“Bu aksiyaya gərək, ən azı, 100 min adam toplaşsın” – Qüdrət Həsənquliyev

28.11.2019 - 16:17

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında bəzi müxalifət partiyalarının Dağlıq Qarabağla bağlı mitinq keçirmək təşəbbüsünə münasibət bildirib.

BAXCP sədri Qarabağla bağlı aksiyaya, azı, 100 min adamın toplaşmasının gərəkli olduğunu və bunun üçünsə YAP-dan dəstək istəməyin vacibliyini vurğulayıb: “Azərbaycanda real vəziyyət ondan ibarətdir ki, iqtidar partiyasının dəstək vermədiyi halda, onminlərin, yüzminlərin iştirakı ilə kütləvi aksiyanın keçirilməsi mümkün deyil. Hesab edirəm ki, biz Dağlıq Qarabağla bağlı əgər mitinq təşkil etmək istəsək, bu aksiyaya gərək, ən azı, 100 min adam toplaşsın. Çünki belə aksiyaları ermənilər də, regionda marağı olan dövlətlər də izləyir. Bu səbəbdən də düşünürəm ki, azsaylı insanlarla Dağlıq Qarabağla bağlı aksiyanın keçirilməsi prosesə müsbət töhfə vermir, əksinə, Azərbaycanın mövqelərini xeyli dərəcədə zəiflədir. Dağlıq Qarabağla bağlı son razılaşdırılmış aksiyaya az sayda insanın gəlməsi bunu bir daha təsdiqlədi”.

Q.Həsənquliyev hesab edir ki, indiki məqamda belə bir mitinqin keçirilməsi də heç bir effekt verməyəcək: “Yaxşı olardı ki, mitinq təşəbbüsü ilə çıxış edən insanlar iqtidar partiyası ilə danışıqlar aparsınlar. İqtidar partiyası razılıq verərsə, bu mitinqə xalq kütlələrinin gəlməsi və gətirilməsi mümkün olacaq. Xalqımız bu problemin həllini iqtidarın ixtiyarına buraxıb. Əlbəttə, əgər ədalətsiz, yaxud Dağlıq Qarabağın itirilməsinə gətirib çıxaran hər hansı bir sənədin imzalanması gündəmə gələrsə, əminəm ki, vətəndaşlarımız buna “yox” deyər. Amma indiki şəraitdə xalq bu istiqamətdə hər hansı bir təşəbbüs göstərməkdən uzaq görünür. Mitinqin təşkilatçıları bunu gərək mütləq nəzərə alsınlar”.

Q.Həsənquliyev bəzi müxalifət təmsilçilərinin “xalq iki dəfə bu məsələ ilə bağlı öz sözünü deyib, küçələr çıxıb” arqumentinə də cavab verib: “Onlar nümunə olaraq, 1988-ci ilin fevralında Bakıda keçirilən mitinqi və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Bakı səmasında uçuçu zamanı xalqın küçə və meydanlara axışmasını göstərirlər. Amma unudurlar ki, 1988-ci ilin fevralında keçirilən aksiyaya həmin dövrün rəhbərliyi dəstək vermişdi. Yəni respublika rəhbərliyinin birbaşa təşəbbüsü ilə tələbələr küçələrə axışmışdılar. Mən prosesin birbaşa iştirakçısı kimi bunu deyirəm. O ki qaldı Türkiyə təyyarələrinin Bakı səmasında uçuşu zamanı insanların küçə və meydanlara gəlməsinə, bunu da Yeni Azərbaycan Partiyasının təşkil etdiyini hamı bilir”.

Qeyd edək ki, deputat xalqımızın siyasi inkişaf səviyyəsindən də narazılığını ifadə edib və xalqın siyasi proseslərdə hələlik aktiv rol almadığını, fəal oyunçuya çevrilmək istəyində olmadığını vurğulayıb: “Qənaətimə görə, bu məqamları hər kəs nəzərə almalı və dövlətimizin mövqeyini azsaylı mitinq cəhdləri ilə zəiflətməməlidir. Bizim tələsməyimiz və darıxmağımızla heç nə həll olunmur. Azərbaycanda cəmiyyətin inkişafı prosesi gedir. Ümid edirəm ki, islahatlar bu prosesi bir az da sürətləndirəcək. Sadəcə zamanı gözləmək və xalqla işləmək lazımdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=137485

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2019
BE ÇA Ç CA C Ş B
« Noy    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031