Azad edilmiş ərazilərdə xüsusi nümayəndəliklər – ekspert rəyləri
Deputat Vahid Əhmədov və Zahid Oruc fərmanı şərh etdi
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılması haqda fərman imzalayıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a şərhində bildirdi ki, fərman işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə imzalanıb. Bu çox əhəmiyyətli bir fərmandır. Çünki işğaldan azad olunmuş rayonlarda gedən işlərə rəhbərliyi kimlərsə həyata keçirməlidir. Yəni Prezident birbaşa öz səlahiyyətli nümayəndəsini oraya təyin edir. Həmin səlahiyyətli nümayəndə birbaşa rayon ərazisində oturur, həyata keçirilən işlərlə bağlı birbaşa cənab Prezidenti məlumatlandırır, Prezidentdən tapşırıqlar alır. Bütün görülən işlərlə bağlı məlumatlar Prezidentdə toplanır. Bunun çox böyük əhəmiyyəti var: “Faktiki olaraq işğaldan azad olunan rayonların icra başçıları Bakıda və digər bölgələrdə yerləşib fəaliyyət göstərirlər və onlar hələlik öz əhalilərinin işləri ilə məşğuldurlar. Amma Prezidentin səlahiyyətli nümayəndəlikləri birbaşa həmin rayonların ərazisində yerləşərək quruculuq işlərinə rəhbərlik və nəzarət edəcəklər, Prezidenti vaxtaşırı məlumatlandıracaqlar. Yəqin ki, nümayəndəliklərin tərkibi formalaşacaq. Bütün bunlar işin yüksək səviyyədə həyata keçməsinə müsbət təsirini göstərəcək”.
Vahid Əhmədov onu da dedi ki, Xankəndiyə, Xocalıya, Xocavəndə də Prezidentin səlahiyyətli nümayədəsinin təyin olunmasını istərdi: “Bu torpaqlar da Azərbaycanındır və Azərbaycanın idarəçiliyinə qaytarılacaq. Digər rayonlarda necə, həmin rayonlarda da o cür Azərbaycanın idarəçiliyi həyata keçirilməlidir. Səlahiyyətli nümayəndəlik böyük anlayışdır. Bu, birbaşa ölkə rəhbərinə tabe olacaq və səlahiyyətləri kifayət qədər olacaq”.
Deputat qeyd etdi ki, rayonlarda quruculuq işləri həyata keçirildikdən, əhali rayonlara köçürüldükdən və rayonun yerli rəhbərliyi orada tam fəaliyyətə başladıqdan sonra ola bilər səlahiyyətli nümayəndəliklərə ehtiyac qalmasın. Amma hələ ən azı bir neçə il səlahiyyətli nümayəndəliklər fəaliyyət göstərəcəklər. Ola bilər ki, 3-5 ildən sonra həmin səlahiyyətli nümayəndəlik lazım olmasın.
Bəs xüsusi mümayəndəliklər hansı kadrlardan formalaşacaq? Daha gənc və ya həmin bölgdə tanınmış, nüfuzlu şəxslər olmalıdırmı?
Vahid Əhmədov vurğuladı ki, Prezidentin səlahiyyətli nümayəndələri gənc kadrlar da ola bilər, nisbətən yaşlı kadrlar bu işə cəlb oluna bilər: “Şübhəsiz ki, Cənab Prezident savadlı, iş bacarığı olan kadrları təyin edəcək. Burada konkret yaş həddi meyar kimi götürülmür. Kifayət qədər gənc kadrlar var ki, çox savadlıdırlar, bacarıqlıdırlar. Nazirliklərdə kifayət qədər belələri var. Yəni seçim etmək üçün geniş imkanlar var. Bu, gələcəkdə yeni daha çevik və səmərəli idarəetmə sisteminin formalaşmasının başlanğıcı hesab oluna bilər”.
Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc “Turan”a bildirib ki, qarşıdakı dövrdə Qarabağ ətrafı ərazilərə və Şuşaya, o cümlədən digər ərazilərə, yəni Xankəndinə, Xocavəndin digər ərazilərinə, Xocalıya insanların qayıdışı zamanı mütləq dövlət başçısı ilə vətəndaş arasında çevik əlaqə mexanizmlərinə ehtiyac olacaq. “O üzdəngördüyünüz kimi, tədbiq olunmuş komendatura fəaliyyətinin ardınca bu addımın atılması cənab Prezidentin yanvarın 18-də söylədiyi ictimai nəzarət mexanizminin ən mühüm hissəsidir. Hesab edirəm ki, ona böyük ehtiyac var. Çünki baxışlar fərqlidir. Bəzən, hətta deyirdilər ki, bəlkə orada müəyyən təhlükəsizlik amillərini nəzərə alaraq hərbi idarəçilik tətbiq olunsun. Amma bu da öz-özlüyündə idarə sistemi üçün müəyyən qədər risklər gətirə bilərdi və vətəndaşların yanaşmalarında müəyyən qiymətləndirmələrə səbəb ola bilərdi. O üzdən tam düzgün olaraq ölkə rəhbəri tərəfindən belə bir addım atılıb. Hesab edirəm ki, bunlar böyük qayıdışa və quruculuğa, Qarabağın bütün arteriyalarının Azərbaycanla yenidən birləşməsinə zəmin yaradır”, – deputat qeyd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=160133