Qarabağın cəmi 40 günə azad olunma ssenarisi…

09.05.2020 - 08:37

İşğalçı ölkə Azərbaycana başqa yol saxlamayıb; rusiyalı hərbi ekspertdən ilginc çözüm yolu…

Ermənistanın baş naziri Nikol Paşinyan “məxməri inqilab”ın ikinci ildönümü ilə bağlı etdiyi çıxışında Qarabağ mövzusunda danışarkən yenidən sərsəmləyib. Bildirib ki, Ermənistanın əsas hədəfi oyuncaq qurumun dünyada müstəqil dövlət kimi tanınmasına nail olmaqdır və İrəvan danışıqlarda həmişə bu prinsipə söykənəcək.

Bir Azərbaycan məsəlində deyilir: “Ac toyuq yuxusunda darı görər”. Bədbəxt ermənilərə hələ də çatmayıb ki, əgər beynəlxalq birlik ikinci saxta erməni “dövləti”ni tanısaydı, 30 ildə tanıyardı. Buna heç Ermənistanın özü də indiyədək getməyib. Cürəti çatmayıb.

Məsələ də ondadır ki, inqilabdan ötən iki ildə xalqa verdiyi, lakin fiasko olan vədlərdən danışmaq əvəzinə, Nikol Paşinyan sələfləri kimi, ona Qarabağ nağılı danışır. Serj Sərkisyan və Robert Köçəryan da 20 il “qalib” ermənilərə “müstəqillik” bayatısı oxudular, bununla problem həll oldumu? Yaxud erməni xalqı sülhə, əmin-amanlığa, tərəqqiyə qovuşdumu?

 

Əsla. Eyni bayatıları Paşinyan da oxumağa başlayıbsa, demək, vəziyyət yenə yaxşıya dəyişməyəcək. Çünki inkişafın, sülhün, tərəqqinin bəsit formulu bəlli: Ermənistan tərəfindən bütün qonşu dövlətlərin ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması.       

*****

Azərbaycan, sözsüz ki, gec-tez öz ərazi bütövlüyünü bərpa edəcək. Yaxşı olar ki, bu, dinc yolla, itkisiz olsun. Ancaq Bakı hərb variantını da daim masa üzərində saxlayır. Bu xüsusda Azərbaycan ordusu öz döyüş potensialını daima gücləndirir. İstər ayrıca, istərsə də qardaş Türkiyə ilə birgə vaxtaşırı həyata keçirilən hərbi təlimlərdə əsas hədəf budur. Hələlik müharibə olmasa belə, hərbi güclə təhdid danışıqlar stolu arxasında mövqeyimizi  gücləndirən mühüm faktor olaraq qalır.

İrəvanda onu da artıq yaxşı bilirlər ki, Azərbaycan dövləti bir qarış da olsa, öz torpağını Ermənistana peşkəş eləmək və ya onu danışıqlar prosesində alver predmetinə çevirmək niyyətində deyil, olmayacaq. Sülh danışıqları ya bu istiqamətdə aparılacaq, ya da torpaq uğrunda azadlıq müharibəsi qaçılmaz olacaq. Bakının işğal altındakı öz qanuni torpaqlarında antiterror əməliyyatına isə heç bir dövlətin, özəlliklə də Rusiyanın qarışmaq üçün hüquqi əsası yoxdur və ola bilməz.

 

Odur ki, Rusiya da Dağlıq Qarabağ konfliktinin dinc yolla nizamlanmasında maraqlı olmalıdır. Daha bir səbəbə: Ermənistan tərəfdən müharibəyə müdaxilə Moskvanın Azərbaycan və Türkiyə ilə daim inkişafda olan strateji tərəfdaşlıq münasibətlərinin gələcəyini real təhlükə altına qoya bilər.

