Cavid Qurbanovun Federasiyadakı qohumlarının əməkhaqlarına 3 klub saxlamaq olar – İntizar Məmmədova

13.01.2023 - 09:03

“Yeganə klub rəhbəri mənəm ki, mütəxəssis və Azərbaycanın Əməkdar Məşqçisi olmağıma rəğmən, məni düz 9 aydır əmək haqqından məhrum ediblər. Cavid Qurbanov AVF-nı maliyyələşdirmək adı altında, sadəcə, öz qohum-əqrəbasını saxlayır”.

Bu sözləri Tribunainfo.az-a ünvanladığı şikayət məktubunda “Express Baku” voleybol klubunun direktoru, ömrünün 44 ilini ölkədə voleybolun inkişafına həsr etmiş təcrübəli mütəxəssis İntizar Məmmədova qeyd edib. Klub direktoru ona qarşı olan haqsızlıqdan gileylənib:

“Mən 1978-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının voleybol üzrə məşqçilik fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 20 il ölkəmizin ali məktəblərinin birində Bədən tərbiyəsi və idman kafedrasında baş müəllim, 2001-2010-cu illərdə “Azərneft” voleybol klubunda təlimatçı kimi çalışmışam. 2011-2014-cü illərdə Azərbaycanın kişilərdən ibarət voleybol üzrə millisinə rəhbərlik etmişəm. 2014-cü ildə “Express Baku” voleybol klubunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti F. Qarayevin göstərişi ilə yaratmışam və klubun direktoruyam. İstedadlı gənclərin voleybola cəlb olunmasında zəhmətim az olmayıb.
2022-2023-cü il Voleybol çempionatı 15 dekabr 2022-ci ildə start götürüb.


Rəhbərlik etdiyim “Express Baku” voleybol klubu artıq 8-9 ildir ki, Azərbaycan çempionatında çıxış edir. Klubun tərkibində daim gənc və perspektivli oyunçular olub. 2022-ci ilin iyul ayında Azərbaycan Voleybol Federasiyasında (AVF) keçirilən iclasda Express Baku VK-nun növbəti oyun mövsümündə iştirak etməyəcəyi kiminsə tərəfindən səsləndirilmişdir. Əlbəttə ki, mən həmin iclasa dəvət olunmamışdım və onların bu qərarını başqa insanlardan eşitdim. Voleybol rəsmilərinin bu qərarının əsl motivi mənə gün kimi aydın idi – onların başlıca məqsədi, “Express Baku” voleybol klubunu yenidən dağıtmaq (bu artıq sayca dördüncü təxribat idi) və oyunçuları “oğurlamaq” idi”. Mən bununla əlaqədar Cavid Qurbanovla görüşməyi qərara alıb. Lakin bütün səylərim boşa çıxdı. 2022-ci ilin avqust-sentyabr ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qəbul otağında qəbula yazılmağıma baxmayaraq, Cavid Qurbanov nə məni qəbul etdi, nə də qulaq asdı. Mən bununla əlaqədar olaraq, dörd ay müddətində dəfələrlə Federasiyada oldum, vitse-prezident Faiq Qarayevlə, baş katib Fərid Xəlilovla görüşdüm. Lakin mənə yalnız bir söz deyilirdi: pul yoxdur. Onların sözlərinə görə, Cavid müəllim deyib ki, o ancaq iki klubu – “Azərreyl” və “Murov” klublarını və Federasiyanı saxlamaq imkanındadır. Yerdə qalan digər klublara isə onun pul ayırmaq fikri yoxdur. Federasiyadan mənə belə dedilər ki, mənim klubum bu mövsüm Birinci Liqada oynasın. Bilirsiniz niyə? Çünki Birinci Liqaya ümumiyyətlə pul ayrılmır”.

