Təbrizim, Təbrizim, gözəl Təbrizim – FOTOLAR, VİDEO

22.07.2015 - 02:29
rrBaxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!
 
Azərbaycanlıların mənəvi paytaxı qədim Təbriz şəhəri…Təbriz İranın 4-cü böyük şəhəri olsa da Güneyli – Quzeyli azərbaycanlıların Bakıdan sonra 2-ci böyük şəhəridir. Təbriz bütöv Azərbaycanın rəmzi, incisi, əzəməti, iftixarıdır.
Əhatəsindəki dağlar Təbrizə daha da möhtəşəmlik, əzəmətlik, məğrurluq verir. Şəhər Eynəli dağının cənubunda, Səhəndin şimalında, Surxab dağının ətəyində yerləşir.
Bəzən Təbrizi Bakı və ya qədim Gəncə ilə də müqayisə edirlər. Doğrudur, oxşarlıq olsa da fərqli cəhətlər də çoxdur. Şəhərə daxil olarkən adama elə gəlir ki, sanki şəhərdə hündürmərtəbəli binalar yoxdur. Bir-birinə çox yaxın yerləşmiş qırmızı çiy kərpicdən tikilən, dam örtükləri olmayan xırda evləri, dar küçələri, çadralı qadınları görəndə elə fikir yaranır ki, şəhər sivilizasiyadan geri qalır. Lakin şəhərin mərkəzinə doğru irəlilədikcə göz oxşayan, müasir çoxmərtəbəli binaları, dəbdəbəli 5 ulduzlu otelləri, idarə və təşkilat mərkəzlərini gördükdə bu fikir tamamilə alt-üst olur. Ümumiyyətlə isə Təbrizdə istər varlı istərsə də kasıb evlərinin dam örtükləri yoxdur.
 
Təbrizin küçələri dolanbadolan…
Təbrizin qədim məhəlləri İçərişəhəri xatırladır. Məhəllələri gəzdikcə məşhur “Qaragilə” mahnısı qulaqlarımızda səslənir: “Təbrizin küçələri dolanbadolan…” Sovet dönəmində Azərbaycanda bu mahnıya, onun sözlərinə senzura qoyuldusa da qəlblərdə Təbriz sevdasına qarşı senzura yaratmaq mümkün olmadı.
Qədim şəhərin küçə və xiyabanları hər zaman təmiz və səliqəli olar. Burda küçələri yalnız kişilər süpürüb təmizləyər. Qadınların küçə süpürməsinə qətiyyən rast gəlinməz. Təbrizlilər qadınların küçə süpürməsini böyük qəbahət hesab edərlər. Burda xanımlara kifayət qədər hörmətlə yanaşılır. Kişilər məişətdə, ev işlərində xanımlara yaxından kömək edərlər.
Şəhərin küçələrində çox az sayda xarici markarlı avtomobilləri görmək olar. Əsasən İran istehsalı olan “Peykan” avtomobillərindən istifadə edilir. Xarici markalı avtomobillərin ölkəyə gətirilməsi çox baha başa gəlir. Bu da bir siyasətdir, İran höküməti hər vəcdlə çalışır ki, əhali daha çox ölkənin istehsal etdiyi avtomobilləri alsın.
Təbrizin yol infrasturukturu yüksək səviyyədə qurulub. Burda xeyli avtomagistrallar var. Taksi və avtobuslar üçün xüsusi zolaq ayrılıb ki, nəticədə avtobuslar nəyliyyatda rahatca hərəkət edə bilir.
Avtobuslarda qətiyyən sərnişin sıxlığı olmur. Adətən kişi sərnişinlər avtobusun ön tərəfində, qadınlar isə arxa tərəfində əyləşir. İri, zövqlü avtobusların əksəriyyətində kondisionerlər var. Bir sözlə avtobusla şəhərin bu başından o biri başına gedənəcən insanın ruhu da incimir. Avtobuslarda ödəniş əsasən kart sistemi ilə aparılır. Nəqliyyatda motosiklet və velosipeddən də geniş istifadə edilir.
