AYB-dən Rüstəm Behrudi ilə bağlı açıqlama – “Bir il tələsib…”
Azərbaycan Yazıçılar Birliyi şair Rüstəm Behrudinin birlikdən ayrılması ilə bağlı sosial şəbəkədə yazdığı statusa münasibət bildirib.
Belə ki, qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rza hafta.az-a açıqlamasında deyib ki, Azərbaycan Yazıçılar Birliyi bütün üzvlərinə bərabərhüquqlu və xüsusi diqqətlə yanaşır:
“Rüstəm Behrudiyə şair, ədəbiyyatçı kimi böyük hörmətimiz var. Biz heç vaxt 59 yaşı qeyd etmirik, AYB-də ancaq yubileylər qeyd olunur. Şairin yubileyini qeyd edirlər. “Ədəbiyyat qəzeti” də həmişə bu məsələlərə həssas yanaşır. Görünür, Rüstəm müəllim bir il tələsib. 60 yaşını gözləsəydi “Ədəbiyyat qəzeti” onun yaradıcılığına, həm də yubiley təbriklərinə yer ayırardı”.
Qeyd edək ki, tanınmış şair Rüstəm Behrudi ötən gün Azərbaycan Yazıçılar Birliyindən vidalaşdığını bildirib. O, doğum günü ərəfəsində AYB-nin ədəbi orqanlarının heç birisinin onu yada salmadığını əsas gətirərək, birliklə üzülüşdüyünü sosial şəbəkədən bəyan edib:
“Mən az qala 30 ilə yaxındır əvvəllər SSRİ Yazıçılar İttifaqının, sonradan Azərbaycan Yazıçılar Birliyinin üzvü oldum. Tanrı şahiddir ki, o təşkilatdan heç bir umacağım olmadı. Ancaq indi baxıb görürəm ki, bu uzun illər ərzində ədəbiyyat tüccarlarına doğum günlərində mədhiyyə oxuyan AYB-nin ədəbi orqanları bircə dəfə də olsun doğum günlərində adımı çəkməyib”.
Short URL: http://www.cumhuriyyet.net/?p=75829