Nuru Paşa: “Kaş öz həyatımı itirəydim, amma…”

15.09.2018 - 15:44

“Nəyin bahasına olursa-olsun, Bakı tezliklə tutulmalıdır. Biz hamını baş vermiş fakt qarşısında qoymalıyıq. Bakıya doğru hərəkət mütləq Azərbaycan naminə olmalıdır, onu Azərbaycan hökuməti tutmalıdır. Əgər Bakı alınmasa, hər şey bitdi. Xudahafiz, Azərbaycan!”

M.Rəsulzadənin İstanbuldan Azərbaycan hökumətinə göndərdiyi məktubundan.

Bugün tarixi hadisənin 100-cü ildönümüdür.

15 sentyabr hadisəsi 28 mayda istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin təsdiqi idi. Təsadüfi deyil ki, baş nazir Fətəli xan Xoyski parlamentin 7 dekabrdakı açılışındakı nitqində hadisəni bu cür təsvir edirdi:

“… Türkiyə həmdinimiz, həmvətənimiz idi. Ona görə ondan kömək istədik… Böyük zəlalət bu idi ki, hökumətimiz hədər olan kimi idi. Çünki hürriyyət, ədalət və qardaşlıq bayrağı daşıyan firqələr Bakını əlimizdən almış, bizi paytaxtsız buraxmışdı. Azərbaycanın ürəyi, paytaxtın sahibi olan müsəlman milləti qətliam edilmişdi. Başbilənlər Dağıstan, İran və Turana dağılmışdılar. Şəhərdə bir kişi yox idi ki, bunları bir yerə toplasın, bir iş görsün. Belə olan surətdə bu məsələdən başqasına artıq diqqət vermək olardımı?

Türkiyəyə müraciətimizin əsl səbəbi də paytaxtımızın əlimizə qaytarılması idi. Bu barədə çox əziyyətlər çəkildi. İndi şükürlər olsun ki, məqsədimizə çatdıq, Bakı əlimizə keçdi. Bu, indi xırda bir şey görünür. Amma o zəlalət yada gətirilsə, nə qədər əziyyət çəkdiyimiz anlaşılar. Bəlkə, vəzifəmizi layiqincə icra etmədik. Bəlkə, boynumuzda böyük günahlar var. Amma o zəhmətimiz nəzərə alınsa, təqsirimiz bir az yüngülləşər…”

Bakıda bolşevik hakimiyyətini zəlalət günləri kimi təsvir edən Fətəli xan hökumət başçısı kimi vəziyyətin necə acınacaqlı olduğunu sadə şəkildə təsvir edirdi. Məsələ Fətəli xanın dediyi kimi indi xırda görünür, amma yuxarıda Rəsulzadənin məktubundan verdiyimiz sitatdan da aydın olur ki, əgər Bakı alınmasaydı, müstəqil Azərbaycan dövləti olmayacaqdı.

Azadlıqdan öncə Bakı

Fətəli xanın dediyi o zəlalət günlərini qısa olaraq xatırlayaq.

Şübhəsiz ki, Bakının azad edilməsi dövrün gərgin hərbi, siyasi müzakirələrinin və münaqişələrinin nəticəsi idi. Bir neçə cəbhədə mübarizə aparan Osmanlı dövləti beynəlxalq münasibətlərdə öz gücünü təsdiq etmək üçün müxtəlif həmlələrə yol atırdı. Azərbaycandan davamlı şəkildə göndərilən nümayəndələr də Osmanlının tezliklə Cənubi Qafqazla bağlı zəruri addım atacağını şərtləndirirdi.

Hələ 1915-ci ilin fevralında Fətəli xan Xoyskinin qardaşı oğlu Arslan xan Xoyski sərhədi gizlicə keçərək Ərzurumda Ənvər Paşayla görüşmüş və müstəqil Azərbaycan dövləti qurmaq naminə bir hərəkət planı təqdim etmişdi. 1918-ci ilin yanvarında isə Nağı bəy Şeyxzamanlı Azərbaycandakı vəziyyəti Ənvər Paşaya anlatmaq üçün İstanbulda doğru yola düşmüşdü.