Təbrizdə qadın sürücülərinin sayı heç də kişilərdən geri qalmır. Az sayda velosiped sürən qadınlara da rast gəlmək olur.
Şəhərdə olduğumuz zaman heç vaxt tıxac vəziyyəti ilə qarşılaşmadıq.
İlklər şəhəri
Təbriz ilklər şəhəridir. Güney Azərbaycanda ilk məktəb, ilk kitabxana, ilk çap evi, ilk uşaq baxçası, ilk lal və kar uşaqlar üçün məktəb burda açılıb, ilk telefon qovşağı, ilk asfalt yolu bu şəhərdə çəkilib.
Təbriz Mövlana Cəlaləddin Rumiyə ustad olan Şəms Təbrizli, Şəhriyar kimi ustad şairlər, “Millət rəhbəri” kimi tanınan Səttərxan, “Xalq sərkərdəsi” Bağırxan, onların davamçıları olan Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri kimi qəhrəman oğulllar yetişdirib.
Təbriz insanı dövrün bütün mərhələlərində öz mübarizliyi, millətçiliyi ilə seçilib. Doğma Təbrizin sakinləri də elə özü kimi doğma, gülərüz, mehribandır. Əhalinin 97%-ə qədəri doğma ana dilində, Azərbaycan türkcəsində danışır. Bu faktı görmək üçün onun bazarlarına getmək kifayət edər.
Bakılılar…
Təbrizdə Azərbaycandan gələn hər kəsi “bakılı” adlandırırlar. “Bakılı”lar bura daha çox müalicə almaq üçün gələrlər. Bunun sayəsində həkimlərin, otel işçilərinin iqtisadi durumu xeyli yüksəlib. Taksi sürücüləri də bu işdə fəallıq göstərirlər. Onlar bura gələn turistlərə müvafiq otellərə yerləşməkdə, savadlı həkimləri tapmaqda köməklik göstərirlər. Özlərini də dediyi kimi bu işdən faizlə gəlir əldə edirlər. Bu bir növ biznes halını alıb.
Əməkdaşlarımıza bələdçilik edən taksi sürcüsü Təbrizə müalicə üçün deyil, məhz doğma şəhəri, mənəvi paytaxtımızı görmək üçün gəldiyimizi bilincə xeyli təəccüb etmişdi.
Təbrizlilər küçələrdə sakit tərzdə gəzər, səbrlə, astadan danışarlar. Onların dediklərinə görə Bakıdan gələn qonaqları uzun məsafədən ayırd edə bilirlər. Çünki quzeyli azərbaycanlılar təbrizlilərdən fərqli olaraq səs-küylü, yüksəkdən danışırlar.
“Rədd ol…”
Təbrizlilərin ləhcələrində elə sözlər var ki, onlar Quzeydə tam fərqli mənalarda işlədirlir. Məsələn, “rədd olmaq”. Bu sözü ilk eşitdiyimizdə söhbətin məğzini anlamamışdıq. Birdən-birə “filan tərəfə rədd olarsız” kəlməsini eşidəndə donub qalmışdıq. Sonradan məlum oldu ki, təbrizlilər bu sözü “getmək” mənasında işlədirlər. Yaşlı insanlar isə bəzən “sevmək” sözünü ləhcə ilə “söymək” deyərlər.
“Azərbaycan var olsun, istəməyən xar olsun!” 
Doğma Təbrizdən söz açıb onun məşhur “Traxtur” futbol komandasından danışmamaq günah olardı. Milyonların sevimlisi olan “Traxtur” 1970-ci ildə yaranıb. Klubun sponsoru Təbrizin ən böyük zavodlarından biri olan Traktor zavodudur. Klub bir neçə dəfə İranın Federsiya çempionatında ikinci yer qazanıb.
“Traxtur” klubunun azarkeşləri digər İran futbol azakeşləri arasında ən çılğını, ən mübariz, ən səs-küylü olanıdır. Komandanın oyunları keçiriləndə stadionun yarıdan çoxunu “Traxtur”un azarkeşləri təşkil edir. Komanda azarkeş sayına görə İranda rekord qırıb. Hesablamalara görə “Traxtur”un oyunlarına 60 mindən çox azarkeş toplanır. Onlar sevimli komandalarının qalib gəlib-gəlməməsindən aslı olmayaraq hər zaman alqışlayırlar. Bəzən stadionda yer olmadığından azakeşlər stadiona yaxın olan ərazilərdəki təpələrə çıxaraq oyuna tamaşa edirlər.
