Müəmmalı keçmiş

26.09.2020 - 11:07

Bizim camaat “müəmma” kəlməsini çox sevir. (“Bizim camaat” deyəndə 39-42-ci paralellərdə və dünyanın dörd tərəfində yaşayan 50 milyon xalqı nəzərdə tutmuram, Türkmənçay müqaviləsindən sonra Arazın bəri tayında qalanları deyirəm).
Biz gün kimi aydın məsələlərdə belə müəmma axtarırıq və mütləq tapırıq. Heç ola bilməz ki, nəsə bir hadisə baş versin və onun müəmmalı tərəfi olmasın.

Əslində təkcə biz deyilik, bütün dünya əhli müəmma axtarışına meyllidir, amma bizə çatan olmaz. Bizə görə, Qaqarinin ölümü də müəmmalıdır, Kennedinin qətli də, bin Ladenin məhv edilməsi də, Hitlerin intiharı da, Stalinin aqibəti də və s.
Aydın deyil də, qardaş, nə edək, tam şəffaflıq yoxdur, hansısa qüvvələr bu işləri edibsə, üstünü ört-basdır ediblər, amma müəmma izi buraxıblar.

Günümüzdə koronavirus hadisəsi var ha, Çin, ABŞ, Hindistan, İtaliya, Braziliya, Yaponiya pandemiya ilə barışıb, virusun təhlükəsini ciddiyə alıb, gecəbəgündüz vaksin hazırlamaqla məşğuldurlar, bir Rusiyadır, bir də bizik, dirəşmişik, “bu işdə bir müəmma var, qlobal güclərin işidir” deyirik.

Arada ötkəm sözlü adamlar nervilənir, deyirlər, qlobal güclərin işidir, cəhənnəmə, gora olsun, ağzınızı ayırıb tamaşa eləməyin, maska taxın, özünüzü qoruyun.

Amma müəmma olan yerdə olmur axı, biz gərək o müəmmanın vacehinə yetək, onun üstündəki pərdəni götürək, baxaq ki, altdakı müəmma nədən ibarətmiş.

Dünyəvi müəmmaların çözülməsi missiyası bizim boynumuzdadır.

Bəlkə də müəmmabazlıq şakərimiz üzündəndir ki, hər kəsin keçmişində nəsə bir müəmma olduğu barədə ciddi ehtimallara malikik. Ölkədə keçmişi müəmmalı olmayan adam yoxdur – Surətdən tutmuş ta akademiyanın həqiqi üzvlərinə qədər.
Hərçənd şəxsən mən Surətin keçmişində heç bir müəmma görmürəm. Adam müəmmasız-filansız elə günahların sahibidir ki, əgər cənnət-cəhənnəm söhbəti realdırsa, onu o məkanların heç birinə qoymayacaqlar, şəxsinə ayrı bir platforma düzəldəcəklər. Bu, nədən ibarət olacaq, bilmirəm, müəmmalıdır.

Yerdə qalan hamının, istisnasız olaraq hər kəsin keçmişində müəmma var – hər halda qarşılıqlı iddialardan belə çıxır.
Məsələn, o vaxt, 19 yanvarda Nemətin xalqı rus qoşunlarına müqavimət göstərməyə çağırmasını kim sifariş etmişdi – müəmmalıdır. Amma Nemət əksini etsəydi və qırğın olmasaydı, deyəcəkdik ki, rus qoşunu Bakıya müqavimətsiz girdi, xain Nemət qoymadı.

Rəhim Qazıyev Şuşada sui-qəsdə məruz qalmışdı – müəmması qalır. Ölsə, “Xalqın xilaskarı olacaq Rəhim Qazıyevi kim öldürtdü” müəmması hələ də başımızı xarab edirdi.

Tamerlan Qarayev 20 noyabrda Qarakənd üzərində terakta məruz qalan hərbi vertolyota müəmmalı şəkildə minməmişdi – 29 ildir dartışılır. Minmiş olsa, müəmmanın adı “niyə minmişdi” olacaqdı: “Ağdamda qalmalıykən onu Şuşaya kim göndərirdi?”

Belə misallar çoxdur, hamısını yazsam, gərək bəzi hörmətli adamlar kimi saytı öz yazılarım üçün işlədim.

Ancaq son vədələr belə məlum olur ki, adamların keçmişinin müəmmalı olması barədə eyhamlar daha intensiv səciyyə daşıyır. Yəni heç kəs başqasının keçmişindəki müəmmanın nədən ibarət olduğunu demir, açıb-tökmür, eləcə eyham edir və bu yolla çox danışanların az danışması və ya susması təmin edilir.

Bu yaxınlarda da elə bir şantaj xarakterli eyham oldu, şəkkak və maraqlı adamlar qulaqlarını şəklədi ki, görsünlər müəmma söhbətinin dalı gələcəkmi. Amma eyham yiyəsi müəmmalı şəkildə susdu.

Biz tələbə olan vaxt yeddi-səkkiz həmkəndli bir yataqxanada qalırdıq. Hər axşam birlikdəydik, söz-söhbətimiz, lağlağımız bol olurdu. İntəhası, hərdən mübahisə də edirdik. Bir dəfə iki həmkəndlimizin sözü çəpləşdi, yarızarafat-yarıciddi səpkidə xeyli söz güləşdirdilər, axırda biri o birinə dedi ki, mən nəslinizin keçmişinə dair elə müəmmalı şeylər bilirəm ki, desəm, bir də danışmazsan. Mübahisə kəsildi. Şantajçı kəndçimiz qalibanə şəkildə öz otağına getdi, o biri qaldı və başladı səsli fikirləşməyə: “Görəsən, bu yaramaz bizim nəslin keçmişinə dair nə bilir? Nə qəbahət işimiz olub? Niyə heç kəs bilmir, amma o bilir?”

Tələbə yoldaşımız zarafatcıl uşaq idi, dedi, amma nə bilmək olar, babam tərəkəmə olub, bir yanı Gorus, bir yanı İmişli, yaylaq-qışlaq manevrləri edib, dinc durmamış ola bilər.

Başqa bir zarafatcıl otaq yoldaşımız da dedi, yox, elə olsa, bu töhmət predmeti olmaz, qorxuram, nənən dinc durmamış ola.
Lap sonralar aydın oldu ki, şantajçının əlində “müəmmalı keçmiş”ə dair fakt yoxmuş, rəqibini susdurmaq üçün elə deyirmiş. Bir iş pis oldu ki, adamda vərdiş əmələ gəldi, mübahisə zamanı tez-tez “elə şeylər bilirəm ki” deyirdi…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154915

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930