Azərbaycanda daha bir “fəlakət proqnozu” düz çıxdı

09.07.2020 - 16:54

2020-ci ilin “fəlakət proqnozları”ndan biri də çəyirtkələrin hücumu ilə bağlı idi. COVID-19-dan sonra dünyada aclıq və səfalətin başlayacağı, bir yandan da havaların quraqlıq keçməsi səbəbindən çəyirtkələrin çoxalacağı, beləliklə də, kənd təsərrüfatına ciddi zərər dəyəcəyi proqnozlaşdırılırdı. Hətta bir çox ölkələr çəyirtkələrin hücumuna məruz qaldı.

Ötən həftədən Azərbaycanın bəzi bölgələrində kəndlər çəyirtkə hücumuna məruz qalıb. Sosial şəbəkələrdə çəyirtkələrin hücumu ilə bağlı proqnozların təsdiqini tapmasına dair məlumatlar paylaşılır.

Virtualaz.org xəbər verir ki, çəyirtkələr daha çox Şabranın kəndlərində müşahidə edilir. Hava quraqlıq olduğundan ziyanvericilərin meyvə bağlarına da daraşa biləcəyi ehtimal edilir. Amma digər ölkələrdən fərqli olaraq çəyirtkələr bütün ölkə ərazisində yayılmayıb. Və Kənd Təsərrüfatı Nazirliyi hazırda dərmanlama aparıldığını, narahatlığa əsas olmadığını açıqlayıb.

Fermer: “Çox narahatıq”

Şabranlı fermer Emil Məmmədov bildirib ki, dərmanlanma aparılır, ziyanvericilərin çoxalmasının qarşısı alınır. Çünki çəyirtkələr avqustun sonunda yumurta qoyurlar. “Yaxşı ki, arpa, buğda biçini başa çatıb. Amma yenə narahatıq”.

Fermerin sözlərinə görə, çəyirtkələr əvvəlki illərdə də əkin sahələrinə hücum edib. Məhsuldarlığa ciddi ziyan vurublar.

Rayonda dolaşan Asiya çəyirtkələridir

Ziyanvericilər Şabranın Çayqaraqaşlı və Çölquşçu kəndlərinə axın edib. Şabran rayon Aqrar İnkişaf Mərkəzinin açıqlamasına görə, rayonda dolaşan Asiya çəyirtkələridir. Onlar ölkəmizə Xəzər dənizi vasitəsilə Qazaxıstandan gəliblər.

Xüsusi texnika və dərmançiləyici vasitələrlə ziyanvericilərə qarşı dərmanlanma tədbirlərinə başlanılıb. Çəyirtkələrin digər kənd və rayonlara keçməməsi üçün tədbirlər görülür.

Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mehdi Balabəyov bildirib ki, rayonun kənd təsərrüfatı idarəsi problemin həlli ilə məşğuldur. Yerli bələdiyyə və icra nümayəndələri də onlara kömək edir. Həmin kəndlərdə biçin yekunlaşıb. Buna görə də, kənd təsərrüfatına ziyan dəyməyib. “Çölquşçu kəndi elə ərazidə yerləşir ki, ora dəniz kənarıdır, şoranlıqdır. Bu kəndlərdə ancaq əkin əkmək mümkündür. Əsasən arpa əkilir, o da artıq biçilib”,- Balabəyov bildirib.

Nazirlik fermerlərə müraciət edib

Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Hüseynov isə deyib ki, iyun ayının sonlarında respublika ərazisində güclü şimal-şərq küləklərindən sonra ölkə xaricindən, şimal istiqamətindən Şabran, Siyəzən rayonlarının lokal ərazilərində Asiya cəyirtkələrinin miqrasiyası müşahidə olunub. Daxil olan məlumata əsasən Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarından ibarət monitorinq qrupu yaradılaraq çəyirtkə dəstələrinin uçuş koordinatları və ümumi ərazi müəyyənləşdirilib. Asiya çəyirtkəsinin faktiki inkişaf fazasında (İmaqo) hərəkət intensivliyi və həyat tərzi nəzərə alınmaqla mobil ultra kiçikhəcmli ciləyici aqreqatlarla təchiz olunmuş preparat ilə 500 hektar ərazidə kimyəvi mübarizə tədbirləri həyata kecirilib. Çəyirtkə miqrasiyasının ziyan vurma həddi minumuma endirilib. Hazırda həmin ərazilərdə fitosanitar müşahidələr davam etdirilir, aşkarlanan xırda dəstələrə qarşı mübarizə tədbirləri həyata keçirilir.

Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda dərhal Agentliyin müvafiq yerli qurumlarına və ya Kənd Təsərrüfatı Nazirliyinə məlumat versinlər.

Kənd təsərrüfatı eksperti Nicat Nəsirli isə bildirib ki, Azərbaycanda əsasən Mərakeş çəyirtkələri müşahidə edilir. Zərərvericilər Hacıqabul düzəngahı ərazisində, Şəki, eləcə də dağətəyi zonalarda olur. Bu çəyirtkələr gün ərzində təxminən 250 kilometr məsafə qət edirlər. Bitkiçilikdə yaşıl kütləyə hər hektara görə 30-40 faiz ziyan vurur. Bir çox ölkənin təcrübəsində ziyanvericilər quraqlıq illərində yalnız taxıl sahələrinə deyil, meyvə bağlarına da hücum edirlər. Daha çox şirin meyvə ağaclarının yarpaqları ilə qidalanırlar. Çəyirtkələr kifayət qədər təhlükəli zərərverici hesab olunur. Ona görə də hər il dövlət hesabına onlara qarşı kimyəvi metodlarla dərmanlanma tədbirləri aparılır.

“Bu il çəyirtkələrin aktivliyi daha çox müşahidə olunur, bu da qışın quraq keçməsi, mövsümü anomaliyanın müşahidə olunması ilə bağlıdır. Quraqlıq olduğu üçün ziyanvericilər tez-tez miqrasiya istiqamətlərini dəyişir və yem axtarmaq niyyəti ilə müxtəlif ərazilərə üz tuturlar”,-Nəsirli belə deyib.

Ülviyyə Xudiyeva, Gülnar Əliyeva

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149565

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031