin ələ keçirilməsi gələcəkdə bu istiqamətdəki əməliyyatların gedişinə müsbət təsir edəcək. Əməliyyatın nə cür hazırlandığını bilmirəm, sadəcə çox təəssüflənirəm ki, iki nəfər ölüb. Terrorçu ölümünü əvvəl-axır gözünün altına alır. Onların ölkəmizdə qalıqları çox olmasa da, amma var. Lakin bu azlığın bizim ölkədə böyümək ehtimalı var. Bu baxımdan belə əməliyyatları qarşıda gözləmək mümkündür. Bu istiqamətdə DTX mühüm işlər aparır və aparacaq da”.

Dini ekspert Kənan Rövşənoğlu radikal dindarların Azərbaycanda artması ilə bağlı bunları dedi:“Azərbaycanda radikal qruplara qoşulma tendensiyası 90-cı illərin sonlarına qədər gedib çıxır. Müstəqillikdən sonra dini təbliğatın sərbəstləşməsindən sonra Azərbaycanda cihadçı islamçılıq da yayılmağa başladı. Sonra İkinci Çeçen savaşı zamanı və ardınca 11 sentyabrdan sonra Əfqanıstan və Pakistanda başlayan müharibədə cihad şüarlarının təsiri altında azərbaycanlılar da qoşulmağa başladı. Çeçenistan, Dağıstan, Əfqanıstan, Pakistan və Somalidə də radikal islamçı qrupların tərkibində azərbaycanlılar döyüşməyə başlayıb. Bunların bir çoxu sonradan həbs olunub və ya savaşlarda öldürülüb. Bu səbəbdən bu tipli həbslər uzun müddət olub. Konkret olaraq “Ərəb baharı”ndan sonra Suriya və İraqda radikal islamçı qrupların savaşlara qatılması Azərbaycana da təsir etdi. Onlarla azərbaycanlı Suriya və İraqda savaşa qatıldı. Hökumət indi həm radikalizmə qarşı əks-təbliğat aparmaq, həm də geri qayıdanları həbs etməklə bu axının qarşısını almağa çalışır. Ancaq görünən odur ki. Oradakı fəaliyyətləri Azərbaycana da gətirmək istəyi var. Azərbaycan müsəlman dünyasında barmaqla sayılacaq qədər sabit ölkələrdən biridir. Amma bölgəmiz çox həssasdır, əhalinin etnik və dini-məzhəbi zənginliyi var. bu isə təxribatlar üçün zəmin yaradır. Ancaq olaylara sadəlövhcəsinə özfəaliyyət kimi də baxmaq olmaz, adətən terror təşkilatlarının arxasında gizli təşkilatlar, xüsusi-xidmətlər dayanır. Bu hadisənin də arxasında hansısa maraqlı qüvvələr ola bilər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=80516