Nizamlama prosesində köklü dönüş olmayınca, şübhəsiz, heç bir sərhədin açılmasından söhbət gedə bilməz. İşğalçı tərəf sərsəm iddialarına son qoyub konstruktiv sülh danışıqlarına köklənməyincə, Ermənistanın və Dağlıq Qarabağdakı kriminal-separatçı rejimin blokadası, dünyadan siyasi və iqtisadi təcrid siyasəti davam edəcək. Əfsus ki, İrəvan hakimiyyəti Qarabağ məsələsində destruktiv mövqe nümayiş etdirməkdə davam edir ki, bu da Bakını bu ərazidə antiterror əməliyyatları aparmaq hüququnun olduğunu bir daha xatırlatmağa məcbur edir.

*****

Bəs Azərbaycanın işğal olunmuş ərazilərinin müharibə yolu ilə azad edilməsi ssenarisi necə ola bilər? Əməliyyat başlamazdan əvvəl hansı tədbirlər görülməlidir və nəhayət, Qarabağı güc yolu ilə qaytarmaq nə qədər vaxt alacaq?

Axar.az bu və digər suallara rusiyalı hərbi ekspert Aleksey Xlopotovdan maraqlı cavablar alıb. Onu təqdim edirik.

Əvvəla, Azərbaycanın hərbi əməliyyatlara tam hazır olduğunu deyən ekspert hesab edir ki, ilk növbədə Bakı bu əməliyyatların informasiya və siyasi adını təmin etməlidir: “Bundan ötrü aşağıdakılar təmin edilməlidir:

* Baş verən hərbi əməliyyatları “antiterror əməliyyatı”, yaxud “terrorçular tərəfindən müvəqqəti zəbt olunmuş ərazilərin işğaldan azad edilməsi” adlandırmaq;

* İctimaiyyətdə Azərbaycanın hərəkətlərinin hüquqiliyinin təsdiq olunması üçün dünya KİV-lərində güclü təbliğat kampaniyası aparmaq;

* “Dqr”in qondarma rəhbərliyinin terrorizmlə və zorakı işğalçı rejimlə əlaqələrini təbliğ etmək;

* Azərbaycan xalqının Qarabağda çoxillik soyqırımı haqqında məsələ qaldırmaq;

* BMT-nin Dağlıq Qarabağın işğal edilmiş ərazi statusu ilə bağlı qətnaməsindən istifadə etmək;

* BMT-yə müşahidəçilərin ayrılması xahişi ilə müraciət etmək – bu zaman onların təyin olunub-olunmaması vacib deyil;

* Rəsmi olaraq əməliyyatın həyata keçirildiyini bəyan etmək, eyni zamanda ona polis statusu vermək və ordunun dəstək və təminat rolunda iştirak etməsini vurğulamaq;

* Azərbaycanın Ermənistanın ərazisi və müstəqilliyində gözü olmadığını bir daha bəyan etmək. Lakin xəbərdarlıq etmək lazımdır ki, Ermənistan ərazisindən atəş açılacağı və ya Ermənistandan hərbi yardım alınacağı təqdirdə, Azərbaycan cavab tədbirləri görməyə məcbur olacaq”.

A.Xlopotova görə, qüvvələrin yerləşdirilməsi və əməliyyata hazırlıq açıq və nümayişkaranə şəkildə aparılmalıdır: “Bu, qarşıdurma vəziyyətində olan tərəfi əsas qüvvələri təmas xətlərinə çəkməyə, ağır texnikanı yaşayış məntəqələrindən çıxarmağa məcbur edəcək ki, bu da gələcəkdə dinc əhali arasında itkilərdən qaçmağa imkan verəcək”.

