Qarabağda əsgər ölümlərinə görə işdən çıxarılmış general Yerevanda yüksək vəzifə aldı
Ermənistanda bu günlərdə güc strukturlarının rəhbərlərinin qalmaqallı istefasının ardınca boşalan vəzifələrə yeni təyinatlar olub.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, general-leytenant Tiqran Xaçatryan Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisinin birinci müavini təyin edilib. Bu vaxta qədər Xaçatryan Baş qərargahın əməliyyat idarəsinin rəisi idi.
Xaçatryan Baş qərargah rəisinin birinci müavini postunda general Onik Qasparyanı əvəzləyib. Onik Qasparyan bir neçə gün əvvəl Baş qərargah rəisi Artak Davtyanın istefasından sonra onun yerini tutub. Davtyan koronavirusun tüğyan etdiyi bir vaxtda Yerevandakı villasında oğluna toy elədiyi üçün qalmaqala səbəb olmuşdu və istefa vermişdi.
Xəbər verilir ki, Baş qərargahın əməliyyat idarəsinin rəisi vəzifəsinə general-leytenant Karen Abramyan təyin olunub. Abramyan qondarma “dqr”də “müdafiə naziri” postunu tuturdu və 2020-ci ilin fevralında, işğalçı qüvvələrin sıralarında dalbadal baş verən əsgər ölümlərinə görə vəzifəsindən azad edilmişdi.
Xatırladaq ki, iyunun 8-də baş nazir Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəhbərini, Baş qərargah rəisini və polis rəhbərini vəzifələrindən azad edib. Bəzi məlumatlara görə, bu qərarlar Paşinyana qarşı hərbi çevriliş planlarının qarşısını almaq məqsədi daşıyır.
Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=148369