“MİDA tikinti şirkətlərini bazardan çıxarmaq istəyir” – Ekspert

10.09.2018 - 13:39

“Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılan mənzillərin elektron qaydada seçimi zamanı yaranan problemlə bağlı şikayətlər artmaqdadır.
“Kommersant.az” xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemində ilk problem bu il, 7 mayda yaranıb. Belə ki, mənzillərin onlayn satışı zamanı minlərlə insana alqı-satqı ilə bağlı bildirişlər gedib.

MİDA ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə açıqlama yayaraq, problemin portalın artıq yüklənməyə məruz qalması ilə əlaqədar olduğunu bildiriblər. Satışa çıxarılan mənzillərlə bağlı yaranmış narazılıqları aradan qaldırmaq üçün qurumda xüsusi komissiya yaradılsa da, dünən proses yenidən təkrarlanıb. Belə ki, 05.09.2018-ci il tarixi saat 11:00-a təyin edilmiş mənzillərin satışının başlanması saat 15:00-a keçirilib. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) I layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında satışa çıxarılmış 324 mənzilin hamısı seçilib.

Xatırladaq ki, MİDA-nın ilk layihəsi – Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı mayın 7-si saat 10:00-dan başlayıb və avqustun 7-si saat 10:00-dək davam edib.

Şərtlərə gəlincə, mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edir.

MİDA-nın satışa çıxardığı mənzillər “sosial evlər”dirmi?

Maliyyəçi ekspert Samir Əliyev məsələ ilə bağlı portalımıza açıqlamasında bildirib ki, MİDA-nın tikdiyi evlərin adı düzgün təqdim olunmur:

“Nisbətən ucuz evləri yanlış şəkildə sosial ev kimi təqdim edirlər. Düşünürəm ki, MİDA-nın satışa çıxardığı mənzillər bazar qiyməti ilə müqayisədə ucuzdur. Ucuz qiymət əhalinin mənzil əlçatanlığının artırılması baxımından vacib şərtdir. Amma bu gün faktiki olaraq MİDA-nın fəaliyyəti əhalini mənzillə təmin etməkdən daha çox, bizneslə məşğul olub pul qazanmaqdır. Sahibkarları, tikinti şirkətlərini bazardan sıxışdırıb çıxarmaqdır. Çünki tikinti şirkətlərindən fərqli olaraq MİDA-nın bir sıra istiqamətlərdə xərcləri aşağı olur, yaxud da olmur. Məsələn, torpaq sahələrinin əldə edilməsi. Halbuki tikinti şirkətləri onu əldə etmək üçün rəsmi və qeyri-rəsmi formada kifayət qədər pul ödəyirlər. Qurum üçün “yaşıl işıq” yandırılsa da, özəl tikinti şirkətləri “yaşıl işıq” üçün əlavə xərclər ödəmək məcburiyyətində qalırlar. Bütün bunlar maya dəyərinə təsir göstərir. Əgər MİDA ilə bu gün satışa çıxarılan evlərin qiymətləri arasında fərq o qədər də çox deyilsə (ən yaxşı halda 30%), bu o deməkdir ki, qurumun satdığı mənzillər ucuz olsa da, heç bir halda sosial mənzil statusuna uyğun deyil. Təəssüf ki, mətbuat və ekspertlər tərəfindən yanlış olaraq, bir sıra hallarda isə bilərəkdən qurumun satdığı evləri sosial mənzil adlandırırlar”.

İqtisadçı qeyd edib ki, MİDA-nın satdığı evləri aztəminatlı ailələr yox, daha çox əlində pul olub sabah həmin evdə qalmağa ehtiyacı olmayan insanlar almaq imkanına malikdir:

“Sosial evlərin qiyməti indiki qiymətlərdən dəfələrlə aşağı olmalıdır. Həm də onun statusu bir qədər fərqlidir. Sosial evlər aztəminatlı ailələr üçün nəzərdə tutulub və kirayə mexanizmi əsasında formalaşıb. Kirayə haqqı bazar qiymətlərindən aşağı olur. Məsələn, bu gün bazarda ən aşağı evin qiyməti 200-500 manat arasında dəyişirsə, sosial ev statusu aldıqda 100 manata başa gəlir. Sosial mənzil daha çox simvolik xarakter daşıyır və insanlar orada ev alana kimi yaşayır. Həmin evlər eyni zamanda satıla bilər. Yəni, orada məskunlaşan şəxs kirayə haqqı ilə yanaşı, hər ay ipoteka formasında əlavə pul ödəyə bilir. Evin pulunu tam ödədikdən sonra isə həmin evi alır. Sosial evlərlə MİDA-nın satışa çıxardığı evlər arasında şərtlər baxımından da əsaslı fərq var. Əgər kimsə ilkin ödəniş edirsə, ipoteka uzun müddətə verilibsə, yaxud bunun üçün ilkin ödəniş tələb olunursa, vətəndaş elə gedib ipoteka ilə mənzil alar. Sosial evlərə eyni zamanda bir qayda olaraq standartlar tətbiq edilir. Yəni, minimal tələbatı ödəyən ölçülərdə olur. MİDA-nın satdığı evlər hardasa güzəştli mənzil statusuna uyğun gəlir”.

S.Əliyev eyni zamanda vurğulayıb ki, MİDA sırf “dövlətin çətiri altında” sahibkarlıqla məşğul olur:

“Qurum əgər bu templə davam edərsə, tikinti şirkətləri sıradan çıxacaq. Bazar iqtisadiyyatı dövründə sahibkarlara şərait yaradılmalıdır. Elektron təminatdakı problem isə “Elektron hökumət sistemi”nə uyğun şəkildə aradan qaldırılmalıdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=122532

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930