Rusiyalı ekspert daha sonra deyib ki, hazırda düşmən tərəfindən sərhədçilərə və ya Azərbaycanın dinc sakinlərinə atəş şəklində növbəti təxribatın baş verməsini gözləmək lazımdır: “Buna qəti etiraz etmək, qarşı tərəfin cavabını gözləmək, daha sonra bütün raket-artilleriya ilə güclü zərbə endirmək lazımdır. Azərbaycan Silahlı Qüvvələrinin ”Polonez” silahını nəzərə alsaq, bu zərbələr Qarabağın bütün ərazisi əhatə edəcək. Əməliyyat başladıqdan dərhal sonra Qarabağ və ətraf ərazilər üzərində uçuşsuz zonanın elan edilməsi və S-300 kompleksi ilə göydə görünən hər bir uçan obyekti məhv etmək mümkündür. Amma yadda saxlamaq lazımdır ki, Ukrayna üzərində “Boeing”in vurulması kimi təxribatlar da mümkündür. Buna görə də mülki hava gəmilərinin görünüşünü dəqiq izləmək vacibdir. Bu hal yarandıqda, mülki hava gəmiləri, uçuşsuz zonanı pozan obyekt kimi, yoxlamaq məqsədilə Bakıya enməyə məcbur edilməlidir. Azərbaycanın bütün təmas xəttində ermənilərin müdafiəsini məhv etmək üçün qüvvə və vasitələri var”.

 

Ekspertin fikrincə, eyni zamanda helikopter desantlarını birbaşa mühüm yaşayış məntəqələrinə yerləşdirmək, terrorçuların qarnizonlarını neytrallaşdırmaq, Bakının bu ərazilərdə hakimiyyətinin bərpasını elan etmək lazımdır. Növbəti mərhələdə yeni hərbi texnika və ağır silahlar göndərilməlidir. O, hesab edir ki, ilk zərbədən sonra tanklar və motodiviziyanın köməkliyi ilə güclü hücum edərək, mümkün qədər Qarabağ ərazisinin dərinliyinə keçmək lazımdır: “Bununla yanaşı, mülki insanlarla mümkün qədər nəzakətlə davranmaq, yardım göstərmək çox vacibdir. Əməliyyatın vaxtı: ilkin mərhələ – üç gün. Bu müddət ərzində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Qarabağın ən iri yaşayış və strateji əhəmiyyətli məntəqələrini geri qaytarmağa nail olacaq. İkinci mərhələ – qüvvələrin artırılması – 7 günə qədər. Bu mərhələnin başa çatması üçün bütün ərazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olmalıdır. Üçüncü mərhələ – mümkün müqavimət ocaqlarının təmizlənməsi – bir ay. Əsas məsələ Azərbaycan bayrağının tezliklə bütün ərazidə qaldırılmasıdır və Konstitusiya qaydasının bərpa olunduğunu bəyan etməkdir”, – deyə A.Xlotov bildirib.

*****

Əlbəttə, Azərbaycan yalnız uyğun bildiyi zamanda işğal altındakı ərazilərdə antiterror əməliyyatına başlayacaq. Bundan ötrü, şübhəsiz ki, regional şərtlər və beynəlxalq rəyin hazırlanması çox vacibdir. Çünki biz ermənilərin, erməni lobbisinin hansı həyasızlıqla yalanı həqiqət kimi dünyada təbliğ eləmək bacarığına bələdik. Məsələn, elə bunun nəticəsidir ki, ABŞ Konqresi 1992-ci ildə öz işğalçı qüvvələri ilə Azərbaycan ərazisinə soxulmuş Ermənistana deyil, özünün ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizə aparan Azərbaycana qarşı bədnam “907-ci düzəlişi” qəbul edib. Odur ki, Azərbaycan bu dəfə yüz ölçüb bir biçəcək ki, erməni yalanlarına kimsə uymasın. Ermənilərin ağlaşması ciddiyə alınmasın.

Azərbaycan Ordusu Ermənistan ərazisinə girməyə hazırlaşmırsa, Ermənistan işğalçı ordusu bizim ərazimizdə nə qələt edir? “Çağırılmamış qonaqları” gəldikləri yerə qədər qovmaq Azərbaycanın təbii haqqıdır. Eyni zamanda hüququdur. Bu hüququ ona ilk növbədə üzv olduğu BMT-nin nizamnaməsi, həmçinin Qarabağa dair BMT TŞ-nin məlum qətnamələri, BMT nizamnaməsi, habelə digər mötəbər beynəlxalq və regional təşkilatların müvafiq qərar və qətnamələri verir…

Siyasət şöbəsi

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=146246

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930