1918-ci ilin fevral ayında İstanbulda Hərbi nazirlikdə təşkil olunmuş komissiyada Qafqaz İslam Ordusunun qərargahı üçün 20 nəfərlik bir tərkib seçilir. 14 martda Nuru Paşa Azərbaycana gəlmək üçün səhər tezdən İstanbuldan Mosula yola düşür. 25 martda Qafqaz İslam Ordusu komandanı, Sultan Mehmet Reşat adına Qafqazda əsgəri və siyasi fəaliyyət göstərə biləcəyi fərmanı verilən Nuru Paşa Mosula çatır.

Bakı ilə bağlı ciddi tədbirlərin görülməsi mart soyqırımından sonra daha da sürətlənir. 30 mart-1 aprel tarixlərində ermənilər və bolşeviklər tərəfindən Bakıda 20 min türk qətlə yetirilir.

5 apreldə Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşa Qafqaz İslam Ordusunun təşkili və vəzifəsinə dair təlimatnaməni təsdiq edir. 8 apreldə Nuru Paşa Mosuldan Azərbaycana doğru yola çıxır. 22 apreldə Müstəqil Zaqafqaziya Federativ Respublikası yaradılır. 25 apreldə Stepan Şaumyan başda olmaqla Bakı Xalq Komissarları Soveti elan edilir, bolşeviklər Bakıda hakimiyyəti ələ keçirirlər. Mayın 9-da Nuru Paşa heyətiylə bərabər Təbrizə, mayın 20-də Zəngəzur bölgəsinə daxil olur.

Nuru Paşa Cəbrayıl-Ağdam-Tərtər xətti ilə Yevlaxa gəlir, 25 mayda Gəncəyə çatır. Paşa Gəncədə böyük təntənə ilə qarşılanır. Rəsulzadə sonralar bu barədə yazacaqdı: “О zaman müdhiş bir anarşiyə məruz, digər tərəfdən də bolşevik təcavüzü ilə təhdid olunan Gəncə Nuru Paşanı göydən enmiş xilaskar bir mələk kimi tələqqi etmişdi”.

Mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclası keçirilir, Seym buraxılır. Mayın 27-də Məhəmmədəmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası yaradılır, bir gün sonra isə Tiflisdə Azərbaycanın müstəqilliyi elan edilir.

Lakin bir tərəfdən BXKS, digər tərəfdən ingilislər ölkədə hakim idilər. Rəsulzadənin yazdığı kimi, yeganə ümid yeri qalmışdı: “Bu müşkül vəziyyətdən milləti qurtaracaq yeganə bir çarə vardı – Türkiyə. Ümidlər həp oraya dikilmişdi: “O qardaş millət gələcək, bizi düşmən əlindən qurtaracaq”. Xalqın bundan başqa bir ümidi qalmamışdı”.

Belə də olur.

İyunun 4-də isə Batumda “Sülh və dostluq haqqında” Osmanlı-Azərbaycan müqaviləsi imzalanır. Bununla da, Osmanlı tərəfindən Azərbaycanın və xüsusilə Bakının xilas edilməsi prosesi sürətlənir.

Bakının azad edilməsi

İyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür. 26 iyunda Azərbaycan milli ordusunun formalaşdırılması ilə bağlı addım atılır, Əlahiddə Azərbaycan korpusu yaradılır. İyun ayından etibarən Qafqaz İslam Ordusu Bakıya doğru hərəkətə keçir, yol boyu bolşeviklərlə savaş aparılır.

30 iyulda Ənvər Paşa Bakı Sovetinə bəyannamə göndərir. Bəyannamədə yazılır: “Qəhrəman türk ordusu Bakıya girərkən xristian xalqı müqavimət göstərməzsə, onlar müsəlmanlarla birlikdə bütün haqlardan istifadə edəcəklər. Əks təqdirdə biz bu gözəl və zəngin şəhəri hücumla alacağıq”.

Avqustun 1-də Bakıda Şaumyanın Sovet hakimiyyətinin süqutundan sonra “Sentrokaspi diktaturası” yaradılır. 4 avqustda “Sentrokaspi diktaturası” ingilisləri Bakıya dəvət edir. 17 avqustda General L.Denstervillin komandası altında Britaniya qoşunu Bakıya girir.