Komandanın qadın azarkeşləri də var. İranda qadınların stadiona daxil olması qadağan olunduğundan qadın azarkeşlər də təpələrə çıxıb oyuna azarkeşlik edir. Bu isə İranı çox narahat edir. Buna görə də oyunlar zamanı bir neçə dəfə onlarla qadın azarkeş saxlanılıb. Onlar  bir daha azarkeşlik etməyəcəkləri barədə iltizam aldıqdan sonra sərbəst buraxılıblar.
Azarkeşlərin demək olar ki, hamısı türk soylu insanlardır. Oyunlar zamanı İranın hər yanından o cümlədən Türkiyədən, Azərbaycandan minlərlərlə “Traxtur”çu  azarkeşlər axışır.
Son illər isə “Traxtur” klubu İran dövlətində yaşayan türklərin kimlik mübarizəsinin simvoluna çevrilib.
Azakeşlərin tez-tez səsləndirdikləri şüarlar bunlardır: “Yaşasın Azərbaycan!”, “Azərbaycan var olsun, istəməyən xar olsun!” “Traxtur”çular təkcə Güneyin deyil, Quzey Azərbaycanın da problemlərini qabardırlar. Tez-tez oyunlarda mənfur ermənilərə etiraz olaraq “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirirlər. Bəzən bu cür şüarlara görə komanda cəzalandırılıb, hətta bəzi oyunlarını azarkeş dəstəyi olmadan keçirməli olub.
Azrkeşlərin 2010-cu ildə Urmiya gölünün qurumasına etiraz olaraq keçirdikləri aksiya bütün dünyaya səs saldı. Təbrizdən, Urmiyadan və Güney Azərbaycanın bir çox şəhərlərindən yüzlərlə azakeş gölün ətrafına yığılaraq gölə rəmzi su tökdülər. Aksiya zamanı onlarla fəal həbs edildi. Onların bəziləri hələ də həbsxanalardadır.
Virtual asıllıqdan uzaq gənclik
Təbriz gənclərinin internet, telefon asıllıqları yoxdur. Mobil telefondan daha çox danışıq üçün istifadə edərlər. Ümumiyyətdə isə İranda internet üzərində senzura var. Facebook, Youtbe kimi məşhur saytlara girmək, bir neçə mətbuat orqanlarını izləmək müşkül məsələdir. Lakin əhali buna da çarə tapa bilib. Smart filtirləməni sındıra bilən xüsusi vasitələrlə istədikləri internet saytlarına giriş edə bilirlər.
Təbriz gənclərinin geyimləri yaşlılardan xeyli fərqlənir. Gənc qızlar çox nadir hallarda çadra geyinər. Qızlar adətən saçlarının ön qismini açıq qoyarlar. Təbrizdə olarkən bir şeyi müşahidə etdim, gənc xanımlar qaşlarını qalın formada tatuaj etdirmyə çox meyillidirlər.
Gənc oğlanlar isə yaşlı kişilərdən fərqli olaraq saçlarını  müasir formada uzadar, qısa qol, dar köynəklər geyinərlər.
Təbrizdə sulu qəlyan çəkmək bir növ adətdir. Hətta gənc xanımlar da resotran və kafelərdə çəkinmədən qəlyan çəkərlər. Təbriz bazarını gəzəndə də müxtəlif olçü və formada qəlyanlara rast gəldik. Bu qəlyanlar o qədər gözəldir ki, istifadə etməsən belə almaq istəyirsən.
“Səngəh” çörəyi
Təbrizin müxətlif növ ətirli çörəklərinin demək olar ki, hamısı təndirdə bişirillir. Yalnız son vaxtlarda bəzi evlərdə fırında çörək bişirilir. Şəhərdə daha çox uzun, iri formada olan səngəh çörəyi istifadə olunur. Təbrizlilər bu çörəyi əsasən isti halda almağa çalışırlar. Onu heç nəyə bükmədən əllərindəcə evə çatdırmağa tələsirlər. Deyim ki, nədənsə bu çörəyə duz çox az vurulur.
