Məmurların taleyi Məleykə Abbaszadəyə tapşırıldı- reaksiyalar

15.07.2017 - 16:05

Fazil Mustafa: “Burada publik hüquqi şəxs kimi Dövlət İmtahan Mərkəzinin nə iş görəcəyi mənə aydın deyil”

Dövlət İmtahan Mərkəzinin (DİM) səlahiyyətləri artırılıb. Bununla bağlı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunda dəyişiklik edilib. Prezident İlham Əliyev “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 686-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 614 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında qanun imzalayıb. Dəyişikliyə əsasən, dövlət qulluğuna yeni qəbul qaydalar, sertifikasiya prosesi, dövlət xidmətlərinin çatdırılması, antikorrupsiya təşəbbüsləri, dövlət qulluqçularının reyestrinin aparılması qaydaları, bu zaman yaranan problemlər və onların həlli istiqamətində görüləcək işlər, dövlət qulluğuna qəbul ilə bağlı elektron imtahanların təşkili DİM-ə tapşırılıb.

Həmçinin, Azərbaycan dövlət orqanlarında çalışan dövlət qulluqçularının etik davranışlarına əməl olunmasına nəzarəti DİM edəcək.

Bundan sonra vətəndaşlar dövlət məmurlarının qeyri-etik davranışlarından DİM-ə şikayət edə bilərlər. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadədir.

Bəs görəsən, yeni qaydalar məmur-vətəndaş münasibətləri ilə bağlı müsbət bir yeniliyə gətirib çıxaracaqmı? Bu qanunun tətbiqi mexanizmi nə dərəcədə realdır?

“Yeni Müsavat”ın sualını cavablandıran Milli Məclisin deputatı Fazil Mustafa məmurların vətəndaşlarla davranışında etik pozuntuların olduğuna diqqət çəkərək bu məsələdə tənzimləyici bir qurum olmasını müsbət hal adlandırdı: “İstənilən vətəndaşın məmurların davranışına görə müraciət etmək hüququ var. Burada hər hansı problem yoxdur. İstənilən vətəndaş məmurun əməllərindən şikayət verə bilər. Bunun üçün ayrıca bir qurum nəzərdə tutulmaya da bilər. Sadəcə, vətəndaşların bu məsələdə fəallığı əsas məsələdir. Əgər vətəndaşlar bu məsələdə fəal olmasalar, istənilən qurumun səlahiyyətlərinin artırılması bürokratik mexanizm olmaqdan başqa bir işə yaramayacaq. Ona görə də, mənim fikrimcə, məmurların etik davranış qaydaları haqqında qəbul olunan qanuna hər hansı bir şəkildə əməl olunsa, bu problemlərin böyük əksəriyyəti həllini tapar. Vətəndaşdan şikayət daxil olarsa, Dövlət İmtahan Mərkəzi həmin məmur haqqında istənilən tədbiri görə bilər. Həmin şəxsi vəzifəyə təyin edən orqanların bu məsələdə məsuliyyəti var. Ona görə də onlar bu məsələyə nəzarət etməlidirlər”.

Fazil Mustafa qanunun işlək mexanizminin olmasına ümid etdiyini bildirdi: “Qanunların icrasında onsuz da problemlər var. Ona görə də buna təminat vermək çətindir. Çalışmalıyıq ki, qanunun icrası ilə bağlı problemlər həllini tapsın”.
Fazil Mustafa məmurların vətəndaşlarla davranışında neqativ halların olduğuna diqqət çəkərək, buna qarşı mübarizə aparılmasının vacibliyindən danışdı: “Xoşagəlməz hallar olduqca çoxdur və bunu aradan qaldırmaq vacibdir. Əks halda, özbaşınalıq baş alıb gedir”.

Hüquqşünas Ələsgər Məmmədli isə “Yeni Müsavat”a danışarkən qeyd etdi ki, DİM-in bu məsələdə nə kimi rol oynayacağı aydın deyil: “Dövlət İmtahan Mərkəzi bir pablik hüquqi şəxsdir və dövlət qurumu deyil. Belə bir qurumun dövlət məmurunun etik davranışından məsul olması mənə aydın deyil. Ümumi götürdükdə, ”Dövlət Qulluğu Haqqında” Qanuna görə, dövlət məmurlarının etik davranış məsuliyyəti var və bununla bağlı etik davranış kodeksləri də var. Bu həm qanunvericilikdən doğan bir öhdəlikdir, həm də mənəvi baxımdan, dövlət məmurunun daşıdığı missiya baxımından mənəvi bir öhdəlikdir. Əgər dövlət məmuru etik davranış kodekslərini pozan, məmura yaraşmayan bir hərəkət edirsə, qanunun tələbinə görə, əməlinin dərəcəsinə görə töhmət ala və ya vəzifəsindən uzaqlaşdırıla bilər. Amma burada publik hüquqi şəxs kimi Dövlət İmtahan Mərkəzinin nə iş görəcəyi mənə aydın deyil”.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=96613

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930