Torpaqların distant azad edilməsi

23.09.2020 - 10:09

Bakının Türkan kəndində icra nümayəndəsi iki ağbirçək qadına yalandan ölüm kağızı düzəldib onlara məxsus torpaqları satmışdır. Neçə vaxtdır bizim qəzetdə bu mövzuda yazılar gedir, qadınları axırıncı dəfə Baş Prokurorluğun pilləkənləri üzərində reportaja almışdılar. Ancaq hələlik xeyri yoxdur, torpağı geri qaytara bilmirlər. Prinsipcə, burada gözlənilməz durum yaranmayıbdır, tarixən çox az olubdur ki, kimsə itirdiyi torpağı geri alsın. İsbat üçün ölkəmizin qərb istiqamətinə baxmaq yetərlidir. Ümid edək qadınların əzmkarlığı, dönməzliyi nəhayət fayda verəcək, onlar işğal edilmiş pay torpaqlarına geri dönəcəkdir, prokurorluq isə ATƏT-in Minsk Qrupu rolunu səmərəli yerinə yetirəcəkdir. Biz də gələn Novruz bayramında Türkan kəndindən qələbə reportajları hazırlayacağıq. Əslində dekabrda, dünya azərbaycanlılarının həmrənglik günü münasibətilə də bu qutlama baş verə bilər, niyə Novruza qədər gözləyək? Bu, əlbəttə, asılıdır əlaqədar orqanların fəaliyyətindən, səfərbərliyindən.

Sözgəlişi, uca millətimizin uşaqdan böyüyə, körpədən ağbirçəyə torpaq sevgisi çox yaxşı haldır, örnək üçün, bu hadisədə zərərçəkən türkanlı qadınlardan biri 80, o biri 90 yaşındadır. İnanılmaz mübariz insanlardır. Onlar da torpaqları uğrunda “ölmüşlər”. Kaş bu torpaq məhəbbətinin 8-9 faizi 90-cı illərdə hamımızda olardı, bəlkə ərazilərimizi itirməzdik. Bəlkə də itirərdik, nə bilim. O vaxt ölkəni və xalqın beynini qarışdıran o qədər daxili-xarici yaramaz ortaya çıxmışdı ki, yada salanda Bakının və Kürdəmirin bizdə qalmağına şükür eləyirsən.

Müəyyən məmurların həyasızlıq dərəcəsi də bizi düşündürür. Bu adamlar necə olur ki, qorxu-ürkü bilmədən kimlərinsə ölüm kağızını yazırlar? Ölülərin seçkilərdə səs verdiyini təşkil edənlər “ölülərin” torpağını əkişdirənlərlə eyni cinsdəndir. Son illər bu kateqoriyadan bəziləri cəzalanıb, ancaq rüşvətxor, korrupsiyaçı məmurların çoxu azadlıqda gəzir.

Təhsil pandemiya üzündən virtuala keçəndən bəri problemlər qabarır. Valideynlər, şagirdlər, müəllimlər, lap elə Təhsil Nazirliyinin özü də distant təhsili hər uşağın əldə edə bilmədiyini etiraf edir. İnternet, hər uşağa çatan kompüter, telefon və sairə yoxmuş. Təhsil saytları hamı girəndə çökürmüş. Və sairə (mən özüm dünən 6-cı sinfin onlayn “Tarix” dərsini izlədim, müəllim cəmi 3 uşağın qoşulduğu dərsi 25 dəqiqəyə yola verib ekranı söndürdü). Maraqlıdır. Axı eyni məmurlar Azərbaycanda internetə çıxış imkanlarının çox yüksək səviyyədə olmasını da söyləyir. Bəs o yüksək imkanlar niyə belə böhran anlarında özünü göstərmir? Pişik günahsızdırsa, ət hanı; ət budursa, pişiyi neynəmisiniz? Niyə başqa ölkələrdə camaat məktəbi bağlayıb rahatca distant təhsilə keçə bilir, biz keçə bilmirik? Təhsil Nazirliyi fürsət ikən qoy bunu da araşdırmağa başlasın ki, regionları demirəm, elə Bakının özündə kompüter otaqları doğrudan da işləyən, şagirdlərə informatika dərslərinin birbaşa elektron qurğularda, praktik formada aparıldığı neçə məktəb tapmaq olar. Daha doğrusu, olardı. İndi bu sualın bir qəpiklik önəmi qalmayıbdır – bütün məktəblər kompüter otaqları kimi qıfıllanıbdır.

Əgər bizim hərbi büdcəmiz Ermənistanın ümumi büdcəsindən çoxdursa, niyə axırda əsgər daşımaq üçün Məmmədağanın köhnə maşınına gözümüzü dikirik? Bu kimə lazımdır? Təbii, mən bu cür aksiyaların siyasi-ideoloji anlamlı olduğunu, xalq-ordu münasibətlərini dərinləşdirmək, düşmənə təzyiq-filan baxımından propaqanda məzmunu daşıdığını zənn edirəm, ancaq əks-effekti hesablamaq lazım deyilmi?

Bəlkə təsadüfi deyil, elə bu distant təhsil problemləri ilə eyni vaxtda keçmiş MTN şefi Eldar Mahmudovun oğlunun adı hallanan yazılar ortaya çıxdı. Yəni Azərbaycan xalqı başa düşməlidir ki, əgər bu gün uşaqları internetə girib virtual dərsi izləməkdə çətinlik çəkirsə, bunda da Eldar Mahmudov və onun oğlu kimilərin suçu vardır. Anar Mahmudov məhz Azərbaycanın rabitə sahəsində, internetlə bağlı ofşor şirkətlər yaradıb çirkli pullar qazanırmış. Bəs ona və atasına qarşı niyə hərəkət olmadı? Doğrudanmı rabitədə problemləri bir ara həbs edilən 3-5 adam yaratmışdı? Hərçənd indi onlardan da, deyəsən, “içəridə” heç kim qalmayıbdır. Bizdə uca millətdən başqa hər kəsin qapısı tez açılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154742

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930