Minsk Qrupu nə vaxt buraxılacaq?

19.12.2020 - 11:28

ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrlərini Bakıya heç kim dəvət etməmişdi, bəli, onları burada heç kim gözləmirdi də, amma onlar gəldilər, hətta Azərbaycan prezidenti tərəfindən qəbul da olundular və qəbul zamanı ölkə prezidenti özünəməxsus bir diplomatik incəliklə onlara işarə etdi ki, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur və əgər münaqişə yoxdursa, deməli, MQ–nin öz fəaliyyətini davam etdirməsinə də ehtiyac duyulmur.

Həmsədrlər bundan özləri üçün bir nəticə çıxardılarmı? Düşünürük ki, hər şey gələn il aydın olacaq. Bu ayın – soyuq dekabrın qalan hissəsi Azərbaycanda Qələbə ilə bağlı ən müxtəlif tədbirlərə və əlbəttə ki, koronavirusla mübarizəyə həsr olunacaq.

Ermənistanda isə bu vaxt etiraz aksiyalarının güclənməsinə sərf olunacaq, belə ki, ermənilərin son siyasi şüarı “Yeni ilə Paşinyansız!” şüarıdır və erməni baş nazirin də artıq növbədənkənar seçkiləri istisna etməməsi o deməkdir ki, ilin sonuna başabəla ölkədə də siyasi ehtiraslar səngiməyə başlayacaq.

Bu günlərdə, elə bu sətirləri yazdığımız məqamlarda da telekanallarda Rusiya sülhməramlıları tərəfindən növbəti, bu dəfə münaqişə zonasının kartoqrafik təhrifi hələ də müzakirə olunmaqda idi. Güman ki, bunu bir növbəti təsadüf və ya anlaşılmazlıq kimi qəbul etmək lazımdır – biz rus sülhməramlıları ilə əməkdaşlığa yeni başlayırıq və burada bir daha qeyd edirik ki, müəyyən anlaşılmazlıq təbiidir.

Həm də rus sülhməramlıları heç də “sülh göyərçinləri” deyillər və onlarla P.Pikassonun göyərçinləri arasında oxşarlıq axtarmaq deyil, yox, bu adamlar sözün birbaşa mənasında əsgərdirlər, bura da ilk növbədə Rusiya dövlətinin maraqlarını müdafiə etməyə gəliblər.

Amma iş elə gətirib ki, biz Dağlıq Qarabağ problemini lap başlanğıcdan müşahidə etmək imkanına malik olmuşuq. Odur, üçtərəfli saziş imzalanandan elə hey özümüzdən soruşuruq: Moskva bizi otuz il bundan əvvələ, ötən əsrin səksəninci illərinə qaytarmırmı ki?

Məsələ bundadır ki, o vaxt da Dağlıq Qarabağda Xüsusi İdarəetmə forması yaradılmışdı və hətta ona Arkadi Volski adlı birisini rəhbər də təyin etmişdilər. Bu adam heç Bakının yolunu da tanımır və Ermənistanla işləyir, ermənilərlə oturub-dururdu. Beləcə, o vaxtki muxtar vilayət tamamilə bizim Azərbaycanın idarəçiliyindən, hüquqi fəzasından kənara çıxarılmışdı və bundan istifadə edən ermənilər hətta sovet hərbi birləşmələrinin hesabına özlərinin ilk hərbi hissələrini də yaratmağa başlamışdılar. Nəzərə alanda ki, ermənilərin sərsəm, axmaq ideyaları “gerçəkləşdirmək” sahəsində çox, müstəsna dərəcədə səbrləri və inadkarlıqları vardır, biz maksimum dərəcədə ehtiyatlı olmalıyıq: kiçik bir diqqətsizlik və yaxud arxayınçılıq, Allah eləməmiş, keçmişin təkrarına səbəb ola bilər…

Bizi sakitləşdirən, hətta təsəlli verən budur ki, indi daha o vaxtlar deyil, bizim artıq ordumuz, dövlətimiz və stabil hakimiyyətimiz var. Ən əsası da özümüzün keçmiş səhvlərimizi bilirik və ümid edirik ki, o səhvlər bir daha təkrarlanmayacaq.

Amma burada bir neçə çox vacib məqam var. Münaqişənin hərbi hissəsini biz artıq həll etmişik, hətta qələbə də çalmışıq. İstisna deyil ki, həmin hərbi qələbəni siyasi – diplomatik qələbələrlə möhkəmləndirməli olacağıq. Bax, burada MQ və yaxud böyük dövlətlərin maraqları əngəl ola bilər.

Bəli, MQ həmsədrləri Bakıda elə hey israr edirdilər ki, onlara yeni şəraiti nəzərə almaqla “yeni təklif”lər üzərində işləməyə icazə versinlər, hərçənd ki, bu adamlara birmənalı şəkildə izah olunmuşdu ki, Dağlıq Qarabağ münaqişəsi daha mövcud deyil. Bizə elə gəlir ki, Rusiyayla digər həmsədrlər arasında müəyyən problemlər –qısqanclıq mümkündür.
Aydındır ki, Rusiya da bölgədə ilk olaraq özünün geosiyasi mövqelərinin təmin edilməsilə məşğul olacaq, nəinki sülhməramlılıqla.

Digər həmsədr ölkələr, o cümlədən də Fransanın təmsilçisi də Pablo Pikassonun sülh göyərçininə bənzəmir. Fransa senatı artıq oyuncaq DQR-i “tanımaq”la bağlı qətnamə qəbul edib. Odur ki, cənab Stefan Viskontidən soruşmaq olardı: sizin yeni reallıqlar əsasında hazırladığınız “yeni təkliflər” budurmu?

Amerikalı həmsədrə hələ ki bir iradımız yoxdur. Yalnız ona görə ki, onlar prosesin gedişində təmkinli sükutlarını saxladılar, kimisə nədənsə geri çəkindirməyə çalışmadılar, hansısa bir oyuncaq qurumu tanımadılar.

Bütövlükdə isə bizim MQ ilə bağlı 28 illik müşahidə təcrübəmiz var. Rusiyaya gəldikdə isə, səkkiz ildən sonra şimali Azərbaycanın Rusiyaya birləşdirilməsinin, yəni Türkmənçay müqaviləsinin imzalanmasının düz 200 ili tamam olur.

Bu həm də ermənilərin bizim ərazilərimizdə məskunlaşdırması tarixidir. Odur ki, bizim böyük təcrübəmiz var və ümid edirik ki, bu təcrübə bizi köhnə səhvlərin təkrarından və yeni səhvlərdən, düşünülməmiş addım və qərarlardan qoruyacaq…

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158608

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031