İ. Məmmədova oyunçuların “oğurlanması” məsələsinə də aydınlıq gətirib:

“Ümumiyyətlə həmişə belə olub, Azərbaycan çempionatının istər Birinci Liqa, istərsə də Superliqa yarışlarında iştirak edərkən, klubumuzun 15-16 nəfər oyunçusu meydançada görünürdü və bu hər kəsdə təəccüb və maraq yaradırdı ki, İntizar xanım bu qədər oyunçunu hardan tapa bilib? Keçən mövsüm Superliqa yarışları başa çatdıqdan sonra klubun 2 nəfər oyunçusu – Əliyev Rəşad və Mustafayev Ələsgər millinin heyətinə dəvət olundular və bir müddət Milli yığmanın tərkibində təlim-məşq toplanışında iştirak etdilər. Hal-hazırda həmin oyunçular və bundan əlavə daha 3 nəfər oyunçu mənimlə heç bir söhbət aparılmadan və mənə məlumat verilmədən “Neftçi” voleybol klubuna aparıldılar. Həmin 5 oyunçudan iki nəfərinin boyu 200 sm-dir. Azərbaycan voleybolunda belə ucaboylu neçə oyunçu var? Daha bir oyunçum isə, ”Xarıbülbül” klubuna mənim razılığım olmadan getdi. Mən məsələ ilə əlaqədar, dəfələrlə Neftçi İdman Sağlamlıq Mərkəzinin rəhbəri Sadıq Sadıqova müraciət etdim və oyunçuların bu şəkildə getməsinə öz etirazımı bildirdim. Ən azından oyunçunun bir klubdan digər kluba keçməsi reqlament ilə nizamlanır. Əlbəttə ki, sözügedən hadisələrin bu cür qeyri-qanuni şəklidə cərəyan etməsində AVF-nın da böyük günahı var. Çünki onlar öz yazdıqları və qəbul etdikləri reqlamentə hörmət etmirlər. Bu oyunçu oğurluğu deyilsə, bəs nədir?”
Məşqçi klubuna qarşı qərəzli mövqe sərgiləndiyini bildirib:
“Mən uzun illər bu oyunçularla işləmişəm. Hətta əmək haqqı almadığım dövrlərdə belə, mən həmin oyunçuları klubda saxlamağı bacarmışdım. 8 il iştirak etdiyim çempionatda, klubumuza ayrılan vəsait çox cüzi olub və bu ancaq 3-4 mövsümü əhatə edib. Təsəvvür edin ki, mənə ayrılan vəsait 2019-2020-ci il oyun mövsümündə cəmi 4 000 AZN olub. İndi mən Cavid Qurbanovdan soruşuram, Azərbaycanda hansı komandalı idman növündə 4 000 AZN-ə klub maliyyələşdirirlər? Xahiş edirəm, Cavid Qurbanov mənim bu sualımı cavablandırsın.
Hal-hazırda AVF-da vəzifə tutan rəhbər işçilərin və klub rəhbərlərinin əmək haqqları 5 000 AZN təşkil edir. Yeganə klub rəhbəri mənəm ki, mütəxəssis və Azərbaycanın Əməkdar Məşqçisi olmağıma rəğmən, məni düz 9 aydır ki, əmək haqqından məhrum ediblər. “Azərreyl” VK-nun prezidenti Dağıstan Hüseynov, “Murov” VK-nun prezidenti Zaur Musayev, “Abşeron” VK-nun prezidenti İlkin Qasımov, həmçinin federasiyanın 70 yaşlı vitse-prezidenti Əbülfəz Hüseynov, adlarını çəkmək belə istəmədiyim şəxslər Cavid Qurbanovun qohum-əqrəbası, yaxın adamlarıdırlar və Azərbaycan Voleyboluna heç bir aidiyyatı olmayan insanlardır. Bu insanların əksəriyyəti banklardan, restoranlardan, nə bilim barlardan Voleybol Federasiyasına təşrif buyuraraq, Federasiyada yüksək əmək haqqı alırlar. Buradan da bu qənaətə gəlmək olur ki, Cavid Qurbanov AVF-nı maliyyələşdirmək adı altında ,sadəcə, öz qohum-əqrəbasını saxlayır.
Təkcə yuxarıda qeyd etdiyim şəxslərin əmək haqqlarını bir yerə toplasaq, bu pullarla 3 klubu maliyyələşdirmək olar”.

