ŞAHMAT RÜSVAYÇILIĞI: Elman Rüstəmov istefa verməlidir!

14.09.2016 - 00:05

Bu gün Bakıda Ümumdünya Şahmat Olimpiadası yekunlaşıb. Digər ölkələrdən fərqli olaraq, Azərbaycan ev yiyəsi kimi həm kişilər, həm də qadınlar arasındakı yarışda 3 komanda ilə təmsil olunurdu. Lakin 6 komandamızın heç biri medal qazana bilməyib. Kişi komandalarımız 180 komanda arasında müvafiq olaraq 12-ci, 26-cı və 49-cu yerləri, qadın komandalarımız isə 140 komanda arasında 8-ci, 30-cu və 32-ci yerləri tutub.

Yaxşı ki, Olimpiadaya ermənilər gəlməmişdi, bizim bütün komandalarımızı qabaqlasaydılar, lap biabırçılıq olacaqdı. Onlar, bir qayda olaraq, bizdən daha yüksək yerlər tutur. Hətta 3 dəfə qızıl (sonuncu dəfə 2012-ci ildə Türkiyədə keçirilən Olimpiadada), 3 dəfə də bürünc medal sahibləri olublar. Biz isə heç vaxt medal qazana bilməmişik (hətta Özbəkistan da bir dəfə kişilər arasında gümüş medal, Gürcüstan isə qadınlar arasında 4 dəfə qızıl, 1 dəfə gümüş və 2 dəfə bürünc medal qazanıb). Ümid Bakı Olimpiadasına idi ki, bəlkə doğma divarlar kömək oldu. Amma yenə də alınmadı. Halbuki, vaxtilə Azərbaycan şahmat ölkəsi olaraq bu sahədə nəinki Ermənistandan üstün idi, ümumiyyətlə dünya liderləri sırasında idi. Dünya şahmatçılarının ilk onluğuna 2, bəzən isə 3 şahmatçımız daxil idi (hazırda heç bir nəfər də yoxdur!). Lakin Şahmat Federasiyasına Elman Rüstəmov rəhbərlik etməyə başlayandan bu sahədə geriləmə başladı. Səbəb nədir? Niyə 30 il əvvəl Kasparovu dünya çempionu zirvəsinə çatdırmış Azərbaycan bu gün belə acizdir?

Əslində, ötən illər ərzində şahmatın inkişafına Azərbaycan qədər pul qoyan ölkə olmayıb. Nəinki Elman Rüstəmovun “icbari-könüllü” çağırışı ilə banklarımız, həmçinin SOCAR da şahmata və şahmatçılarımıza xeyli pul xərcləyib. Lakin bu pullar ağılla və obyektiv meyarlara əsasən xərclənməyib. Ölkə iqtisadiyyatımıza da milyardlarla pul gəlmişdi, amma nə oldu? Qohulmuq-tanışlıq üzərində qurulmuş bərbad idarəetmə, korrupsiya, savadsızlıq və s. hamısını yedi. Şahmatda da eyni şey baş verdi. Əlbəttə, şahmat idmandır və son nəticədə hər şey şahmatçılarımızın istedadından asılır. Lakin istedadları da yetişdirmək, inkişaf etdirmək, həvəsləndirmək, kömək etmək lazımdır. Başqa sahələrdən fərqli olaraq, idmanda şəxsi münasibətlər müstəvisində qabağa çəkilməyin acı nəticələri özünü daha tez və açıq-aşkar göstərir (məsələn, 2013-cü ildə SOCAR “kürəkən”i Teymur Rəcəbovun dünya çempionatında iştirakına milyonlarla vəsait xərclədi, amma nəticədə Rəcəbov sonuncu yeri tutdu, erməni şahmatçıya da iki dəfə məğlub oldu). Ötən illər ərzində ölkəmizdə yeni istedadlı şahmatçılar yetişməyib. Əksinə, istedadlı şahmatçılar sıxışdırılıb. Ən bariz nümunə 2014-cü ildə itirdiyimiz fitri istedada malik olan gənc şahmatçımız Vüqar Həşimovdur (Allah rəhmət eləsin!). İndi onu fəxrlə yad edənlər, xatirəsinə hər il beynəlxalq turnir keçirənlər sağlığında Vüqara kömək etmirdilər, halbuki məhz onun sayəsində yığmamız 2009-cu ildə Avropa çempionu olmuşdu. Vüqar özü deyirdi ki, “Mənə kömək sıfır dərəcəsindədir”. Elman Rüstəmov isə Həşimov haqqında belə deyirdi: “Biz onun addımlarını pisləyirik. Yəqin ki, nə vaxtsa rastlaşacağıq və qaranlıq suallara cavab istəniləcək…Vüqar Həşimov ulduz xəstəliyinə tutulub… Bizim onu əvəz edəcək kifayət qədər istedadlı gənclərimiz var.” Hanı həmin gənclər? Əvəz edə bilən tapıldımı? Xeyr! Şahmatımızın acınacaqlı vəziyyəti göz qabağındadır. Elman Rüstəmov bank sistemi və manat kimi şahmatımızı da böyrü üstə qoydu. Yeri gəlmişkən, bir daha xatırladıram ki, Rüstəmovun Şahmat Federasiyasına rəhbərlik etməsi qanunsuzdur. Belə ki, Mərkəzi Bank haqqında Qanunumuzun 21.10-cu maddəsində yazılıb: “İdarə Heyətinin üzvləri siyasi partiyaların üzvü ola bilməz və ictimai birliklərdə vəzifə tuta bilməzlər”. Şahmat Federasiyası isə məhz ictimai birlikdir. Etdiyi əməllərə görə getmək istəmirsə, heç olmasa qanun pozuntusuna son qoymaq üçün istefa versin!

P.S. Yeri gəlmişkən, Olimpiadanın kişilər arasındakı medalçıları müvafiq olaraq ABŞ, Ukrayna və Rusiya, qadınlar arasında isə Çin, Polşa və Ukrayna oldu. Göründüyü kimi, ən uğurlu nəticəni Ukrayna göstərib: gümüş və bürünc medalların sahibi olub. Bizdə isə deyirlər ki, guya Ukrayna “dağılır”, “acından ölür” və s. və i.a.

Əkrəm Həsənovelman

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=75771

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031