ABŞ-ın yeni hərbi attaşesi müdafiə naziri ilə görüşdü

13.07.2017 - 18:24

İyulun 13-də  Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb

Cumhuriyyet.net-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə hər iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Azərbaycanla ABŞ arasında hərbi, hərbi-texniki, hərbi təhsil, mütəxəssislər səviyyəsində qarşılıqlı səfərlərin təşkili və treninqlərin keçirilməsi, həmçinin müdafiə, terrorizmə qarşı birgə mübarizə və sülhməramlı əməliyyatlar sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. İki ölkə arasında strateji səviyyədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edən tərəflər ABŞ tərəfindən Azərbaycanın icra etdiyi enerji layihələrinə göstərilən dəstəyin Amerika-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni zəmin yaradacağını vurğulayıblar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan müdafiə naziri bildirib ki, Ermənistan separatizmin, terrorizmin və ekstremizmin mənbəyidir. Bunun təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükə olduğunu qeyd edən nazir bu təhlükənin qarşısının alınması üçün bütün beynəlxalq qurumların birgə fəaliyyət göstərmələrini diqqətə çatdırıb.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin Cənubi Qafqaz bölgəsinin inkişafı və təhlükəsizliyinin təmin edilməsi üçün vacib olduğunu bildirən amerikalı diplomat münaqişə nəticəsində həyatını itirən bütün insanların, xüsusilə də Alxanlı kəndində qətlə yetirilən mülki şəxslərin yaxınlarına dərin hüzünlə başsağlığı verib.

Səfir ABŞ-la Azərbaycan arasında ikitərəfli formatda və NATO proqramları çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək, Azərbaycanın Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlara verdiyi töhfəyə görə minnətdarlığını ifadə edib. O, həmçinin KC-130 hərbi təyyarəsində çoxlu sayda amerikalı hərbçilərin həlak olması ilə bağlı ünvanlanan başsağlığına görə ABŞ-nın Müdafiə katibi və Silahlı Qüvvələrin Qərargah rəislərinin birləşmiş komitəsinin sədrinin təşəkkürlərini general-polkovnik Z.Həsənova çatdırıb.

Sonra səfir ölkəsinin Azərbaycanda yeni təyin olunan hərbi attaşesi polkovnik Adam Kavliki müdafiə nazirinə təqdim edib.

Hərbi attaşeni Azərbaycanda missiyasına başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimizin Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=96505

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31