Siyasi məqsədlər üçün

17.09.2020 - 10:42

(aclıq aksiyası haqda sinik cızmaqara)

Qabaqlar bizdə bu cür söhbətlər adətən Avropa Şurası Parlament Assambleyasının – qısa adı dilimizdə yeməli şəkildə AŞ PA kimi səslənən idarənin növbəti sessiyası ərəfəsində aktual olardı. Yeməli həm də ona görə yazıram ki, ora gedən deputat nümayəndə heyətlərimiz həqiqətən çoxlu yeməli şeylər daşıyıb avropalılara Azərbaycan həqiqətlərini dadızdırmışlar. Elə özləri də Strasburq kafe-şantanlarında yaxşı yeyib-içmişlər. Bu barədə o heyətin rəhmətlik üzvlərindən biri deyərmiş ki, heç olmazsa ağsaqqal vaxtımda kama çatdım, yoxsa uca millətin qanacağı nə gəzirdi kasıb şairinə fransız şərabları nuş elətdirsin. İnsafən, haqlı iraddır. Bizim millət şairin acından ölməyinə, dar ağacından asılmağına, dərisinin soyulmağına balet eləyir. Şairin yaxşı yaşaması üçün kitablarına pul vermək isə qəbahət sayılır. Nəsə, mövzudan uzaqlaşmayaq, yoxsa əlaqədar orqanlar mövzunu tutub dama salarlar.

Mövzu da elə dam mövzusudur. Söhbət ondan gedir ki, bizdə günahsız məhbuslar məsələsi heç zaman həll edilmir. Həmişə bununla bağlı problem yaşayırıq, nəticədə görürdün şivən-haray qopdu: “Nümayəndə heyətimiz AŞ PA-ya getmək ərəfəsində siyasi məhbusların yeni siyahısını hazırlayanlar dövlət əleyhinə təxribat aparır, çalışırlar AŞ PA ilə Azərbaycanın arasını vursunlar, yarasını bursunlar, parasını alsınlar (məna-zad yoxdur, qafiyə tuturam) və sairə bla-bla-bla”. Bir neçə il qabaq dövlətimiz zirvəyə yüksəlib daha AŞ PA-nı heç vecinə almır. Yeri gələndə biz özümüz Almaniyada və Fransada insan hüquqlarını müdafiə edirik. Söz düşmüşkən, o sarı jiletlilərin axırı görəsən nə oldu?

Uzun sözün qısası, indi AŞ PA demaqogiyası işləmir, papaqdan təzə qafiyə çıxıbdır: “Filankəsin həyatı üzərində siyasi oyunlar qururlar, istəyirlər dustaq orda acından ölsün, bunlar da nə bilim nəsə eləsinlər”.

Əlbəttə. İki dəfə iki niyə dörd eləyir? Bizə sərf elədiyi üçün. Əks halda, yaxşı adam olsan beşə də bərabər eləyərdin. Həmçinin Ermənistan torpaqlarımızı işğal edərkən orda yaşayan əhalini qovmaq məqsədi güdmüşdür. Şair nədən qəm çəkər? Şeir yaratmaq üçün. Tanrı qızlar yaratmış, ərlərə satmaq üçün.

Hörmətli yoldaşlar, əziz dostlar, lap hesab edək bu müxalifətçilərin belə çirkin məqsədi vardır. Bəs bu məqsədi kökündən aradan qaldırmaq mümkün deyildirmi? O adamı azadlığa buraxsanız nə baş verəcək? (Özüm dustağın adını çəkmirəm, çünki burada “Həsən”, “Məmməd”, “Əli”, “Tofiq”, “Rafiq” yazmaqla heç zad dəyişmir. Hətta biz tarixi praktikanı nəzərə alıb çoxdan dustaqları nömrələməyə keçməliyik – biləklərinə qızmış dəmirlə rəqəmləri basmaqla). Başlayacaq növbəti dəhşətli cinayətləri törətməyə? Doğrudanmı həmin siyasi dustağın vintaçan götürüb həmin sıpaya oxşar zərərçəkəni vurduğuna ölkədə səmimi qəlbdən inanan hansısa adam var? Yoxdur axı. Hətta Səyavuş müəllim də inanmır. Adamı buraxın, çıxsın getsin evinə. Lap yenə siyasi çıxışlarını davam etdirsin. Nə olacaq? Dövlətçiliyimizin üzüyünün qaşı düşməyəcəkdir, əmin olun. Ümumiyyətlə, qüdrətli dövlətlər (bizimki kimi) heç vaxt əleyhinə danışan vətəndaşları tutmur. Əmələ keçsə başqa məsələ. Danışır, qoy danışsın. Axırda yorulub regionların inkişaf proqramına qoşular. Qüdrətli dövlət və hökmdarların bir əlaməti də qədim hind müdrikləri tərəfindən yazılıbdır: “Qüdrətli padşah zülm eləməyə qadir, lakin bunu etməyən padşahdır”.

Birinə siyasi məqsədlər üçün dustaq, o birinə siyasi məqsədlər üçün həmin dustağın ölməyi lazımdırsa, həmin məmləkətdə tərəqqi çətindir. Bunu isə Şah İsmayıl Xətai söyləmişdir. Zarafat edirəm, özümdən quraşdırdım. İstəyirəm arada gərginlik olmasın, hamı sağ-salamat qalsın, peykimiz səmalara uçsun, vintaçanlar da vintlərini açsınlar. Məsələn, içində deputatlığa namizədin 1 milyon dolları olan diplomatı açmaq lazım gələndə işlədilsinlər.

Lap axırda göydən üç alma düşsün, Keçəlin toyu olsun, qonaqlar o qədər yesinlər bığlarında bir kəfkir düyü qalsın. Biz də yeyək-içək, yerə köçək.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=154412

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930