İntizar xanım, keçən il Fərid Xəlilovun AVF-nın baş katibi vəzifəsinə seçilməsinə də toxunub:
“Əvvəla qeyd edim ki, onu heç kim Voleybol Federasiyasına baş-katib vəzifəsinə seçməyib. F.Xəlilovun da voleybola heç bir aidiyyatı yoxdur. Onun adamı Azərbaycan Dəmir Yolları QSC-nin sədr-müavini Vüsal Aslanovdur. F.Xəlilov məhz bu insanın vasitəsi ilə AVF-nın baş katibi vəzifəsinə keçib. Avropa ölkələrinin Voleybol Federasiyalarında Baş katib vəzifəsini icra edən şəxslər ictimai əsaslarla işləyirlər. Avropa Voleybol Federasiyalarında bu qədər yüksək əmək haqqını vitse-prezidentlər belə almır. Avropada əsas güc, yəni maliyyə vəsaitləri klublara yönləndirilir. Çünki uşaqlar, yeniyetmələr və gənclər klublarda yetişir və sonradan Milli komandalarında formalaşırlar. Bizdə isə bu tam əksinədir. Soruşa bilərsiniz, mən bunları hardan bilirəm? 2011-2014-cü illərdə mən kişilərdən ibarət Milli komandaya rəhbərlik edərkən, dəfələrlə Avropanın müxtəlif şəhərlərində keçirilən tədbirlərdə iştirak etmişəm. Görüşdüyüm insanlarla ünsiyyət qurmuşam, onlarla ölkə federasiyaları və klublar haqqında məlumat toplamışam.
Yeri gəlmişkən deyim ki, AVF-nın baş katibi F. Xəlilov bu vəzifəni ələ keçirdikdən sonra özünə 5 000 AZN maaş təyin edib. Hətta sürücüsünə təyin etdiyi əmək haqqı, bizim Voleybol Federasiyasının bəzi əməkdaşlarının əmək haqqından qat-qat yüksəkdir.
Federasiyaların baş katibləri adətən bütün təşkilati işləri aparan, demək olar ki, bu qurumların “çalışan beyinləri” hesab olunurlar. Onlar qurumlarda bütün problemləri həll edən, hər bir məşqçi, oyunçu və klub rəhbərinə öz kömək əlini uzadan şəxslərdirlər. AVF-nın baş katibi F.Xəlilov isə ancaq öz mənfəətini güdən şəxsdir. Bu belə olmasa idi, o, özünə maliyyəçi adı qoyaraq, klublara ayrılan pullarla öz şəxsi problemlərini həll etməzdi”.

Şikayətçi bildirib ki, maliyyə vəsaiti üçün klub rəhbəri kimi digər qurumlara da müraciət edib:

“Hələ sentyabr ayının əvvəllərində mən maliyyə məsələsi ilə əlaqədar olaraq bir neçə iş adamına məktub vasitəsilə müraciət etdim. Lakin nəticəsiz qaldı. “Express Baku” VK-nun tərkibinin əsasən yeniyətmə və gənc oyunçulardan ibarət olmasını nəzərə alaraq, Elm və Təhsil naziri Emin Əmrullayeva məktub göndərdim və həmin məktubda əsaslandırdım ki, klubumuzun üzvləri içərisində həm yuxarısinif şagirdləri, həm də ali məktəbin birinci – ikinci kurs tələbələri vardır. Amma 29.11.2022-ci il tarixində nazirliyin 07-7-2036/10 saylı məktubu ilə mənə bildirildi ki, nazirliyin xərclər smetasında sponsorluq məqsədi üçün vəsait nəzərdə tutulmamışdır. Mən bu məktubu alandan sonra, öz-özümdə belə qənaətə gəldim ki, cənab Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyasının prezidenti vəzifəsini icra edir. Heç bir basketbol klubu Cavid Qurbanova məktub yazıb, ondan köməklik istəmir və bütün bu işlərə cavabdehlik daşımalı olan və mənim federasiyamın prezidenti Cavid Qurbanov olan yerdə, mənim Emin Əmrullayevdən umacağım nə ola bilər ki? Bundan sonra isə, noyabr ayının əvvəlində Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbovun qəbulunda oldum və 2 həftə sonra nazir müavini Mariana Vasileva özü də məni qəbul etdi. Həm Fərid müəllim, həm də Mariana xanımın yanında olarkən, mən onlara ailə durumumun və mənzil şəraitimin ağır olması barəsində məlumat verdim. Həmçinin klubun problemi haqqında da onları məlumatlandırdım. Mənzil şəraitimin ağır olması ilə əlaqədar, mən hələ 2022-ci ilin fevral ayında cənab Prezident İlham Əliyeva məktub göndərmişdim. Həmin məktubda, Azərbaycan idmanında 44 illik zəhmətimin olduğunu və mənzil şəraitimin yaxşılaşdırılması üçün köməklik göstərilməsini xahiş etmişdim. Mən Fərid müəllimin qəbulunda olarkən, Prezident Administrasiyasından köməklik göstərilməsi üçün nazirliyə daxil olan məktub barəsində onlar artıq məlumatlı idilər. Ancaq nə fayda? Nə mənim klubuma vəsait ayrıldı, nə də mənim mənzil şəraitim yaxşılaşdırıldı. Cənab nazir qəbulda əyləşmiş bütün komissiya üzvlərinin yanında mənə bildirdi ki, Faiq Qarayev kimə desə, mənzili ona da verəcəyik. Həqiqətən də belə oldu”.

