Bizə işıq verin!

10.07.2014 - 16:02

Ötən yaxın keçmişə baxanda Azərbaycanda elektrik enerjisi sahəsində
müəyyən irəliləyişlər olub. Daha işıq saatla verilmir, sayğaclaşma demək
olar, başa çatıb və s. Amma bu o demək deyil ki, elektrik enerjisi
sahəsində problemlər yoxdu. Var, özü də çox ciddi! Əsasən də bölgələrdə.

Ağsu rayonundan ünvanımıza göndərilən müraciətin məzmunu da yazdıqlarımızı bir daha sübut edir.

Əldə etdiyimiz məlumatda bildirilir ki, Ağsunun enerji sahəsindəki
vəziyyəti, ümumiyyətlə, qənaətbəxş saymaq olmaz. Əsasən kəndlərdə
elektrik dirəkləri yox səviyyəsindədir, dirəkləri naqillər saxlayır. Bu
üzdən yüngül külək əsən kimi enerji verilişində problemlər yaranır. Hələ
yay fəslidir, amma demək olar, hər gün işıqlar sönür. Soruşanda da
müxtəlif bəhanələr gətirilir, Ağsu EŞ tərəfindən… Müraciətə gəldikdə
isə; şikayətçilərin diqqət çəkmək istədikləri məsələ transformator
çatışmazlığı ilə bağlıdır.

“Ağsu şəhər-2” xəttindən istifadə edən obonentlər və obyekt sahibləri bildirirlər ki, xeyli müddətdi enerji qıtlığı yaşayırlar:
“Bizim xəttin üzərində 400-ə yaxın obonent və 70-ə qədər obyekt var.
İaşə və avtomobil sexlərindən ibarət olan bu obyektlərin əksəriyyəti 3
faza ilə işləyir. Daha doğrusu, işləyə bilmir.

Çünki xətdə 100 voltdan artıq cərəyan yoxdur. Heç bir elektrik
cihazından istifadə etmək olmur – nə evdə, nə də obyektlərdə! Səbəbi də
məlumdur: 400 kva-lıq transformatorun əvəzində istifadəmizdə 160 kva-lıq
transformator var. Əvvəllər, düzdür, transformator 400 kva-lıq olub,
lakin sonradan nasazlıq yaranıb və təmirə aparılıb, əvəzində isə 160
kva-lıq transformator gətirib, quraşdırıblar. Güya, fond olmadığına
görə. Hər halda, belə deyirlər.

Hazırda transformatorla sonuncu abonentin mənzili arasındakı məsafə 2
kilometr olar ki, bu da cərəyanın yolda itməsinə də şərait yaradır.
Şikayətçilər bildirirlər ki, bu barədə dəfələrlə Ağsu EŞ-ə müraciət
ediblər, lakin onlar transformator olmadığını bəhanə gətiriblər:
“Deyirlər ki, Kürdəmirdəki və Şirvandakı transformator sexləri bağlanıb,
təmir üçün indi transformatorları Sumqayıta aparırlar.

Orda bir neçə transformator var ki, 6 aydan çoxdu təmirə göndərilib,
hələ də xəbər yoxdu, Ağsu da qalıb ehtiyat transformatorsuz. Bütün bu
bəhanələrdən təngə gəlib, problemi özümüz həll etməyi planlaşdırdıq.
İyirmidən çox obyekt sahibi yığılıb 4 min manata 160 kva-lıq
transformator aldıq. Və yenidən Ağsu Elektrik Şəbəkəyə müraciət etdik
ki, tranformatorun quraşdırılmasını təmin etsinlər və xəttin üzərinə
düşən yük paylaşdırılsın.

Transformatorun yerini də rahatladıq, bir qaldı düz yanından keçən xəttə
qoşulması. Ancaq bu dəfə Ağsu EŞ-dən cavab verdilər ki, Qəbələ REŞ-ə
tabe olduqlarından, onlar bu məsələyə birbaşa qərar verə bilməzlər.
Naçar qalıb, yuxarı təşkilatlara, dövlət orqanlarına – Prezident
Aparatına, “Azərenerji” ASC-yə və sairə müraciət ünvanladıq.

“Azənerji” ASC-dən Qəbələ REŞ-ə məktub daxil olub ki, transformatorun
quraşdırılması təmin olunsun, amma “3 yağ açarı qiymətləndirilməsilə”.
Enerji sahəsində çalışanlar bilir “3 yağ açarı” nə deməkdir: bir yağ
açarı 3 min manat deməkdir.

Yəni sözügedən transformatorun quraşdırılması üçün “Azərenerji”yə 9 min
manat vəsait ödəməliyik. Bayaqdan deyirdilər, transformator yoxdu, öz
cibimizin puluyla transformator almışıq, onu quraşdırmağa da 9 min manat
istəyirlər. Bilmirik, indi kimə deyək dərdimizi?!

Çox güman ki, belə məsələlərdən dövlət başçısının, “Azərenerji”
rəhbərliyinin məlumatı yoxdur, maraqlı insanlar müraciətlərin yolunu
kəsirlər. Bu üzdən səsimizi mətbuata çıxartmaq istədik.

Bəlkə mətbuat bizi qaranlıqdan işiqlığa ötürdü. Az qala, Avropaya da
işığı Azərbaycan verə, amma biz Bakıdan 160 km-lik məsafədə işıq
gəzirik. Hamısı da yarıtmaz məmurların ucbatından!
Elə bu tribunadan səslənirik: “Bizə işıq verin!””.

AzNews.az

Short URL: http://www.cumhuriyyet.net/?p=9452

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31