Qazaxda daha bir Körpələr Evi-Uşaq bağçası yenidənqurma və əsaslı təmirdən sonra uşaqların istifadəsinə verilib

03.05.2021 - 19:32

Bu gün tam əminliklə deyə bilərik ki, Qazaxda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması istiqamətində məqsədyönlü işlər görülür. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara, gənc və yeniyetmələrə göstərdikləri dövlət qayğısı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da əsas götürülür. Son illər rayonda dövlət başçısının qayğısı sayəsində körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün yaradılan şərait, bu sahədə görülmüş işlər, xüsusən də yeni məktəb binalarının tikilməsi, məktəbəqədər təhsil müəssisələrinin inşa olunması, əsaslı şəkildə yenidən qurulması bu sahədə görülmüş işlərin əyani sübutudur.

Ümumiyyətlə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən daim diqqət mərkəzində saxladığı bağça tikintisi və yaxud da əsaslı şəkildə təmir olunması, körpələr evi-uşaq bağçalarının müasir inventar və avadanlıqlarla təchiz edilməsi uğurla davam etdirilir.
Rayon rəhbərinin uşaqlara olan sonsuz diqqətinin, uşaq bağçalarının əsaslı şəkildə yenidən qurulması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin nəticəsidir ki, bu gün Qazaxda olan 25 məktəbəqədər təhsil müəssisəsindən 21-i tam müasir standartlara cavab verən səviyyədədir. Həmin təmirli şəhər bağçalarından 1,2,3,4,5,6 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Aşağı Salahlı, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 1,2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı Körpələr Evi-Uşaq bağçaları, Cəfərli, Canalı, Qazaxbəyli, Quşçu Ayrım və Bala Cəfərli kənd Uşaq bağçaları bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.
Yola saldığımız 2020-ci il Kosalar kənd 1 saylı Körpələr Evi-Uşaq bağçasının kollektivi üçün də uğurlu bir il oldu. Belə ki, tələbata cavab verməyən digər bağça binaları kimi 1 saylı bağçanın da əsaslı şəkildə yenidən qurulmasına başlanıldı.
Kosalar kəndində sayca üçüncü olan 35 yerlik Kosalar kənd 1 saylı Körpələr Evi-Uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması ölkə başçısının gələcəyimiz olan uşaqlara göstərdiyi qayğının Qazax rayonunda bundan sonra da uğurla davam etdirilməsi deməkdir.
Bu gün 35 yerlik Kosalar kənd 1 saylı Körpələr Evi-Uşaq bağçası yenidənqurma və əsaslı təmirdən sonra körpə fidanların istifadəsinə verilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, bağça kollektivi, valideynlər və uşaqlar tədbirdə iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək müqəddəs Ramazan bayramı və yeni bağçanın istifadəyə verilməsi münasibətilə valideynləri, bağçanın kollektivini, bütün kənd sakinlərini təbrik edib, xoş arzularını çatdırıb. Qeyd edib ki, bu gün istifadəyə verilən bu yeni bağça istər müəllimlər, istər valideynlər, istərsə də körpə balalar üçün bayram ərəfəsində əsl töhfədir.
İcra başçısı bildirib ki, bu gün ölkəmizdə Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən körpələrə hər cür diqqət və qayğı göstərilir. Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamı yeni bağçaların inşa olunaraq körpə balaların istifadəsinə verilməsində özünü aydın şəkildə göstərir. Çünki uğurlu təhsilin başlanğıcı məhz məktəbəqədər təhsil müəssisəsindən başlayır. Ölkə başçısının bu sahədə həyata keçirdiyi uğurlu siyasət respublikamızın bütün bölgələrində, o cümlədən də Qazaxda uğurla icra olunur. Dövlət başçısının bu istiqamətdə verdiyi tapşırıq və tövsiyələr, imzalanan çoxsaylı Sərəncamlar olduğu kimi həyata keçirilir.
Hər kəsə yaxşı məlumdur ki, fəaliyyətə başladığım ilk gündən qarşıma məqsəd qoymuşam ki, rayonda olan bütün bağçalar əsaslı şəkildə təmir olunmalı və bağçalarda hər cür şərait yaradılmalıdır. Çünki bizim fidan balalarımız hər şeyin ən yaxşısına layiqdirlər. Bu gün sevindirici haldır ki, biz illər öncə bu istiqamətdə işlərə başladıq və uğurla da davam etdiririk. Kosalar kəndində 3-cü bağçadır ki, bu gün tam müasir standartlara cavab verən səviyyəyə çatdırılaraq körpə fidanların istifadəsinə verilir.
