Üsyankar səfir danışdı: “hakimiyyətin addımlarından tam xəbərim var və bununla bağlı müvafiq tədbirlər görürəm”

10.07.2015 - 10:14

Arif Məmmədov: “Hakimiyyətdəki mühafizəkarlar indiyə kimi mənə bunu bağışlaya bilmirlər”

arifmemmedovBir müddət əvvəl qalmaqallı çıxışlarından sonra İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılan Arif Məmmədov “Yeni Müsavat” ın suallarını cavablandırıb.

– Müxalifətə keçməyinizlə bağlı bəyanatınızdan sonra bir qədər susqunluğunuzun səbəbi nədir?

– Tam düz qeyd etdiniz ki, məsələnin sakitləşməsi görüntüsü yaranıb. Amma həqiqət fərqlidir. Mənə qarşı təşkil olunmuş kampaniya daha kəskin və ilginc formada davam etdirilir. Mənim hakimiyyətin addımlarından tam xəbərim var və bununla bağlı müvafiq tədbirlər görürəm. Mənim mövqeyimə və fəaliyyətimə gəlincə, demək istərdim ki, həddindən çox görüşlər keçirirəm. Bir sıra önəmli beynəlxalq tədbirlərə dəvət olunuram. Mən 20 ildə kifayət qədər ad və dost qazanmış bir insanam və vəzifədə olmağım və ya olmamağım mənə heç bir problem yaratmır. Elə indinin özündə də Norveçdə təşkil olunmuş sülhün təminatı və preventiv diplomatiya sahəsində təlimdə iştirak edirəm. Son bir ayda bir sıra maraqlı iş təklifləri də almışam. Bir az düşünmək və təhlil etmək vaxtıdır.

– Azərbaycana nə zaman gəlmək niyyətiniz var?

– Doğma vətənə gəlmək mənim üçün hər zaman ən böyük sevinc olub. Bildiyiniz səbəblərə görə indiki vaxtda bu mümkün deyil. Amma ən böyük arzum olaraq qalır və inanıram yaxınlarda qayıdacağam.

– Avropa Oyunları bitdi. Cəmiyyət üçün hansısa narahatedici hadisə gözləyirsinizmi?

– Avropa Oyunlarında bizim idmançılarımız ən yüksək nəticələr göstərdilər və mən hər bir azərbaycanlı kimi buna çox sevinirəm və qürur duyuram. Eyni zamanda cəmiyyətdə bu oyunlarla və xərclənən vəsaitlərlə bağlı açıq və cavablandırılmayam suallar qalır. Hesab edirəm ki, hökumət cəmiyyətdə toplanan bu suallara şəffaf şəkildə cavablar verməlidir. Bu, normal bir haldır və bütün cəmiyyətlərdə qəbul edilmiş qaydadır. Cəmiyyət suallara düzgün və şəffaf cavablar alarsa, narahatedici hadisə də olmaz.

– Parlament seçkiləri qabağı cəmiyyətdə hər hansı aktivlik olacaqmı? Sizin müşahidələriniz nədən ibarətdir?

– Açıq aktivlik hələ görünmur, amma daxildə ciddi çaxnaşmaların olduğu sirr deyil. YAP-ın son bəyanatı və bəyanatın təcili təkzibi bunun göstəricisi ola bilər. Eyni zamanda təəssüf ki, əvvəlki seçkilərdə olduğu kimi, bəzilərinin “müxalifətçi donunda” hakimiyyətlə razılaşma edərək deputat mandatlarını “qazanmaq” cəhdləri də göz qabağındadır.

– Cəmiyyətdə müəyyən kəsim bu fikirdədir ki, uzun illər iqtidar düşərgəsində olan insanların üz döndərdikdən sonra müxalifət tərəfindən xilaskar kimi qəbul edilməsi doğru deyil. Siz bunun əksi olaraq nə deyə bilərsiniz?

– Mən bir diplomat kimi hər zaman ölkəmin və millətimin maraqlarını beynəlxalq qurumlarda qorumuşam. Özümü heç bir vaxt hansısa düşərgəyə qatmamışam. Bir peşəkar kimi öz funksiyalarımı icra etmişəm. Mən Azərbaycanın Avropa Birliyinin yanında səfiri işlədiyim vaxt ölkəmizin bu təşkilatla münasibətləri ən yüksək səviyyədə idi. Biz Avropa Birliyi ilə inteqrasiya məsələlərində həm Ermənistandan, həm Gürcüstandan, həm Moldovadan və həm də Ukraynadan daha irəlidəyik. Biz təşkilatın qapılarından qürur hissi ilə girirdik. Münasibətlərə xələl gətirmək istəyən mühafizəkarların cəhdlərini də hər zaman puç etmişəm və müdaxilələrə imkan verməmişəm. Hakimiyyətdəki mühafizəkarlar indiyə kimi mənə bunu bağışlaya bilmirlər. Mən əvvəllər yazmışdım ki, elə mənə qarşı təşkil olunmuş kampaniyanın kökləri də bu məsələdən irəli gəlir.

– Siz AXCP-yə və Milli Şuraya inanmağa çağırış etmisiz. Bəzən belə suallar da yaranır ki, məsələn, siz Müsavat başqanının həbsdəki müavinləri Tofiq Yaqubluya və ya Yadigar Sadıqova inanmırsınız?

– Həm Tofiq bəy, həm Yadigar bəy xalqımızın cəsarətli oğullarıdır, onlara və onlar kimi minlərlə müsavatçılara mən tam olaraq inanıram. Tofiq bəydən bizim gənc nəslimiz, hərbçilərimiz nümunə götürməlidirlər. Tofiq Yaqublu Qarabağ döyüşçüsü kimi, bəlkə ilk dəfə kövrələrək, ancaq hərbi addımını dəyişməyərək həbsxanadan yas mağarına getməsi ilə xalqımızın ən güclü kişi obrazının daşıyıcısı oldu. Hansısa rəssam bu qəhrəman türk oğlunun rəsmini çəksəydi, bu dünyada bəlkə ən güclü kişi obrazının təcəssümü olardı. Allah bütün qardaşlarımızın qapılarını tezliklə açsın, doğma və yaxınları ilə tezliklə birləşsinlər. İnanın, Nərgiz Yaqublunun vəfatı məni çox sarsıtdı. Nərgiz əsl gözəl və mübariz Azərbaycan qızının simvolu oldu. Nərgizin ad gününün Azərbaycan qadınlar günü kimi qeyd edilməsini təklif edərdim. Yaxud Nərgizin ad gününu Azərbaycan gənclər günü kimi qeyd etmək yaxşı olardı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27939

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728