Hərbi rejimə ciddi əməl edirdilər, karantin qaydalarını isə pozurlar – səbəb…
Pandemiya nə qədər can alsa da, yoluxma hallarının sayı pik həddə çatsa da, təəssüf ki, bu bütövlükdə insanların davaranışına kəskin şəkildə təsir etmir. Yenə karantin qaydalarını pozanlar, ad günü, nişan məclisləri keçirənlər, tibbi qaydalara əməl etməyənlər var. Lakin o da sirr deyil ki, 44 günlük müharibə dövründə insanlar hərbi rejimin tələblərini nəinki pozmur, hətta bütün qaydalara ciddi şəkildə əməl edirdilər. Cəmiyyət bütün qadağalara boyun əyir, hətta internetin məhdudlaşdırılmasına da səsini çıxarmır, müharibə dövrü üçün nə lazımdırsa, əməl edəcəyik deyirdilər. Lakin savaş kimi koronavirus pandemiyası da dövlətimiz, cəmiyyətimiz üçün vacib məsələdir, təhlükəsizlik və sağlamlıq məsələsidir. Burada cəmiyyətin bir çox üzvlərindən öncəki fədakarlığı görmürük. Bu durumun səbəbi nədir?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan millət vəkili Fazil Mustafa bildirdi ki, insanlar gözlə görünən təhlükələrə qarşı daha həssas davranırlar: “Ancaq görünməyən təhlükədən bir o qədər narahatlıq keçirmirlər. Azərbaycanda hazırda koronavirus təhlükəsi davam edir, hər kəsin yaxınlarından, qohumlarından rəhmətə gedən var. Ancaq yenə də bu durumu ciddiyə almırlar. Elə ciddiyə almadıqlarına görə də, bu məsələdə hər zaman problemlər yaşanır. Yeri gəldi-gəlmədi hamı şəhərə axışır, işi olsa da, olmasa da, hamı tıxac yaratmağa gedir. Bu məsələdə insanların bir ümumi mədəni baxışının olması vacibdir. Bu olmadıqda təkcə qayda-qanunla tənzimləmək mümkün deyil. İnsanları ancaq təbliğat və təşviqatla bu məsələyə alışdırmaq lazımdır. Biz cəmiyyət olaraq təbliğat işini gücləndirməliyik. Qanunla məsələni nə qədər sərtləşdirsək də bunun bir faydası olmur”.
Fazil Mustafa: “İnsanlar gözlə görünən təhlükələrə qarşı daha həssas davranırlar”
Müharibə dövründə insanların qadağa və məhdudiyyətlərə daha ciddi əməl etməsinə gəlincə, deputat qeyd etdi ki, bu vətənpərvərliklə bağlı deyil: “Vətənpərvərliyə hər zaman təbii kateqoriya kimi deyil, bəzən süni kateqoriya kimi baxılır. Ona görə də bəzi insanların karantin qaydalarına əməl etməməsini mədəni problem kimi dəyərləndirmək lazımdır. Çünki burada birbaşa başqasının sağlamlığına ziyan vuracaq davranışdan söhbət gedir. Hər bir insanın davranışı başqasına zərər yetirməməlidir. Bunu anlayan insan heç zaman qaydaları pozaraq başqasının həyatına zərər vurmağa maraq göstərməz. Bizdə isə xəstə insanlar belə taksiyə, avtobusa minir, mağazaya gedir və başqaları üçün yaratdığı təhlükəni nəzərə almır”.
Psixoloq Elnur Rüstəmov da “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki pandemiyanı nəzarətdə saxlamaq üçün bütün dünyada tətbiq olunan karantin rejimi, səyahətlər üzrə qadağalar və sosial məsafəni qoruma tədbirləri iqtisadi və sosial həyatı yenidən formalaşdırdı: “Əvvəllər gündəlik etdiyimiz müəyyən fəaliyyət növləri yenidən sərhədlərini müəyyənləşdirdi və yeni sosial normalar yaradıldı. Bunların hamısı insanların sağlamlığını qorumaq məqsədilə həyata keçirildi və tədbirlərə nə qədər ciddi əməl olunarsa, pandemiya müddəti də o qədər tez bitər. Amma bəzi insanlar reallığı görməzlikdən gəlib qaydalara əmək etməkdən imtina edirlər. Bununla yanaşı, qaydaları pozmaq yeni bir faktor deyil, lakin davranış formaları COVİD-19 pandemiyası əsnasında davranışların etnopsixoloji, demoqrafik və psixoloji faktorlarla dəyişdiyini göstərdi. Bu isə pandemiyaya bağlı insan davranışına təsir göstərən faktorlara dair elmi sübutlarla bağlı idi. İnsanların qaydalara əməl etməməsinə və bəzilərinin yalan deyə adlandırmasına səbəb olan nədir? İnsanların bu düşüncəsinin altında yatan səbəb individuallıq və kollektivizmdir. Nyu-York Universitetinin dosenti Cey Van Beyvl apardığı tədqiqatın nəticəsində qeyd edir ki, ”bəzi ölkələrdə şəxsiyyətinizi və fərd olaraq kim olduğunuzu ifadə etməklə bağlı individuallıq daha ön plandadır”. Buna görə də fərdə yönəlik mədəniyyətlərdə yaşayan insanlar qaydalardan imtina edir və mütəxəsislərin qərarlarını görməzlikdən gəlirlər. Londonda yerləşən King’s College Politik İnstitutunun mütəxəssisi Maykl Sanders isə apardığı tədqiqatın nəticəsində “maska taxmağın başqalarını qorumağa kömək edəcəyini desəniz, fərdi mədəniyyətlərdəki insanlar bununla daha az maraqlanar”, – deyə qeyd edir”.
Elnur Rüstəmov: “İnsanların bu düşüncəsinin altında yatan səbəb individuallıq və kollektivizmdir”
Psixoloqun sözlərinə görə, tədqiqatçılar kollektivist mədəniyyətlərdə insanların qrup üçün ən yaxşı olanı etmə ehtimalının daha yüksək olduğunu qeyd edir: “Güvən və qorxu qaydalarına adaptasiya vacibdir? Bu sualın cavabını ”bəli” deyə dəyərləndirə bilərik. Qorxu və güvənlə birlikdə digər instinktlər, insan davranışı üzərindəki mühüm təsirlər yaradır. Daha çox siyasi bölünmənin olduğu cəmiyyətlərdə insanların bir tərəfin tövsiyəsinə güvənməsi daha az olur, eyni zamanda paradoks fikirlər yaratma ehtimalı yüksək olur. Pozitiv düşüncə və qorxu da cəmiyyətdəki insanların davranışını istiqamətləndirir. Van Beyvl “pandemiya kimi hallarda nikbinlik çox riskli və təhlükəli nəticələrə səbəb ola bilər” deyə qeyd edir. Sosial məsafəni tənzimləmək niyə bu qədər çətindir? Biz həqiqətən də sosial varlıqlarıq. Bədənimiz və beynimiz qarşılıqlı təsir nəticəsində fəaliyyət göstərir və pandemiya bir çox istiqamətdən əlaqə yaratma motivlərimizə əks olur. Qaydalara uymayanların sayı uyanlardan daha azdır. Bu niyə bu qədər vacibdir? Problem budur ki, qarşılaşdığımız kollektiv problemdə əgər hamı qaydaları müəyyən qədər pozarsa, nəticədə heç kim qaydalara əməl etmirmiş kimi sayılar. Çünki bir nəfər ümumi populyasiyanın yanaşmasını dəyişə və sistemin gedişatını fərqli bir istiqamətə yönəldə bilər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=159005