İrandan Azərbaycana qarşı xain əməl: işğal olunmuş əraziləri de-fakto özünə birləşdirib
Son günlər sosial şəbəkələrdə İranın Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə çoxlu sayda yük maşınında müxtəlif məhsullar və yanacaq göndərməsinə dair videolar yayılıb. Rəsmi Bakı buna etiraz etsə də, İranın Xarici İşlər Nazirliyi real faktı inkar edərək, həmişə təkrarladığı “İran Qarabağda vəziyyətin gərginləşməsinə qarşıdır” növbətçi cümləsini işlətməkdən uzağa getməyib. Onu da qeyd edək ki, rəsmi Tehran adətən Qarabağla bağlı “işğal” kəliməsini işlətmir və ərazilərimizin Ermənistan tərəfindən işğalını “münaqişə” adlandırmaqla kifayətlənir.
İranın saxta müsəlman təəssübkeşliyi heç kimə sirr deyil və Azərbaycan bunu öz üzərində ən çox hiss edən ölkələrdən biri, bəlkə də birincisidir. İranın Qarabağın işğalı məsələsindəki anti-Azərbaycan mövqeyini sübut edən daha bir fakt isə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizə Araz çayı üzərindən körpü çəkməsidir. Son günlər İranla Qarabağ arasında 5 körpünün inşa edilməsi faktı ortaya çıxandan sonra ölkəmizin İran tərəfinin bu xain əməlilə bağlı hansı cavab addımları atmalı olduğu məsələsi gündəmə gəlib.
Bu mövzuyla bağlı konfliktoloq Elxan Mehdiyevin “moderator.az” saytında yayımlanan fikir və təklifləri diqqəti cəlb edir. Ekspert bildirir ki, İran hələ Serj Sarkisyanın hakimiyyəti dövründə Horadizdən işğal olunan ərazilərə uzanan 120 km uzunluğunda dəmir yolu relslərini ermənilərdən alıb əridəndə hansı sifətə malik olduğunu göstərib: “İranın Ermənistana etdiyi köməyi hamımız bilsək də, İran hər zaman bunun bütün qonşu ölkələrlə normal münasibət yaratmaq siyasətindən doğduğunu və Azərbaycana qarşı yönəlmədiyini qeyd edirdi. Azərbaycanda bu baxışı qəbul etməsələr də, İranin erməni siyasəti sakit şəkildə qəbul edilmiş görünürdü. İranın ermənilərlə Şuşada birgə layihələr həyata keçirməsi də məlum idi. İşğal edilmiş ərazilərdəki kəndlərimizdən on minlərlə evlərin dəmir darvazaları, evlərin dəmir çatıları və minlərlə ton dəmir və mis məmulatlarının ermənilər tərəfindən sökülüb İrana satılması da hamımıza məlum idi. Azərbaycan dəmir yollarının Horadizdən başlayaraq 120 km uzanan relslərin Serj Sarkisyanın şəxsi razılığı ilə İrana satılması haqqında bu dəqiqə Ermənistan İstintaq idarəsində istintaq getdiyi də məlumdur. Bütün bunları İranın hər yerdə üstün tutduğu “İslam mənəviyyatına” bağlayırıq…”
Konfliktoloq hesab edir ki, Azərbaycan dəmir yolları ilə bağlı bu məsələ beynəlxalq gündəmə gətirməlidir: “Amma Azərbaycanın da mövqeyi təəccüb doğurur, çünki beynəlxalq dəmir yolu xəttinə aid relslərin işğal qüvvələri tərəfindən sökülüb satılması hərbi cinayətdir və bu məsələ niyə beynəlxalq gündəmə (Həmsədrlərin gündəminə yox) çıxarılmır, mən başa düşmürəm…”
Short URL: http://www.cumhuriyyet.net/?p=145413