Təbriz süfrəsini əsasən düyü yeməkləri, şorbalar, müxtəlif səbzələrdən hazırlanmış isti xörəklər bəzəyir. Çörək qismindən, ətdən çox az istifadə edilir. Hətta restoranlarda da süfrəyə çörək verilmir, əvəzində isə suda qaynadılmış düyü olur. Bəlkə də bu səbəbdən Təbriz insanı yaşından xeyli cavan və şux görünür. Əhali sağlam həyat tərzi keçirir, idmanla məşğul olur, daha çox açıq havada  vaxt keçirməyə üstünlük verir. Axşama doğru park və xiyabanlarda yaşıllıq üzərində əyləşir, yemək süfrəsi açarlar. Dəfələrlə yaşıllıq üzərində doğum günü keçirən insanları gördük. Bir sözlə, bütün təbəqədən olan insanlar könüllərindən keçdiyi kimi istirahət etməyə, dincəlməyə çalşır.
 
Abidə və muzeylər…
Qədim tarixə malik Təbrizin min illikləri özünə əks etidərn abiədələri, məşhur muzeyləri var. Onlar arasında Göy məscid, Cümə məscidi, Ərk qalası, Məşrutə evi, “Azərbaycan muzeyi”, “Dəmir dövrü muzeyi” və s. göstərmək olar. Muzeylər hər zaman tursitlərin üzünə açıqdır, lakin nə az, nə çox düz üç dəfə baha qiymətə. Turistlər yerli əhaliyə nisbətdə üç dəfə baha qiymətə bilet alıb muzeylərə daxil ola bilir. Məsələn, Azərbaycan muzeyi və yaxud Göy Məscidə daxil olmaq yerli əhali üçün 1000 tüməndirsə, tursitlər üçün bu qiymət 3500 tüməndir. Bu isə turistlər üçün heç də sərfəli deyil. Çox güman ki, bu amil turistlərin Azərbaycanın qədim tarixi və abidələrinə olan maraqlarının azalması üçün atılan adımalardan biridir. Muzeylərdəki eksponatlar barəsində yalnız ərəb-fars əlifbası və ingilis dilində qeydlərə rast gəlmək mümükündür. Təbrizin bir çox qədim abidələrinin qorunmasında açıq-aşkar etinasızlıq var. Məsələn, tarixin mübarizlik simvoluna çevrilən Ərk qalasının qarşısı avtomobil dayanacağına çevrilib.
Təbriz otelləri
Bu gün Təbriz hərtərəfli inkişaf edir, daha böyük nailiyyətlərə doğru irəliləyir. Mərkəzdə xeyli sayda hündürmərtəbəli binalar ucalır, nüfuzlu otellər yaradılır, dünya standartlarına uyğun yeni xəstəxanalar tikilir. Burda 2 və 5 ulduzlu otellər var. Orta hesabla  gecəsi 7 manata olan müsafirxanalar  var ki, bu da Təbrizə təşrif buyuran qonaqlar üçün çox əlverişlidir. Gələn qonaqların əksəriyyəti müalicə üçün təşruf buyuranlardır.
Füsünkar Təbriz gecələri…
Təbrizin gündüzləri kimi gecələri də füsünkardır. Onun küçə və xiyabanları, mağaza və dükanları göz oxşayan bərqlərlə bəzədilib, bu da Təbrizi gecə zamanında daha da gözəl göstərir.
Təbrizi günlərlə vəsf etsək yenə də azdır. Bu şəhər və onun insanları ilə yaxından tanış olub sonra isə ayrılmağın nə qədər acı olduğunu onu yaşayanlar bilir..
    Araz bölmüş ortasından
    İki parça Azərbaycan.
    Təbriz, Bakı qoşa paytaxt
    Orda bir can, burda bir can…
Xalidə Gəray, Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28620

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728