Yeni intihar dalğası: Abituriyentlərin özlərinə qıymalarının səbəbi nədir?

30.07.2015 - 10:20
“İntihar edən gənclər məqsədinə nail ola bilməkləri üçün intihar etməyiblər, ətrafdakıların psixoloji təzyiqlərindən buna vadar olublar”

intihar4Ali məktəbə imtahan verib, yetərli nəticə göstərə bilməyən iki gəncin intiharı ölkə gündəminin ən çox müzakirə olunan mövzusuna çevrilib. Məlumat üçün xatırladaq ki, intihar edən gənclərdən biri Kürdəmir rayonunun Pirili kəndində yaşamış 1997-ci il təvəllüdlü Qəhrəmanova Bikəxanım, digəri isə Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Ruhin Bədəlovdur. Hər iki abituriyent yaşadığı evdə özünü asaraq, intihar edib. Bikəxanım Qəhrəmanovanın nişanlı olduğu da deyilir. Bir-birinin ardınca iki belə hadisə cəmiyyəti düşünməyə vadar edib. Sosial şəbəkələrdə aparılan müzakirələrdə kimi təhsil sistemini, kimi gənclərin üzərində basqı edən valideynləri, kimi də gənclərin özlərini günahlandırıb. İstənilən halda, ortada insan ölümü kimi dəhşətli bir fakt varsa, problemin köklərinin araşdırılması vacibdir.

