Elman Nəsirov: “Tofiq Yaqublu ilə bağlı ictimai rəyə uyğun qərarların qəbulu mümkündür”

11.09.2020 - 15:42

Müsavat Partiyasının hazırda həbsdə olan sabiq başqan müavini Tofiq Yaqublu aclıq aksiyasını davam etdirir.

Musavat.com xəbər verir ki, Tofiq Yaqublu artıq 11 gündür ki, aclıq aksiyası edir. Onun səhhətinin pisləşməsi ilə bağlı qızı Nigar Həzinin yaydığı məlumat var. Tofiq Yaqublu qızına gün ərzində, ən azı 700 qram çəki itirdiyini deyib.

Xatırladaq ki, Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Rəsmi açıqlamaya görə, Tofiq Yaqublu martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq, Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Daha sonra T.Yaqublu avtomobildən düşərək, Elxan Cəbrayılovun üzərinə hücum edib, onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb. T.Yaqublu ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.

Tofiq Yaqublu həbs edildiyi gündən, əsasən də, barəsində məhkəmə hökmü çıxarıldıqdan sonra onun azadlığa buraxılması ilə bağlı çoxsaylı müraciətlər edilib. Müxalifət nümayəndələri ilə yanaşı, bir çox sosial şəbəkə istifadəçiləri də Tofiq Yaqublunun azadlığa buraxılması üçün hökumətə çağırışlar edirlər. Ən əsası isə Tofiq Yaqublunun Qarabağ qazisi kimi həbsdən azad olunması istənilir.

Bu proseslərin fonunda bir sual yaranır ki, hökumət sosial şəbəkələrdəki çağırışlara reaksiya verərək Tofiq Yaqublunun azadlığa buraxılmasına razılıq verə bilərmi?

Mövzu ilə bağlı Musavat.com-a danışan deputat Elman Nəsirov deyib ki, hazırda Tofiq Yaqublunun Qarabağ qazisi olması, sosial şəbəkə istifadəçiləri üçün önəmli faktordur:

“Hesab edirəm ki, bu da təbiidir. Amma bir şeyi unutmaq olmaz ki, Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlətdə əsas prinsip qanunun aliliyidir. Tofiq Yaqublunun həbsi konkret olaraq, bir insidentlə bağlıdır. Məhkəmənin hökmü ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan hüquqi dövlətdir və bu hökmdən apellyasiya şikayəti vermək mümkündür. Bildiyim qədəri ilə, artıq apellyasiya şikayəti də verilib. Eyni zamanda, apellyasiya məhkəməsinin qərarından narazı qalarlarsa, Ali Məhkəməyə müraciət edə bilərlər”.

Elman Nəsirov Tofiq Yaqublunun formalaşan ictimai rəy əsasında azadlığa buraxılması ehtimalından da danışıb:
“Amma bir məsələ var ki, bir çox hallarda sosial şəbəkələrdə bu və ya digər məsələlərlə bağlı ictimai rəy formalaşır. Mən də bunu hiss edirəm ki, artıq ictimai rəy Tofiq Yaqublunun azadlığa buraxılması üzərinə daha çox köklənib. Bu diqqətdən yayınmır və hal-hazırda Tofiq Yaqublu, ilk növbədə aclıq aksiyasını dayandırmalıdır. Artıq onun fiziki mövcudluğu üçün ciddi təhlükə yarana bilər.
Hesab edirəm ki, ümumi ictimai rəy fonunda, Azərbaycanın hüquqi dövlət olması reallığında, digər məhkəmə instansiyalarının da mövcudluğu fonunda bu məsələlərə yenidən baxılması mümkündür. Eyni zamanda, ictimai rəyə uyğun qərarların qəbulu da mümkündür”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154024

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930