Əndişəyə gərək yoxdur – azad olunmuş torpaqlara dönənlər həddindən çox olacaq

15.11.2020 - 15:57

Mən camaatımızın qayıdıb kənd-kəsəkdə çal-çəpər, bərə-yolağa, arx-dəhnə üstündə yabalaşacağından qorxuram, bəziləri də əndişəlidir ki, Qarabağ camaatı işğaldan azad olunan kəndlərə qayıtmayacaq.

Yuxarıdakı fikrin bir balaca zarafat hissəsi də var, amma inanın ki, 90-95 faiz ciddi fikirdir və həqiqət bundan ibarətdir. Biz o torpaqlara elliklə qayıdacağıq və orada yeni bir həyat başlayacaq – bütün çəkişməsi, intriqası, dostluq büsatları ilə birlikdə.
Bizim oralar bərəkətli torpaqlardır. Arxaltı məkanlar, yəni su tutan sahələr dünyanın ən məhsuldar (şişirtməsiz) topaqlarıdır. Nə əksən bitir. Necə deyərlər, bir qoyub beş götürürsən. Təkcə torpağı deyil, suyu əla, havası təmiz, camaatı isə bütün azərbaycanlılar necədirsə, eləcə, sadəcə, bir az ləhcələri fərqlidir, bir az da “dədə, başaa dönüm”ü çox deyirlər – gəncəlilər “qadan alım”ı çox dedikləri kimi. Bunun da ziyanı yoxdur.

Hələ qorxasan, Qarabağ torpaqları geri qayıdıb ev-eşik qurmaq, təsərrüfat yaratmaq istəyənlərin hamısını tutmaya.
Çünki “qaçaqaç vaxtı” (qarabağlılar 1993-cü ilin məşum yay günlərini belə adlandırır) 7-8 nəfərdən ibarət olan ailələr indi ən azı 20-25 nəfərdirlər. O zamanın subay gənclərinin hamısının artıq öz ailələri azı beş nəfərdən ibarətdir, nəvəsi olanlar var.
Bizim kəndin 2500 nəfər civarında əhalisi vardı, indi 10 mindən artıqdır. Onların hamısı qayıtsa və hər kəs də həyətyanı sahə tələb etsə, gerçəkdən də əkməyə-biçməyə torpaq qalmayacaq. Ona görə də camaatı yerləşdirmək üçün, güman ki, şəhər tipli qəsəbələr, hətta çoxmərtəbəli binalar inşa etmək lazımdır. O torpaqları çəpərləmək, yabanı qanqal, turpəng kimi alaqların, kol-kosların basacağı məkana çevirmək olmaz. Torpaq əkib-becərəndə, məhsul götürəndə torpaq olur, əkmirsənsə, kvadratmetrlə ölçülən sahədir.

Bir məqamı da unutmaq olmaz. Bu qədər uzun illərdən sonra şəhidlərimizin və qazilərimizin qızıl qanı hesabına alınan torpaqlar təkcə bizim camaatın deyil. Orada milli ordumuzun zabitlərinin, qazilərin, müddətdən artıq xidmət edən əsgərlərin, bir sözlə, o torpaqlar üçün can qoyanların hamısının haqqı var və onlar dünyanın ən dilbər guşələrindən biri olan Qarabağda yurd salıb, ev tikmək istəsələr, arzuları nəzərə alınmalıdır. Yəqin ki, elə adamlar da olacaq. Çünki şəkillərdə, videolarda İsveçrəyə baxıb “ah, nə yaşamalı yerlərdir” deyə köks ötürən minlərlə gənc hazırda məhz havasına, suyuna, doğmalığına görə o yerlərdən üstün olan məkanlarda, zirvələrdədir. İşləri, gücləri olandan sonra tüstülü şəhərlər onları geri çəkməyəcək.
Bu sətirləri ona görə yazıram ki, hələ Qarabağın işğaldan azad olunan rayonlarında adamların öz başlarını daldalaması üçün iki cüt bir tək tikili olmasa da, bir çoxları onların paytaxtdan tezliklə çıxarılmasının dərdini çəkir.

Deyəsən, adamlara elə gəlir ki, Bakıdakı insan və avtomobil sıxlığı köçkünlərin üzündəndir.

Elə deyil. Birincisi, Ağdam və Füzuli rayonlarının camaatının 50 faizə yaxını əvvəlcədən bu rayonların işğal olunmamış yaşayış məntəqələrində idilər. Yerdə qalan hissənin yarıdan çoxu da Bərdə, Tərtər, İmişli, Beyləqan, Biləsuvar rayonlarında sırf köçkünlər üçün salınmış çoxsaylı qəsəbələrdə məskunlaşıblar. Haramıda, Örənqalada, Zobucuqda xeyli köçkün qəsəbələri sıralanıb. Qubadlı camaatı əsasən Sumqayıtda, kəlbəcərlilər kompakt şəkildə Gəncə və Goranboyda yerləşiblər.
Başqa sözlə, şərti olaraq sayını 1 milyon (indi yəqin ki, əhalinin artım tempini nəzərə alsaq, 1 milyonu çoxdan aşımış olarıq) götürdüyümüz əhalinin sayı paytaxtda heç yüz minə də çatmır. Bu uzun möhnətli illərdə onlar iki-bir, üç bir başqa ölkələrə və rayonlara səpələniblər.

Ona görə də heç kimsə ümidlənməsin ki, “köçkünlər gedəcək, Bakıda seyrəklik olacaq”. Bakının əhalisini bu qədər gur edən A.-dan Z.-yə 80-dən artı rayonumuzun əhalisinin bir xeyli hissəsinin gəlib Bakıda məskunlaşmasıdır. Ölkədəki on minlərlə kəndin hamısından çıxıb Bakıda məskunlaşanlar var. Bu, urbanizasiya prosesidir və davam edəcək. Onlar geri qayıtmayacaqlar.

Heç Bakıda özünə yaxşı ev-eşik, iş-güc qurmuş qarabağlılar da yaşamaq üçün geriyə dönməyəcək, həyatlarına sıfırdan başlamayacaqlar. Yeni həyata başlamaq istəyən gənc nəslin nümayəndələri onsuz da çoxdur.

Bu baxımdan “köçkünlər geriyə qayıtmayacaq” deyə hay-həşir salmaq və ya əndişlənmək lazım deyil. Proses öz ritmi ilə gedəcək, bütün daşlar yerinə oturacaq – hətta ermənilərin söküb-dağıtdığı evlərin daşları da.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157278

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30