Musavat.com ali məktəblərə qəbul imtahanları başlamazdan öncə abituriyenlərin psixoloji hazırlığı, bu məsələdə müəllimlərin və valideynlərin məsuliyyəti ilə bağlı dəfələrlə maarifləndirici yazılar yazmışdıq. Problemin aktuallığını nəzərə alaraq, yenidən bu məsələyə qayıdırıq. İki gəncin intihar etməsi o deməkdir ki, imtahanda uğursuzluqla üzləşən minlərlə gənc ya intihar, ya da ağır depressiya ərəfəsindədir.
Məsələyə münasibət bildirən psixoloq Dəyanət Rzayev də bu intiharlar silsiləsinin davam edəcəyi ilə bağlı narahatlığını ifadə etdi: “Bu məsələ hazırda çox aktualdır. Psixologiya baxımından, bu hal induksiya xarakteri də daşıya bilər. Yəni bir abituriyentin özünü asmasının ardından ikinci belə bir hadisə baş verdi və ya iki nəfər eyni gündə özünü yandırdı. Ancaq bu məsələyə obyektiv yanaşsaq, görərik ki, gənclər həddindən artıq sıxışdırılır. Orta məktəbi bitirmək üzrə olan bir şagird son iki ili həm məktəbə, həm də repititor yanına gedir. Bu çox böyük fiziki və zehni gərginlik yaradır.
Digər tərfdən, valideyn külli miqdarda pul xərcləyir və yeniyetmə özünü bir qədər də borclu hiss edir. Burada bir sual da aktualdır ki, məktəblər niyə normal dərs keçmir və niyə şagirdlərin bütün göstəriciləri onların son iki ildə getdiyi hazırlıqlardan asılıdır?
Deməli, təhsilimiz həddindən artıq aşağı səviyyədədir ki, şagirdlər repititor yanına getməyə məcbur olur. Bu prosesə külli miqdarda pulun xərclənməsi uşaqlarda günah hissi formalaşdırır. Onlar düşünür ki, valideynim əziyyət çəkir, pul qazanır, geyimindən, yeməyindən, əyləncəsindən kəsib, məni hazırlaşdırır. Və deməli, nə olursa-olsun, mən ali məktəbə daxil olmalıyam. Valideynlər qarşısında məsuliyyət, qohumlar qarşısında məsuliyyət, qonşular, müəllimlər, sinif yoldaşları qarşısında məsuliyyət yorğun, zəif bir yeniyetmənin üzərinə yüklənir. O, öz gələcəyindən, ixtisasından çox ətrafı haqqında düşünməli olur, özünü təzyiq altında hiss edir”.
Psixoloq məqsədsiz olaraq, seçilən ixtisasların nə gənclərə, nə də cəmiyyətə bir fayda vermədiyini də vurğuladı: “Oxuyanların sonrakı həyatına baxsaq, onlardan çox az qismi ixtisası üzrə çalışır, oğlanlar işsizlikdən məcbur olub, fəhləlik, alverçilik edir, qızlar da ərə gedirlər. Bunun üçün də həyatdan imtina etməyə dəyərmi? Bu cür ali təhsil, bu cür diplom nəyə gərəkdir? Dünyanın ən varlı insanı Bill Geytsin ali təhsili olsa da, diploma yoxdur. Dünyada inqilab edən Stive Cobsun diploma yoxdur. Azərbaycan xalqı isə diplom xəstəsidir. Bu, çox böyük faciədir.
İntihar edən gənclər məqsədinə nail ola bilmədikləri üçün intihar etməyiblər, üzləşdikləri təzyiqlər ucbatından buna vadar olublar. Statistika göstərir ki, intihar edən insanların 95 faizi normal, sağlam insanlar olurlar. Özünü öldürənləri “xəstədir” adı ilə ört-basdır etmək olmaz. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, intihar edən insanlar adətən, yaşı 40-dan yuxarı, narkotik, alkoqol asılılığı olanlar, hansısa xəstəlikdən əziyyət çəkənlərdir.
Bizdə isə uşaqlar özünü öldürür və bu, böyük bir faciədir. Niyə gənc universitetə imtahanla girməlidir? Niyə Almaniyada, Avropanın digər ölkələrində ali məktəblər hər kəsin üzünə açıqdır, bizdə yox..? Orada gənclər birinci kursu bitirəndə imtahan verir ki, bu fakültədə oxumağa nail olub, ya yox… İmtahanı verə bilməyəndə ya kursda qalır, ya da oxumaqdan imtina edir. Bizdə isə belə bir şans tanınmır”.
 Ekspert onu da qeyd etdi ki, Avropa ölkələrində olduğu kimi, hər bir gəncə təhsilini davam etdirmək şansı tanınmalıdır: “Bu test sistemi çox yararsızdır, gənclərin istedadının itməsinə səbəb olur. Yeganə müsbət cəhəti odur ki, rüşvətin qarşısını alıb. Ancaq burada insan faktoru ikinci plana keçir. Bütün dünyada universitetə qəbulla bağlı sistem başqadır. Heç yerdə bu qədər imtahan yoxdur. Mənim fikrimcə, bu test sistemini ləğv etmək və başqa ölkələrin müsbət təcrübəsindən faydalanmaq lazımdır. Valideynlərə demək istəyirəm ki, öz övladlarına dəyər versinlər. Sonra gec olar. Mən dəfələrlə demişəm ki, uşaqlarınızın ali məktəbə sənəd verməsini heç kimə deməyin, qoy, basqı altında qalmasınlar. Siz heç kimə hesabat vermək məcburiyyətində deyilsiniz”.
 Azərbaycan Təhsil Şurasının sədri, təhsil üzrə ekspert  Əjdər Ağayev isə qeyd etdi ki, hər bir hadisə üzrə araşdırma aparmadan, həmin insanların fizioloji, psixoloji durumunu öyrənmədən hökm vermək mümkün deyil: “Bu hadisələr üzərində mütləq araşdırma aparılmalıdır ki, həmin insanların iradəsi, temperamenti necə olub. O ki, qaldı bu məsələdə valideynlərin və ya təhsil sisteminin günahlandırılmasına, konkret olaraq, təhsil sistemini günahlandırmaq olmaz. Böyük ehtimalla həmin gənclər iradə baxımından zəif olublar. Həmçinin bir il ərzində verilən imtahanların çoxluğu gəncləri çox yorur. Təsəvvür edin ki, birinci sinifə qəbulda imtahan, 9-cu sinifi bitirəndə imtahan, 11-ci sinifdə onlarla imtahan, sınaq imtahanları, buraxılış imtahanları, ali məktəbə qəbul imtahanı və sair…
Normal bir dərs keçirilmədiyi halda, gəncləri bu qədər imtahana cəlb etmək olarmı? Axı, onlar hələ çox cavandır, hazırki ekoloji pozuntular zamanında yedikləri çörək, içdikləri su da keyfiyyətsizdir. Axı, onlarda o qədər güc yoxdur. Bu, onlarda əsəbiliyə gətirib, çıxarır. Valideynlər orta təhsilin son illərində uşaqlarını repititor yanına göndərir, 10-15 min manat, bəzən daha çox pul xərcləyir. İmtahanın nəticələri uğursuz olanda valideyn uşağın üstünə düşür  ki, bəs mənim əziyyətim hədər getdi, nəticəsi nə oldu? İradəsiz, uğursuzluğa düçar olan gənc də əsəbləşir, kritik həddə çatır və özünü intihar yolu ilə təsdiqləməyə çalışır”.
Ekspert gənclərin həddindən artıq gərginliyə düşməməsi üçün bəzi imtahanların ləğv olunmasını təklif etdi: “Yaxşı olar ki, imtahanlar yalnız yekunda aparılsın. Ortada verilən imtahanların heç biri lazım deyil. Zehni gərginlikdə olan gənclərin qidalanmasına xüsusi diqqət ayrılmalıdır. Valideynlər də maarifləndirilməlidir ki, uğursuz nəticə göstərən uşağı əzmək lazım deyil. Əgər bu il daxil olmayıbsa, gələn il daxil olar və ya texniki peşə məktəbinə üz tutar. Valideynlər və cəmiyyət imtahanda uğursuz olan gəncləri də ruhlandırmalıdırlar ki, onlar özlərinə inansınlar və həyatını başqa istiqamətdə qura bilsinlər, nəinki həyatdan küssünlər”.
Nərgiz Liftiyeva
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28997

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930