Heyvanlar bizə gülür

15.06.2020 - 13:18

Ev heyvanı saxlayanlar yaxşı bilirlər: elə bir zaman gəlib çatır ki, ailənin tamhüquqlu üzvünə çevrilmiş heyvanla sahibi arasında emosional bağ yaranır. Bəs bu özünü necə büruzə verir? İtimizin və ya pişiyimizin bizim haqqımızda nə düşündüyünü anlaya bilirik

Bəzən itimizlə söhbət edirik, pişiyimizdən küsürük, tutuquşumuza özümüz haqqında başqa heç kimə deyə bilməyəcəyimiz şeylər danışırıq.

Bütün bunların tamamilə mənasız olduğunu bilsək də, ürəyimizin dərinliyində onların bizi başa düşdüyünə ümid edirik. Həm də bizə rəhmləri gəldiyinə. Yoxsa güldüyünə?

Heyvanlar bizi nə dərəcədə dərk edirlər? Məsələn, zövq alma hissinin onlarda da olduğunu bilirik. Bəs yumor hissi necə? Onlar zarafatın da nə olduğunu başa düşürlərmi? Özləri də zarafat edə bilirlərmi? Ya da ayağınızın üstünə ağır bir şey düşəndə, bizə yazıqları gəlirmi?

İtlər, pişiklər və digər canlılar da bizim kimi gülə bilirlərmi?

Biz nə üçün gülürük?

İnsanların özlərində gülmək qabiliyyəti inkişaf etdirməsinin səbəbi tam olaraq məlum deyil. Hansı dildə danışmasından asılı olmayaraq yer üzündə gülməyən insan yoxdur. Və hamımız bunu düşünmədən, spontan şəkildə edirik.

Gülüşümüz hardansa içərilərdən gəlir və biz heç cür onun qarşını ala bilmirik. O, siyarətedicidir, sosialdır, qədim insanlar gülməyi danışmağa başlamazdan daha əvvəl öyrəniblər (Yoxsa bu, sadəcə faydalı instinktdir?).

Gülüş insanları birləşdirən elementlərdən biri hesab olunur. Ancaq başqa bir nəzəriyyə də var – guya bu səs nə vaxtsa təhlükəylə (məsələn, saber dişli pələngin yaxınlaşmasıyla) bağlı xəbərdarlıq siqnalı rolunu oynayıb.

Qısası, niyə güldüyümüzü bilməsək də, bunu hamımız edirik. Bəs heyvanlar necə, onlar da gülə bilirlərmi? Bilmirlərsə, niyə?

Şənlənən meymunlar

Meymunlar – şimpanzelər, qorillalar və oranqutanlar bizim ən yaxın qohumlarımızdır, ona görə də oyun zamanı ifadə etdikləri məmnunluq hissinin, ya da onları zərif şəkildə qıdıqlayanda çıxardıqları səslərin bizimkinə oxşaması anlaşılandır.

Bu səslər bizim fısıltımızı xatırladır, bizə ən yaxın primatlarda (məsələn, şimpanzelərdə) isə daha çox insan gülüşünə oxşayır. Ancaq şənlənən oranqutanlar sevinclərini fərqli səslərlə ifadə edirlər.

Bu səslərin məhz simulyativ təsir (məsələn, qıdıqlama) zamanı ortaya çıxması insanların danışmazdan əvvəl gülməyi öyrənməsi ehtimalını doğurur.

Deylənə görə, Koko – işarələrlərlə danışmağı bacaran məşhur qorilla bir dəfə zoopark işçisinin ayaqqabılarının bağını açıb və işarəylə ona “İndi mənə çat, görüm çata bilirsənmi” deyib. Bəlkə də bu, heyvanların zarafat etmək qabiliyyətinin sübutudur.

Çoxdanışan qarğalar

Əlbəttə, imitasiya məsələsində daha bacarıqlı olanları (məsələn, kakadular) insan gülüşünü təqlid edə bilirlər. Hətta bəzi tutuquşularsa bu üsulla başqa heyvanlara sataşırlar da – məsələn, öz sahibləri kimi fit çalıb itləri çaşdırır və bundan aşkar zövq alırlar.

Qarğalar və qarğakimilər ailəsinin digər nümayəndələri özlərinə yem əldə etmək üçün müxtəlif “silahlardan” istifadə edirlər və bu onların bəlli səviyyədə intellekt sahibi olduğunu göstərir. Qarğalar həm də yırtıcıların quyruğundan tutub dartır. Bəs bu nə deməkdir?

İndiyə qədər hesab olunurdu ki, onlar bunu yırtıcının diqqətini yayındırıb onun yemini oğurlamaq üçün edirlər. Ancaq qarğaların heç bir yem olmadığı halda da belə davrandığını görənlərin sayı artır. Yoxsa onlar sadəcə əylənirlər?

Beləliklə, ehtimal etmək olar ki, bəzi quşlarda yumor hissi var və biz hələ ki, onların gülüşünü identifikasiya etməyi öyrənə bilməmişik.

Heyvanlar aləmində yumor

Deyəsən, bəzi başqa canlılarda da gülmək qabiliyyəti var. Məsələn, boynunlarının dibi qıdıqlanan siçanlar məmnunluqdan ciyildəyirlər.

Delfinlər bir-biriylə yalandan dalaşıb əylənəndə hərəkətlərinin həmcinslərinə qarşı təhlükəli olmadığını bildirmək üçün sakitləşdirici səslər çıxarırlar. Fillərsə belə hallarda, adətən, şeypur səsi çıxarırlar.

Ancaq bunların insan gülüşünün təqlidi olduğunu, yoxsa heyvanların müxtəlif situasiyalarda belə səslər çıxarmağı xoşladığını sübut etmək, demək olar ki, mümkün deyil.

Bəlkə də gülmək istəyərdilər…

Bizimlə birlikdə yaşayan itlərə və pişiklərə gəlincə: onlar bizə gülə, altdan-altdan bizimlə əylənə bilərlərmi?

İtlərdə gülməyə bənzəyən qabiliyyətin olduğunu sübut edən dəlillər var. Bu, insanların dərindən fısıldamağını xatırladır və parametrlərinə görə bədən temperaturunu tənzimləyən ağır nəfəsalmadan fərqlənir,

Pişiklərin təkamülü isə vəhşi təbiətdə emosiyalarını gizlətmək istiqamətində olub (Onlar itlərdən xeyli sonra əhliləşdiriliblər – red.)

Doğrudur, pişiklər daha çox həyatdan məmnun olduqları vaxt xoruldayırlar, ancaq bu, bir çox başqa şeyin də göstəricisi ola bilər – diqqəti özünə cəlb etmək cəhdindən tutmuş stres əlamətinə qədər.

Pişiklər dəcəllik etməyi xoşlayırlar, ancaq onların hərəkətlərində yumor hissindən daha çox sahibinin diqqətini özünə yönəltmək məqsədi hiss olunur.

Elm pişiklərin də gülə bildiyini hələ ki, sübut etməyib. Ona görə də arxayın ola bilərsiz – pişiyiniz sizi lağa qoymur.

Ancaq belə bir qabiliyyətə yiyələnə bilsə, əmin olun ki, fürsəti fövtə verməz.(BBC)

Short URL: http://www.cumhuriyyet.net/?p=148278

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728