Məşçi qeyd edib ki, Cavid Qurbanov federasiya prezidenti seçildiyi gündən bir dəfə də onun klubu və oyunçuları ilə maraqlanmayıb:

“Cavid Qurbanov, Azərbaycan Voleybol Federasiyasına prezident seçildiyiniz 6-7 il ərzində Siz heç zaman gənc klub olan “Express Baku” VK-nun nə oyunçuları, nə məşqçilərinin problemləri ilə heç vaxt maraqlanmamısınız. Baxmayaraq ki, bu, federasiya prezidenti olaraq Sizin vəzifə borcunuz idi. Dəfələrlə Sizə yazdığım məktublar, müraciətlər cavablandırılmadı. Əksinə, Sizin adamlarınız tərəfindən mənə qarşı olan təzyiqlər getdikcə daha da şiddətlənirdi. Bugün də həmin vəziyyət davam edir. Bir şeyi yaddan çıxarmayın ki, nə mən, nə də mənim oyunçularım erməni deyilik. Sizin qohum-əqrəbanız və adamlarınız AVF-da yaxşı yerləşib, qazandığı pullar sayəsində istədiyi kimi yaşayırlar.Lakin elə fikriləşməyin ki, voleybol aləmində olan başqa mütəxəssislərin də işi əla gedir. Əgər bir Federasiya prezidenti kimi, tutduğunuz vəzifəni icra edə bilmirsinizsə, çox xahiş edirəm ki, tutduğunuz vəzifəni tərk edin. İnanın ki, bu təkcə mənim yox, əsl voleybol ailəsinin çoxdankı arzusudur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib demək istərdim ki, mən uzun illər öz işimi sədaqətlə və qüsursuz icra etmişəm. 44 illik zəhmətimin bəhrəsində gördüyüm yeganə mükafat, Azərbaycan Respublikasının Əməkdar məşqçisi adının mənə verilməsi olub. Və buna görə də mərhum nazirimiz Azad Rəhimova minnətdaram. Rəhbərlik etdiyim klubun oyunçuları öz vətənpərvərliyi ilə həmişə seçilib. 44 günlük Vətən Müharibəsində klubumuzun yetirməsi olan Rzayev Laçın Daxili Qoşunların tərkibində, klubun oyunçusu Hidayətzadə Elvin isə Milli Ordunun tərkibində böyük döyüş yolu keçmiş və cənab Prezident, Sizin sərəncamınızla medallarla təltif olunmuşlar.
Voleybolda olduğum 44 il ərzində gənclərlə işlədim, onları vətənpərvər ruhda tərbiyə etdim , vətən sevgisi aşıladım və buna nail oldum.Yuxarıda qeyd etdiyim iki yetirməm buna bariz nümunədir.Təəssüf ki, bu illər ərzində yalnız və yalnız haqsızlıqlarla qarşılaşdım, aldadıldım”.

Yazıda adı çəkilənlərin mövqeyini dərc etməyə hazırıq.

Tribunainfo.az

         

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187167

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031