Bakıya yaxınlaşan Qafqaz İslam Ordusu isə avqust ayından etibarən şəhərə hücumlar təşkil edir, ətraf ərazilər azad edilir. İngilislər də Bakıda müqavimət göstərməyin faydasız olduğunu başa düşüb 14 sentyabrda general Denstervill və “Sentrokaspi” hökuməti üzvləri şəhərdən qaçırlar. 15 sentyabrda isə Bakı tamamilə bolşeviklərdən azad edilir.

Bu münasibətlə Fətəli xan Xoyski Nuri paşaya təbrik göndərir: “Qafqaz İslam Ordusunun komandanı səadətli Nuru Paşa həzrətlərinə. Təhti-komandanızda olan igid türk əsgərləriniz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşmənlərdən xilas edilməsi münasibətilə millətim zatil-həmiyyəti-pərvəranələrinizə və dünyanın ən nəcib və cəsur əsgəri olan türk oğullarına minnətdar olduğumu ərz etməklə iftixar edirəm, əfəndim”.

Sentyabrın 17-də Azərbaycan hökuməti Gəncədən Bakıya köçür.

Nuru Paşa kim idi?
Nuru Paşa 5 may 1890-cı ildə İstanbulda doğulub. 1906-cı ilin noyabrında hərb məktəbinə daxil olub, 1909-cu ilin avqustunda məzun olub. Ardınca 1910-cu ilin yanvarında ilk hərbi vəzifəyə təyin edilərək 3-cü orduda təmsil olunub. Oktyabrda isə Padşah xidmətindəki Piyada bölüyünə göndərilib. 1912-ci ildə baş leytenant, 1913-cü ildə isə kapitan rütbələrini qazanıb.

1914-cü ilin iyulunda Türkiyənin Vyana səfirliyinin attaşeliyinə, həmin ilin avqustundan isə hərbi attaşeyə yavər təyin edilib.

I Dünya müharibəsində Trablusqarp cəbhəsində vuruşub, 1916-cı ildə mayor rütbəsini əldə edib. Cəbhədə göstərdiyi şücaətə görə “Altun ləyaqət”, Almaniyanın “Dəmir xaç” ordeninə, habelə Avstriya-Macarıstan dövlətinin 3-cü dərəcəli fərqlənmə nişanına, Türkiyənin “Altun-İmtiyaz” medalına layiq görülüb.

1918-ci ildə isə Qafqaz İslam Ordusunun komandanlığına gətirilib. Osmanlının hərbiyyə naziri Ənvər Paşanın ögey qardaşıdır.

Nuru Paşa həbs olunur

Təəssüf ki, Azərbaycanın xilaskarı Nuru Paşa və Qafqaz İslam Ordusu qısa bir zamanda ölkədən çıxmaq məcburiyyətində qalır.

1918-ci il oktyabrın 30-da imzalanmış Mudros barışığından sonra Osmanlı qoşunlarını Azərbaycandan çəkməyə məcbur olur. Digər tərəfdən İstanbulun özündə də vəziyyət türklərin əleyhinə idi. Buna görə də Nuru Paşa İstanbula qayıtmalı olur. Noyabrın 10-da Bakı ictimai klubunda Azərbaycan hökuməti Nuru Paşanın və türk zabitlərinin şərəfinə ziyafət verir. Bakı Xalq Komissarları Sovetinin və ingilislərin qoşunlarını Bakıdan çıxaran türk paşasına məmnunluq ifadə edilir. Ziyafətdə 400 nəfər azərbaycanlı ziyalı və zabit iştirak edir.“Yaşasın Nuru Paşa”, “Yaşasın Osmanlı və Azərbaycan orduları” kimi şüarlar səslənir. Nuru Paşa salona saat 8-də daxil olur və 4 saat ziyafətdə iştirak edir. O, artıq Bakını tərk etməli idi.

İstanbulda olan ingilis qüvvələri onu həbs edərək Batuma göndərirlər. Paşa ermənilərin qətliamının iştirakçısı adı ilə edam hökmünə məruz qalır. Lakin Azərbaycan hökuməti təcili tədbir görür, baş nazir Nəsib bəy Yusifbəyli ilə Nağı Şeyxzamanlı xüsusi plan hazırlayırlar. Batum həbsxanasına hücum təşkil edilir və Nuru Paşa xilas olunur.

