“Azərbaycan hökuməti İrandan izahat tələb etməlidir!” – “Kişiliyə yaraşmayan davranışdır”

13.04.2020 - 14:25

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İran İslam Respublikasına məxsus yük avtomobillərinin işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən video ilə bağlı bəyanat yayıb.

“AzPolitika”-ya partiyanın mətbuat xidmətindən daxil olan bəyanatda qeyd olunur ki, rəsmi Tehranın Ermənistanın işğalı altındakı Azərbaycan ərazilərində formalaşdırılmış separatçı rejimlə əlaqələrini, bu ərazilərə İrandan yük daşınmalarını dəfələrlə təkzib etməsinə baxmayaraq, sosial şəbəkələrdə yayılmış videogörüntülər bunun əksini sübuta yetirir:

“Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İran İslam Respublikasının işğalçı Ermənistan və onun işğal etdiyi Azərbaycan torpaqlarında formalaşdırdığı qanunsuz rejimlə əlaqələrini kəskin şəkildə pisləyir, bu cür davranışın beynəlxalq hüquqa zidd olmasını bəyan etməklə yanaşı, eyni zamanda kişiliyə yaraşmadığını xüsusi vurğulayır. BAXCP bəyan edir ki, İran İslam Respublikasına məxsus yük maşınlarının Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə ərzaq və yanacaq daşıması İranın işğalı və terrorçu rejimi dəstəkləməsi, onların azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım və etnik təmizləmə aktlarına haq qazandırması, insanlıq əleyhinə törədilmiş cinayətlərə şərik olması deməkdir”.

BAXCP hesab edir ki, İranın bu əməlləri Azərbaycan Respublikasının İranın ən çətin günlərində sərgilədiyi dost və yaxın qonşuluq münasibətləri ilə də ziddiyyət təşkil edir: “İran İslam Respublikasının ideoloji təbliğat maşını bu ölkənin daim müsəlmanların hüquqlarını müdafiə etdiyini önə çəkir, amma əməldə isə 1 milyona yaxın müsəlman azərbaycanlını öz evlərindən didərgin salan işğalçı Ermənistana və onun separatçı tör-töküntülərinə himayədarlıq edir”.

BAXCP Azərbaycan hökumətini rəsmi Tehrandan İranın işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımaları ilə bağlı sosial şəbəkələrdə yayılmış və təkzib edilməsi mümkün olmayan faktlara aydınlıq gətirməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və beynəlxalq hüquq normalarına sayğıyla yanaşmasını, işğalçı rejimlə əməkdaşlığa son qoymasını tələb etməyə çağırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=145215

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31