Ermənistan rekord məbləğdə – 1 milyon 608 min avro kompensasiya ödəyəcək
İyulun 25-də İnsan Haqları üzrə Avropa Məhkəməsi “Vardanyan Ermənistana qarşı” (Vardanyan vs. Armenia, Application no. 8001/07) işi üzrə qərar qəbul edib.
Virtualaz.org Avropa məhkəməsinin rəsmi saytında yerləşdirilmiş məlumata istinadən xəbər verir ki, qərar iddiaçının xeyrinə, lakin Ermənistan hökumətinin iradları nəzərə alınmaqla verilib. Məhkəmənin qərarına görə, 3 ay ərzində Ermənistan vətəndaş Yuri Vardanyana mülkiyyətini itirdiyi üçün 1 milyon 608 min avro məbləğində kompensasiya ödəməlidir.
2007-ci ildə verilmiş iddia ərizəsində üç iddiaçı göstərilir – Ermənistan vətəndaşları Yuri Vardanyan (birinci iddiaçı), Şuşanik Nanuşyan (ikinci iddiaçı) və Artaşes Vardanyan (üçüncü iddiaçı). Onların mülkiyyəti dövlətin xeyrinə əllərindən alınıb. Kompensasiya olaraq Vardanyanlara 54 milyon dram (təxminən 114 min dollar) ödənilib, halbuki evin bazar qiyməti 276 milyon dram (təxminən 581 min dollar) olub.
Ərizəçilər bütün ölkədaxili instansiyalardan keçsələr də, pozulmuş hüquqlarını bərpa edə bilməyiblər və 2007-ci ildə AİHM-ə müraciət ediblər.
Qeyd etmək lazımdır ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın dövründə dövlət Yerevanın yüzlərlə sakininin evini və torpaq sahələrini dövlət ehtiyacları üçün əllərindən almışdı. Əksər hallarda daşınmaz əmlak süni şəkildə aşağı salınmış qiymət üzrə alınıb, evlərini həmin qiymətə satmaq istəməyənləri isə məhkəmə yolu ilə buna məcbur ediblər, yaxud da mülkiyyət məhkəmə yolu ilə özgəninkiləşdirilib. AİHM bu faktı da tanıyıb.
İşə baxılarkən, 2016-cı ildə verilmiş ilkin qərarla AİHM bildirib ki, İnsan haqlrı üzrə Avropa konvensiyasına əsasən, yalnız birinci iddiaçının Yerevanın düz mərkəzində yerləşən daşınmaz əmlakın qanunsuz əlindən alınması üzrə şikayətinə baxıla bilər. Bununla birlikdə, ikinci və üçüncü şikayətçilərin iddiaları Məhkəmənin səlahiyyətlərinə aid deyil.
Elə həmin vaxt məhkəmə qərar verib ki, yerli məhkəmələr tərəfindən müəyyən torpaq sahəsi üzərində birinci iddiaçının mülkiyyət hüquqları barədə təkrar baxış zamanı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş zəmanətlər pozulub. Bundan əlavə, məhkəmə qərar verib ki, birinci iddiaçının evi əlindən alınarkən 1 saylı Protokolun 1-ci maddəsinin tələbləri pozulub. Məhkəmə həmçinin qərara alıb ki, birinci iddiaçının qərəzsiz məhkəmə araşdırması və tərəflərin imkanlarının bərabərliyi prinsipi pozulub.
Konvensiyanın 41-ci maddəsinə əsasən, birinci iddiaçı özünün torpaq sahəsinin geri qaytarılmasını tələb edib. Alternativ olaraq o, 10 milyon 381 min 842 avro məbləğində kompensasiya istəyib ki, bu da, onun qənaətinə görə, əlindən alınmış mülkiyyətin bazar qiymətidir. Həmçinin iddiaçı əlindən alınmış ev müqabilində 1 milyon 48 min 97 avro kompensasiya tələbi qoyub. Bundan savayı, birinci iddiaçı mənəvi zərərə görə 12 min avro istəyib.
Ermənistan hökuməti iddia edib ki, tələb olunan kompensasiya məbləği çox böyükdür və bu əsaslandırılıb. Bununla birgə, hökumət əmlakın bazar qiymətini aşağı salmağa çalışmayıb və valyutaların hesablanması prosesində 2007-ci ildə, yəni AİHM-ə müraciət edilərkən mövcud olan məzənnənin əsas kimi götürülməsini istəyib. Bununla birgə, hökumət qeyd edib ki. iddiaçı 54 494 000 dram (təxminən 100 min avro) məbləğində kompensasiyanı artıq alıb.
İlkin qərarla AİHM yekun qərarın verilməsini təxirə salıb və tərəfləri ədalətli kompensasiya üzrə razılığa gəlməyə çağırıb. 2017-ci ilin iyul ayının 26-da iddiaçı ədalətli kompensasiya üzrə dəyişdirilmiş tələb təqdim edib – ümumilikdə 5 milyon 231 min 651 avro.
İşə mahiyyəti üzrə baxılarkən AİHM nəzərə alıb ki, dövlət iddiaçının daşınmaz əmlaka olan hüquqlarını pozub – torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən evini əlindən alıb. Evin artıq dağıdılması nəzərə alınaraq, itirilmiş mülkiyyətin bərpası qeyri-mümkündür. Müvafiq olaraq, ədalətli kompensasiyanın verilməsi barədə qərar qəbul edilib.
AİHM hakimlərinin yekdilliklə qəbul etdikləri qərara əsasən, dövlət birinci iddiaçıya (Yuri Vardanyana) qərarın qüvvəyə minməsindən sonra 3 ay ərzində bu məbləğləri ödəməlidir: maddi zərərə görə 1 milyon 602 min avro və qeyri-maddi zərərə görə 6 min avro.
Short URL: http://www.cumhuriyyet.net/?p=130664