Trampın Türkiyə ilə bağlı sözü keçəcəkmi – Ağ Ev sahibinə Konqres maneəsi
Arzu Nağıyev: “Yaranan qarşıdurmanın yaxın zamanlarda öz həllini tapacağı inandırıcı görünmür”; Elxan Şahinoğlu: “Türkiyənin Rusiyadan S-400 raketlərini alması Pentaqonun maraqlarına ziddir və Tramp Pentaqonun maraqları ilə hesablaşmaq məcburiyyətindədir”
Yaponiyada G-20 sammiti çərçivəsində baş tutan Türkiyə və ABŞ prezidentlərinin görüşündən sonra Ankara ilə Vaşinqton arasındakı “buzlar”ın əriməyə başlayacağına ümidlər yaranıb.
Qeyd edək ki, sözügedən görüş çox isti keçib və prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamaları da bunu təsdiqləyir. Türkiyə prezidenti deyib ki, S-400 və F-35-lə bağlı mərhələni sıxıntı olmadan aşacaqlarını güman edir. Ərdoğan amerikalı həmkarının mövqeyinə istinad edib. “Onunla son görüşməmiz çox məhsuldar keçmişdir” – R.T.Ərdoğan bildirib. Bundan əlavə, Ərdoğan deyib ki, Rusiyanın S-400 hava hücumundan müdafiə kompleksləri on gün ərzində Türkiyəyə gətiriləcək. O, eyni zamanda sözügedən zenit-raket sistemlərinin tədarükü səbəbindən Türkiyə ilə ABŞ arasındakı mövcud münasibətlərin həll ediləcəyinə əminliyini ifadə edib: “ABŞ S-400-lərin alışına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyəcək”. Türkiyə prezidenti bununla yanaşı, Türkiyəyə 100 F-35 döyüş təyyarəsinin tədarük etməsinin lazım olduğunu da xatırladıb.
Türkiyə liderinin bu açıqlaması bir sıra müzakirələrə səbəb olub. S-400-lər Türkiyəyə gətirildikdən sonra rəsmi Ankaranın ABŞ-la onsuz da soyuq olan münasibətlərinin hansı həddə çatacağı ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. Bu, baş tutarsa, qardaş ölkəyə qarşı sanksiyaların tətbiq olunub-olunmayacağı barədə də fərqli mövqelərə rast gəlirik. Eyni zamanda F-35-lərin taleyi məsələsi də müzakirələr sırasındadır. ABŞ Türkiyə ilə münasibətlərində gərginliyə səbəb olan S-400 zenit raket kompleksi ilə bağlı yeni düstur tapıb. Azerbaycanrealligi.com xəbər verir ki, bu tövsiyə ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə tanınan senator Lindsi Qrahamdan gəlib. Senatorun tövsiyəsinə görə, Türkiyə S-400-ləri aktiv etməzsə, ABŞ da ona sanksiya tətbiq etməyəcək. Üstəlik, Türkiyə ABŞ-dan ”Patriot” hava hücumundan müdafiə sistemi almalıdır. “Bizim qanunlarımıza görə, Türkiyə Rusiyadan aldığı S-400 batareyalarını aktiv hala gətirsə, qanun çərçivəsində sanksiya tətbiq olunması lazımdır. Əlavə olaraq, bir neçə gün əvvəl S-400-lərin aktivləşdirilməsi təqdirində, F-35 döyüş təyyarələrinin təhvilini ləğv edən qanun qəbul etdik. Çünki eyni zamanda həm F-35 transfer edib, həm də S-400-ə sahib olmaq mümkünsüzdür. Bu, bizə zərər verər. Prezident Ərdoğan bildirir ki, Donald Trampla görüşündə həmkarı ona ”S-400-ü aktiv etsəniz belə, sanksiyaların yanından keçmək üçün yol taparıq” sözlərini deyib. Mən bu dialoqun gerçəkləşməsindən şübhəliyəm”. Senator Donald Trampın Türkiyəyə “Patriot” batareyaları satmaq istəməyən Barak Obamanı ittiham etməsinə haqq qazandırıb. Bildirib ki, ABŞ o “Patriot”ları Türkiyəyə satmalı idi.
Trampın son mövqeyi Türkiyə üçün kifayət qədər qaneedicidir. Lakin bəzi müşahidəçilər hesab edir ki, D.Trampın mövqeyi heç də ABŞ-ın mövqeyi deyil. ABŞ Konqresindəki erməni lobbisinin Türkiyəyə qarşı təhrikedici mövqeyi də nəzərə alınmalıdır. Bundan əvvəl də ABŞ-ın müxtəlif səviyyələrdə Türkiyə əleyhinə addımlarını müşahidə etmişik. Suriya və İraqdakı PKK və PYD terrorçularını ABŞ silahlarını əldə etməsi faktdır. Bu mənada Trampın iradəsinə ziddi hansısa addımların atılması da istisna edilmir.