İllər sonra Nuru Paşa Bakı haqqında

Azərbaycan mühacirlərindən, legioner Cabbar Ərtürk 1956-cı ildə Kayseridə “Zafer” mətbəəsində çap etdiyi “Anayurdda unudulan türklük” adlı kitabında Qahirədə Nuru Paşa ilə görüşdüyünü yazır: “1948-ci ildə Qahirədə mərhum general Nuru Paşanın əlini öpmək üçün qayınanasının evinə getdim. Onun mənə söylədiklərini qeyd etməyi lazım bilirəm: “…İran torpaqları içərisində Savuçbulaq qəsəbəsinə gəldiyimiz gün təəccübdən özümə gələ bilmədim. Şəhərdə hər kəs türkcə danışırdı. Bunların başqa dillərinin olub-olmadığını tədqiq etmək üçün bir neçə zabit göndərdim və ana dillərinin türkcə olduğunu öyrəndim. Ondan sonra Qafqaz dağlarının ötəsinə qədər getdiyim yurdların hamısı türklərlə dolu idi. Buralardakı türklük nədən unudulmuşdu heç cür, anlamadım…

Yüz nəfərə qədər zabit və əsgərlərimlə Gəncəyə vardım. Dərhal türklərin təşkilatlanması ilə məşğul oldum. Ruslar türk kəndliləri silahdan başları çıxmasın deyə onları əsgəri xidmətə aparmırdılar… Fəqət rus ordusunda bir çox türk zabiti ilə rastlaşdım. Onlar zəngin təbəqənin uşaqlarından ibarət bir zümrə idilər və ruslar bunların qabiliyyətlərindən istifadə etməyə ehtiyac duymuşdular. Fəqət kəndli və işçilərdən bir nəfər də əsgərlikdən başı çıxan yox idi. Yalnız Qaliçyada almanlara qarşı savaşmaq üçün bütün müsəlman qəbilələrindən təşkil edilmiş, fəqət hərb bitər-bitməz tərksilah edilərək vətənlərinə göndərilmiş bir neçə nəfərə rastladım. Ruslar özlərindən fərqlənsinlər deyə bu diviziyaya “Vəhşi Diviziya” adını vermişdilər.

Azərbaycana gəldiyimiz zaman qarşılaşdığımız mənzərə belə idi. Türkləri təşkilatlandırmaq üçün çox çalışmaq lazım idi. Bu sahədə bizə rus ordusunda xidmət görmüş azərbaycanlı zabitlərin çox köməyi oldu. Onlar son hadisələrdən sonra rusların milli düşmən olduqlarını anlamışdılar. Artıq Vətən məfhumu onlarda da təşəkkül etmişdi. Nəhayət, gecəli-gündüzlü çalışmalarımız səmərə verdi. Yerli türklərin damarlarındakı qan onların anadolulu qardaşlarından fərqsiz olduğunu isbat etdi. Biz çalışmalarımızda müvəffəq olduq. Bakının qurtuluşunda yerli türklər də məhmətçik olaraq iştirak etdilər. Yüz illərdən sonra ilk dəfə batılı və doğulu türklər bir bayraq altında savaşırdılar…”
“Kaş öz həyatımı itirəydim…”

C.Ərtürk növbəti səhifələrdə Azərbaycanın istilasını eşitdiyi zaman Nuru Paşanının öz dilindən nə hisslər keçirdiyini yazır: “Qardaşımın şəhid olması qəlbimi nə qədər yandırdısa, Azərbaycanın istilası qəlbimi ondan da çox yandırdı. Qardaşım bir fani idi. Fəqət Azərbaycandakı türklük əbədi idi. Kaş öz həyatımı itirəydim, amma Azərbaycan türklüyün kənarında qalmayaydı”.

C.Ərtürk bu sözləri dedikdən sonra Nuri paşanın gözlərinin dolduğunu və göz yaşlarını ondan gizlətməyə çalışdığını yazır…

Qaynaq:

1. Cabbar Ərtürk – “Anayurdda unudulan türklük”, Kayseri, 1956

2. Minaxanım Təkləli, Mehmet Rıhtım – “Qafqaz İslam Ordusunun xronologiyası”, Bakı, 2008

3. Firdovsiyyə Əhmədova – “Bakını paytaxt edən qurtuluş mücadiləsi”, “Azərbaycan” qəzeti, 15 sentyabr, 2015-ci il sayı.

4. “Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) Parlament (Stenoqrafik hesabatlar) I Cild”, Bakı, 1998

teleqraf.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=122757

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930