“Bağçalarda yaradılan yüksək şərait və təchizat böyük şəhərlərdə olan bağçalardan heç də geri qalmır. Çalışacağıq ki, təmirə ehtiyacı olan digər bağçalar da əsaslı şəkildə təmir olunsun. Qarşımıza məqsəd qoyumuşuq ki, körpə fidanları, valideynləri, müəllimləri bundan sonra da sevindirək”, – deyən icra başçısı bu sahədə olan işlərin davam etdiriləcəyini qeyd edib.
Rayon rəhbəri bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, Qazax rayonunda uşaqlara və bağçalara göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir. Bunu istər bağçalardakı ərzaq təminatından, istərsə də yaradılan şəraitdən də aydın şəkildə görmək olar.
Sonda rayon rəhbəri bir daha yeni bağçanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, onlara səmərəli fəaliyyət arzulayıb və ən xoş arzularını çatdırıb.
Kosalar kənd sakinlərindən Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, şair Cavanşir Rüstəm, Əməkdar məşqçi Tariyel Nəsibov, valideynlərdən şəhid anası Zərnişan İsmayılova çıxış edərək dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini və son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini dilə gətiriblər. Qeyd ediblər ki, bu gün sevindirici haldır ki, paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə, o cümlədən də Qazaxda gələcəyimiz olan körpələrə belə diqqət və qayğı göstərilir. Bağçanın əvvəlki vəziyyəti ilə indiki dövrünü müqayisə edən çıxışçılar belə yüksək səviyyədə yaradılan şəraiti gələcəyimiz olan uşaqlarla bağlı atılan ən uğurlu addımlardan biri kimi qiymətləndiriblər. Qeyd ediblər ki, görülən bütün işlər bizi bir daha əmin edir ki, uşaqlarımızın gələcəyi əmin əllərdədir. Bütün bu işlərin təməlində isə Prezident İlham Əliyevin, Birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaqlara olan sonsuz diqqəti və qayğısı dayanır. Buna görə biz qazaxlılar da rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinə görə ölkə başçısına və siz rayon rəhbərliyinə minnətdarlığımızı çatdırırıq.
Son illər rayonda, eləcə də Kosalar kəndində daim yeniliklərin əyani şahidi olduqlarını qeyd edən kənd sakinləri kənddə fəaliyyət göstərən 3 uşaq bağçasının yüksək səviyyədə təmir olunmasını, məktəbin yenidən qurulmasını, yeni asfalt yolun çəkilməsini, eləcə də aparılan bütün abadlıq və quruculuq işlərini bu gün də yüksək qiymətləndirdiklərini vurğulayıblar. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd sakinləri adından bir daha təşəkkürlərini çatdırıblar. Yeni istifadəyə verilən Kosalar kənd 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri Şəfaqət Musayeva çıxış edərək qeyd edib ki, bu gün bu sevinc payından təkcə bağça işçilərinə deyil, bütün kənd sakinlərinə pay düşür. Bu sevinci isə bizlərə ölkə başçısı İlham Əliyev başda olmaqla rayon rəhbərliyi bəxş edir. Bağça müdiri onlar üçün yaradılan yüksək şəraitə və sonsuz qayğıya görə dövlət başçısına, rayon rəhbərliyinə kollektiv adından minnətdarlığını çatdırıb. Bundan sonra daha da məsuliyyətlə çalışacaqlarını və onlara göstərilən etimadı daim doğruldacaqlarını bildirib.
Bağçada tərbiyə alan uşaqlar şeirlərini səsləndirdikdən sonra uşaq bağçası binasının rəmzi açılışını bildirən qırmızı lent kəsilib. Sonra tədbir iştirakçıları əsaslı şəkildə yenidən qurulan bağça ilə tanış olublar. Bağçada yaradılan şərait tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Məlumat üçün qeyd edək ki, istifadəyə verilən 35 yerlik Kosalar kənd 1 saylı Körpələr Evi-Uşaq bağçasında bir böyük və bir kiçik qrup fəaliyyət göstərəcək. Bağçada yüksək səviyyədə müdir otağı, qrup otağı, yataq otağı, camaşırxana, anbar və əlavə olaraq mətbəx də inşa olunub. Bundan əlavə, hər qrup üçün ayrıca sanitar qovşağı yaradılıb. Bağça müasir istilik sistemi ilə təmin olunub. Yeni bağça müasir avadanlıqlarla da təchiz edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=163066

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930