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, ABŞ-Türkiyə anlaşmasından danışmaq tezdir: “Deməzdim ki, bu, tam anlaşma oldu. Çünki cənab Tramp, sadəcə olaraq, bu proseslərin günahkarı kimi Barak Obamanın adını çəkməklə kifayətləndi. Həqiqətdə nə baş verir? Məlumdur ki, Türkiyə öz iqtisadiyyatını risk altına qoyur, əvəzinə isə özünün müstəqilliyini və müstəqil siyasətini qorumağa çalışır. Məlumdur ki, Türkiyə S-400-dən imtina etməyəcək, ABŞ isə bunun müqabilində Türkiyə iqtisadiyyatına, daha doğrusu, onun hərbi-sənaye kompleksinə ciddi zərbə vuracaq və F-35 lə bağlı proqramdan çıxaracaq. Ankara isə düşünür ki, ümumi razılıq əldə edilə bilər. Baxmayaraq ki, hər iki dövlətin başçıları razılığa gələcəkləri ilə bağlı müəyyən mesajlar verirlər, lakin bu, inandırıcı görünmür. Bu, həm də Türkiyənin daxili siyasətində hiss olunur və zənnimcə, cənab Ərdoğan bunu əsas götürəcək”.
A.Nağıyev qeyd etdi ki, artıq masada hər iki dövlətin mənafeyi və maraqları durur: “Məlumdur ki, vaxtilə Ankara və Vaşinqton ”Patriot” raketləri ilə bağlı razılığa gəlsəydi, bu gün belə vəziyyət yaranmazdı. Türkiyə bundan istifadə edərək silah alıcısı kimi difersifikasiya imkanı əldə etdi və Rusiya ilə saziş imzaladı, nəticədə Rusiya ilə öz münasibətlərində yeni bir səhifə acdı. Təbii ki, Suriya məsələsi də Rusiya ilə bir yerdə Türkiyəyə vacibdir. Çünki ABŞ-ın bu məsələdə strategiyası dəyişkəndir. Bu addımlarla cənab Ərdoğan eyni zamanda millətçilərin və hətta deyərdim radikal millətçilərin də dəstəyini alacaq və bu da mühüm məsələdir. Bu isə ABŞ-ı çox narahat edir. Məlumdur ki, S-400-lər həm də F 35-ləri izləyə bilir, bu, artıq Avropa istiqamətində həyata keçirilir. Yəni Türkiyə öz tərəfdaşı ilə, yəni ABŞ ilə və onun qarşısında geri çəkilən kimi görünmək istəmir, ABŞ Konqresi isə cənab Trampın mövqeyinə baxmayaraq, Türkiyə ilə qarşıdurmaya gedir. Yəni ABŞ sanksiyalar tətbiq etsə, bu, Türkiyənin müdafiə sisteminə zərbə vuracaq. Bu, həm iqtisadi, həm də siyasi zərbə ola bilər. Kompromis variant isə bu sistemin Türkiyə ərazisində deyil, digər dövlətin ərazisində yerləşdirilməsi də ola bilər, hətta bəzi ekspertlər Azərbaycanı təklif edirlər. Yəni bütün təhlillər göstərir ki, yaranan qarşıdurmanın yaxın zamanlarda öz həllini tapacağı inandırıcı görünmür”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qəzetimizə dedi ki, Ankara ilə Vaşinqton arasındakı münasibətlər bir növ test dövrünü keçirir: “Doğrudur, ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla Yaponiyanın Osaka şəhərindəki görüşündən məmnun qaldı. Ancaq Tramp həmin görüşdən sonra belə bir ifadə işlətməyi də unutmadı: ”Ərdoğan çətin müzakirəçidir”. Tramp sanki bu ifadə ilə əl yeri qoydu ki, münasibətlərin tam normallaşması ondan asılı deyil. Amerikada prezidentin geniş səlahiyyətləri olsa da, daxili və xarici siyasətin müəyyənləşməsində Konqres, Dövlət Departamenti, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi kimi strukturların da rolu böyükdür. Məsələn, Trampdan olsaydı, Rusiyaya qarşı sanksiyaları ortadan qaldırardı. Ancaq bu, onun imkanı xaricindədir. Eyni sözləri ABŞ-Türkiyə münasibətlərinə də aid etmək olar”. E.Şahinoğlu qeyd etdi ki, Türkiyənin Rusiyadan S-400 raketlərini alması Pentaqonun maraqlarına ziddir və Tramp Pentaqonun maraqları ilə hesablaşmaq məcburiyyətindədir: “Halbuki Trampın dediyi kimi, zamanında keçmiş prezident Barak Obama Türkiyəyə ”Patriot” raketlərini satsaydı, nə Türkiyə Rusiyadan raket alardı, nə də iki ölkə arasında bugünkü gərginlik olardı. Ancaq Obama da o zaman təkbaşına qərar verməyib. Böyük ehtimalla məhz Pentaqon Türkiyəyə raket satışının əleyhinə olub. İndi isə bir az gecdir. Eyni ölkədə “Patriot” və S-400 raketlərinin varlığı az ehtimal olunur”.
Cavid TURAN,
“Yeni Müsavat”
Short URL: http://www.cumhuriyyet.net/?p=129113