Türkiyədə kütləvi vaksinasiya başlayır – pandemiya zəncirini qırmağın iki yolu
Azərbaycanda koronavirusa yoluxanların sayı azalmaq əvəzinə artmaqda davam edir. Yazını hazırladığımız zaman ölkədə aktiv xəstə sayı 61089 nəfərə çatmışdı. Sutka ərzində 18006, hazırkı dövrədək isə 1 902 584 test aparılıb. Ümumi ölənlərin sayı 1793 nəfərdir. Yoluxanların sayı 162774 nəfər, ümumi sağalanların sayı isə 99 892 nəfərdir.
Son günlər koronavirusla mübarizə aparmağın ən effektiv iki yolu kimi sərt karantin rejimi və vaksinlərin tətbiqi göstərilir. Artıq dekabrın 14-dən etibarən ölkə üzrə sərt karantin rejimi tətbiq ediləcək. Bəs vaksinlər nə zaman gətiriləcək?
Yeri gəlmişkən, bu gündən Türkiyədə kütləvi vaksinasiya başlayır. Çindən 50 milyon doza “Sinovac” sifariş edilib. Pulsuz vurulacaq.
“Sinovac” yan təsiri olmayan vaksindir. Onun hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.
Nanyanq Texnoloji Universitetinin tədqiqatçısı Luo Dahai BBC-yə müsahibəsində bildirib ki, “Sinovac” vaksini digər bir sıra xəstəliklərə qarşı da uğurla istifadə olunan peyvəndlərdən biridir.
O da vurğulanır ki, “Sinovac” vaksininin əsas üstünlüklərindən biri onun adi soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bilməsidir. “Sinovac” peyvəndinin əksər ölkələr üçün daha əlverişli olduğu qeyd edilir.
Bəs Azərbaycanlı infeksionist və virusoloqlar nəticələri necə proqnozlaşdırır? Vaksin bu dəfə virusla mübarizədə nəticə verəcəkmi?
Bizimlə söhbətdə infeksionist-hepatoloq Mərdan Əliyevin bildirdi ki, Çinin “Sinovac” vaksininin təxminən 85- 87 faiz effektivdir: “Bu, o deməkdir ki, 100 nəfərdən 85-də davamlı immunitet əmələ gələcək. Bu yaxşı nəticədir, əslində. Amma digər peyvəndlər də var. Misal üçün, “Pfizer”in daha effektli, 95 faiz təsiri olduğu deyilir. “Sinovac” peyvəndinin də çox böyük effekt verəcəyi gözlənilir. 85 faiz az rəqəm deyil. Zənnimcə, yoluxma zəncirini qıra bilər. Əsas da indiki məqamda buna nail olmaq lazımdır. Bizim ölkədə də olması vacibdir. Əgər peyvəndlərin vurulmasına indi başlayırlarsa, bu müəyyən vaxt alacaq. Yəqin ki, bir ay ərzində vaksinasiya bitər. Ondan sonra nəticəni görəcəyik. Pandemiyalarda ən effektiv rol vaksinasiyanın tətbiqi, bir də gigiyena qaydalarına riayət etməkdir. İnsanlar qaydalara əməl etmədilər, inzibati tədbirlər də təsir etmədi, ona görə də bütün epidemiyalarda ən uğurlu yol vaksinasiya sayılır”.
Həkim-ekspert Adil Qeybulla isə dedi ki, vaksinasiya pandemiya ilə mübarizədə vasitələrdən biridir: “Vaksinasiya bu zənciri qırmaq üçün indiki dövrdə effektiv vasitə sayıla bilər. Amma istənilən halda vaksinasiya məsələnin həlli demək deyil. Vaksinasiyadan sonra nə baş verəcək, problem hansı şəkildə həll olacaq, demək çətindir. Çünki sonra müxtəlif paradoksal reaksiyaların olması da mümkündür. Bundan sonra müəyyən ştamlara qarşı təkrar xəstələnmə riskinin olması da mümkündür. Rəsmi məlumata görə, dünya əhalisinin təxminən 4 faizi xəstələnib, bu böyük rəqəmlər deyil. Vaksinasiya ilə yanaşı, aparılan tədbirlərlə yanaşı bu xəstəlikdən qorunmaq mümkündür. İlk olaraq karantin davranışlarına ciddi əməl edilməlidir. İnsanların təsəvvürləri düzgün olmalıdır. Formal yox, maskadan düzgün istifadə edilməlidir. Məsafə gözləmək, əlləri tez-tez dezinfeksiya etmək lazımdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=158333