Bakıda sərt karantinin 3-cü günü: əməkdaşımız paytaxtda nələr gördü? – reportaj
Yollarda seyrəklik müşahidə olunur, tıxaclar olmasın deyə hər addımda post qurulmayıb, bəzi xidmət sahələri iş başındadır…
Bakıda pandemiya səbəbindən tətbiq edilən sərt karantin rejiminin üçüncü gününü yaşayırıq. Dekabrın 14-dən etibarən Bakı, Abşeron, Sumqayıt və bir sıra rayonlarda infeksiyaya yoluxmanın qarşısını almaq məqsədilə gündə cəmi 3 saatlıq yaşayış yerini tərk etmək icazəsi verilir. Bəs hazırda vəziyyət necədir, hansı çətinliklər yaranıb, nələr dəyişib?
Bu suallara cavab tapmaq üçün karantin rejimində paytaxtdakı ümumi ab-havanı müşahidə etmişik. “Yeni Müsavat” xəbər verir ki, sərt karantin rejimi yollarda seyrəkliyə səbəb olub. Bununla belə avtobuslar, taksilər və fərdi maşınlar daim hərəkətdədir. Yəni aprel karantini ilə müqayisədə indi canlanma daha çox müşahidə edilir. Baxmayaraq ki, bir çox xidmət sahələri fəaliyyətini dayandırıb, iş yerləri bağlanıb, yenə də şəhər tamamilə sükuta qərq olmayıb.
Məsələn, avtoyuma məntəqələri, maşın təmiri sexləri, qəssabxanalar, kiçik meyvə-tərəvəz dükanları, o cümlədən marketlər və apteklər açıqdır. Küçələrdə hərəkət edən adamlar da az deyil. Sadəcə, əvvəlki kütləvilik gözə dəymir. Onu da deməliyik ki, heç də şəhərin hər küçəsində, prospektində, hər qarışında polis postları qurulmayıb. Bu, tıxacların yaranmamasına görə nəzərə alınıb.
Amma həm DYP, həm PPX əməkdaşları vətəndaşların SMS icazəsi olub-olmadığını yoxlayırlar. Həmçinin metronun “Koroğlu” stansiyası yaxınlığından mərkəzə doğru istiqamətdə, o cümlədən Ziya Bünyadov prospektində, “20 Yanvar” dairəsi yaxınlığında polis postlarına rast gəlmək olar.
Sürücülər də razılıq edirlər ki, hər yerdə postların olmaması onların işini asanlaşdırır, tıxaclara, gözləmələrə səbəb olmur. Ancaq vətəndaşlar bundan sui-istifadə etməməli, ehtiyac olmadığı halda küçəyə çıxmamalı, SMS icazə ilə hərəkət etməlidirlər. İstənilən an marketdə, yollarda reyd keçirilə, yoxlanış aparıla bilər, arxayınlaşıb SMS yazmayan şəxs cərimə oluna bilər.
Apardığımız müşahidələr zamanı onu da gördük ki, əksər kafe-restoranlar bağlansa da bəziləri onlayn xidmətə üstünlük verirlər. Xüsusən ayaqüstü yeməklər hazırlayan kafelər onlayn sifarişlər qəbul edir. Eyni xidməti avtomobil ehtiyatı hissələri satan dükanlar da göstərir. Amma bütövlükdə Bakıda həyat xeyli dərəcədə dayanıb. Parklar, meydanlar vətəndaşların üzünə açıq olsa da, polis əməkdaşları keşik çəkir, icazəsi olub-olmayanları yoxlayırlar.
Əlbəttə, sorğumuzu cavablandıran Bakı sakinləri arasında sərt karantin rejimindən narazı qalanlar da az deyil. Onların sözlərinə görə, xəstəliklə mübarizədə bu üsullar sınaqdan keçirilib, ciddi təsiri olmayıb. Ancaq bunu deyən insanlar unudurlar ki, apreldə tətbiq edilmiş sərt karantin mayda müsbət effekt vermişdi. İndi də ümid edilir ki, yanvarın 18-dən sonra yaxşı nəticə əldə etmiş olacağıq.
Bu səbəbdən vətəndaşlar evlərdə gərək toplaşmasınlar, ad günü məclisləri təşkil etməsinlər, zəruri ehtiyaclarını marketdən alıb evə qapansınlar. Bundan əlavə, sərt karantin rejimi taksi sürücülərinin işinə yarayıb. Hazırda taksilərə tələbat artıb. Ən əsası həftəsonu ikiqat ehtiyac olur. Bu da qiymətlərə təsir edir.
İctimai nəqliyyata gəlincə, SMS icazəsi olmayan sərnişinlər hər an hansısa dayanacaqda polis tərəfindən cərimələnə bilər. Ona görə avtobuslarda seyrəklik gördük, basabas, dayanacaqlarda gözləmələr demək olar yoxdur.
Yeri gəlmişkən, vətəndaşların bilmərrə olaraq tibbi maska taxdığını söyləmək olar. İlin ortalarında maska taxmayanlarla bağlı görülən tədbirlər, maarifləndirici iş, o cümlədən xəstəliyin artmasına görə yaranmış qorxu insanlarda məsuliyyət hissini artırıb.
Şəhəri gəzərkən əksəriyyətinin tibbi maskadan istifadə etdiyini gördük. Deməli, əhali gedişatın ciddiliyini, yoluxma riskinin hamını gözlədiyini dərk edir. Üstəlik, peyvəndlərin nə zaman gətiriləcəyi, tətbiq olunacağı bilinmir.
Bu mövzuda TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva «Trend»ə deyib ki, COVİD-19-a qarşı vaksinlər öz təsdiqini tapsa belə, onların kütləvi şəkildə istehsalına 2021-ci ilin əvvəllərində başlanılacaq və ilin ortalarına, axırlarına doğru ölkələrə paylanılacaq.
Onun sözlərinə görə, hazırda dünyada koronavirusa qarşı vaksinin hazırlanması prosesi davam edir: “Ümidverici 11 vaksin var ki, onlar hazırda 3-cü sınaq mərhələsindədirlər. Sınaq mərhələləri bitdikdən sonra növbəti mərhələ kütləvi istehsalın başlanılması və ölkələrə paylanılmasıdır. Vaksinlərin paylanması, hansı ölkəyə nə zaman çatacağı – bütün bunlar uzun bir prosesi əhatə edir”.
N.Mustafayeva bildirib ki, Azərbaycanın ölkəyə gətirdiyi peyvəndlər qrip əleyhinədir: “Bu vaksinasiya insanlar koronavirusa yoluxarkən əlavə olaraq, qripə də yoluxmasın deyə edilir ki, bununla da səhiyyənin yükü azaldılır. Bu təhlükənin qarşısının alınması üçün ölkəyə kütləvi şəkildə belə peyvəndlər gətirildi. Yaş faktoru nəzərə alınmaqla, hər kəs, xüsusilə xroniki xəstəliyi olanlar sahə poliklinikalarına müraciət edərək peyvənd oluna bilər”.
N.Mustafayeva əlavə edib ki, hazırda vaksin olmadığı üçün insanlar tibbi maskadan düzgün istifadə etməlidirlər. Əgər maskadan düzgün istifadə edilərsə, o, insanı virusdan qoruya bilər.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Fotolar müəllifindir






Short URL: http://www.cumhuriyyet.net/?p=158482