Ölkədə 1000 oğlana 1002 qız düşür – nisbət yaxşıya doğru dəyişir

12.06.2020 - 08:50

Mehriban Zeynalova: “Artıq qız uşaqları ilə oğlanların sayı arasında balans tənzimlənməyə başlayıb”

2020-ci ilin əvvəlinə olan rəqəmlərə görə Azərbaycan əhalisinin sayı 10 milyon 67 min 100 nəfər təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Bildirilib ki, əhalinin 5 milyon 28 mini kişilər, 5 milyon 39 min 100-ü qadınlardır. Yəni ölkədə hər 1000 kişiyə 1002 qadın düşür.

Ekspertlər qeyd edir ki, bioloji normaya əsasən əslində hər doğulan 100 oğlana 115 qız düşməlidir. Lakin son illərdə bu nisbət pozulur. Hesab olunur ki, bu, gələcəkdə əhalinin demoqrafik göstəricilərinə mənfi təsir göstərə bilər.

Ümumdünya Əhali Perspektivləri sənədinə əsasən, Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinin pozulması göstəricilərinə görə dünyada ikinci yerdədir. Birinci yerdə Çin, üçüncü yerdə Ermənistan, dördüncü yerdə isə Gürcüstandır.

Beləliklə, Azərbaycan mentalitetində, cəmiyyətində oğlan uşaqlarının doğulması daha arzuolunan olaraq qalır.

Mütəxəssislər ölkədə qız uşaqlarının sayının azalmasının ən birinci səbəb kimi geniş yayılan selektiv abortları göstərir.

Araşdırmalar onu göstərir ki, 90-cı illərin sonuna yaxın USM-in tətbiqindən sonra selektiv abortların sayı kəskin dərəcədə artmağa başlayıb. Xüsusən də bir qız övladı olan valideynlər ikinci və yaxud üçüncü qız övladını istəmir və aborta müraciət edir. Halbuki Azərbaycanda selektiv abort hüquqi baxımdan qadağandır.

Qanuna əsasən, hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır (6 həftəlik müddətə qədər ambulatoriya şəraitində, 6 həftədən 12 həftəyədək müddətdə isə yalnız stasionarda aparılmasına icazə verilir). Bu müddətdən sonra həyata keçirilən bütün abortlar (tibbi zərurət halları istisna olmaqla) qanun pozuntusudur.

Məlum olduğu kimi, 12 həftənin sonunadək embrionun cinsini müəyyən etmək mümkün deyil. Lakin bu bir faktdır ki, hamilə qadınlar bətnində qız övladı olduğunu bildikdən sonra əksər hallarda aborta üstünlük verir. Bu o deməkdir ki, ölkəmizdə selektiv abortlar qeyri-qanuni yolla daha gec hamiləlik dövründə həyata keçirilir.

Mehriban Zeynalova: ““Qaynar xətt”in yaradılması zəruridir”

Mehriban Zeynalova

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, yeni doğulan qız uşaqları ilə oğlanların arasında say nisbəti balanslaşmağa başlayıb:

“Əvvəllər yeni doğulan qızların sayı oğlanlarla nisbətdə  47 faiz təşkil edirdi. Halbuki illər öncə qızların sayı 51 faiz təşkil edirdi. İndiki rəqəmi  nisbətən normal hesab etmək olar. Bu onu göstərir ki, artıq balans tənzimlənməyə, yəni, görülən tədbirlər öz təsirini göstərməyə başlayıb.

Həmçinin Səhiyyə Nazirliyinin bu yöndə apardığı işlər də təqdirəlayiqdir. Dölün yoxlanılması, abortu ilə bağlı aparılan maarifləndirmə kampaniyalarının müəyyən təsiri var”.

Mehriban Zeynalova da qeyd edib ki, qızların sayının az olması sonradan nikah məsələlərinə təsir edir, qarışıq nikahların artmasına səbəb olur: “Bəzən qarışıq nikahı bioloji baxımdan yaxşı hesab edənlər var. İddialara görə, guya qan təmizlənir və sairə. Amma mən düşünürəm ki, bunun da özünəməxsus fəsadları var.

Beləliklə, son rəqəmlər onu göstərir ki, qızların sayında balanslaşma var. Son vaxtlarda sosial şəbəkələrdə qız uşaqları ilə bağlı aparılan kampaniyalar da öz təsirini göstərir. Şahidi oluruq ki, atalar həvəslə qızları ilə şəkil çəkdirir və onu sosial şəbəkədə paylaşırlar. Yəni qız uşaqlarına münasibət dəyişməyə başlayıb.

Amma ümumilikdə ailədə qız uşaqlarına, qadınlara qarşı münasibətdə dəyişiklik müşahidə edilmir. Son vaxtlarda qadınların evlərində öldürülməsi, onların intiharları ilə bağlı tez-tez informasiyalar yayılır. Biz əvvəllər deyirdik ki, oğlanlar daha çox ölür, amma son hadisələrdən görürük ki, qadınların ölümü heç də kişilərdən geri qalmır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148169

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930