Mənsimov MÜBARİZəsi və Türkiyə məhkəməsinin Ədalət sınağı

14.06.2020 - 12:03

Ermənilər nəyə görə dünya informasiya vasitələrinə təsir edə bilir və bununla da ətraflarına çoxlu tərəfdaş toplayırlar? Ona görə ki, onlar nə qədər murdar, alçaq, xain şərəfsiz olsalar da, heç vaxt bir-birilərinin ayaqlarının altını qazmırlar. Bu onların əsas siyasətidir. Bizdə nə baş verir? Kim ki, öz əməli işi və bacarığı sayəsində müəyyən uğur qazanır və həmin uğur getdikcə düşmən münasibətdə olan millətin kefinə soğan doğradıqca, həmin adama qarşı kompramatlar axtarmağa başlayırlar. Hal-hazırda ürəyi Azərbaycan eşqi ilə döyünən, xeyirxahlıq ünvanına çevrilən, ermənilərə sonsuz nifrət bəsləyən həmyerlimiz Mübariz Mənsimova qarşı son dövrün ən iyrənc kompaniyası gedir. Onun həbsindən sevinənlər indi də müflis olduğunu bəyan edir, ən müxtəlif terror təşkilatları ilə əlaqələri haqda böhtanlar səsləndirir, yazır, 15 il həbs cəzası aldığını böyük sevinclə bəyan edirlər… Və bunları edənlərin də şəxsiyyət vəsiqəsində Mübariz Mənsimov kimi “azərbaycanlı” yazılıb…
Ağrılı məqam isə ondan ibarətdir ki, bu insanlar arasında bizim jurnalist həmkarımız da var. Sözün həqiqi mənasında belə həmkarlarımın olmasından utanıram. Axı, biz jurnalistlərə universitetdə media hüququ, jurnalist etikası öyrədilib. Siz onu da yaxşı bilirsiniz ki, məhkəmə qərarı çıxmayınca vətəndaşı cinayətkar adlandırmaq yolverilməzdir. Üstəlik jurnalist etikasında şəxsiyyətə təhqir, həqarət qəbuledilməzdir. Jurnalistikanın təməl qanunlarından biri də onun vicdanlılıq, qərəsizlik kimi prinsiplərinə əməl olunmasıdır. Budurmu, sizin vicdanlılığınız? Bəlkə düşünürsünüz ki, Mənsimov həbs olunub, nə istəsəniz yaza bilərsiniz. Xeyr və əsla! Məkhəmə hələ onun günahkar və təqsirkar olduğunu təsdiqləməyib. İnşallah təsdiqləyə də bilməyəcək!
Amma haqqın qələbəsinə qədər hər kəsin öz simasını göstərməsi, gerçək xislətini ortaya qoyması da bir sınaqdır. Təəssüf doğuran isə odur ki, bir çox sapı özümüzdən olan baltalar nəinki ona dəstək olur, hətta düşmənin dəyirmanına su tökməklə məşğuldurlar. Mətbuat səhifələrində sifarişlə yazılan böhtan, şər xarakterli yazılar, şəxsiyyəti təhqir edən ifadələr işlətməklə Mübariz Mənsimova qarşı pis niyyətlərini həyata keçirməkdən çəkinmirlər. İstər KİV nümayəndələrinə müsahibələrində, istərsə də ictimai tədbirlərdə çıxışları zamanı o biznes adamı olduğunu vurğulayır, siyasətə qarışmadığını söyləyir. Bədxah rəqibləri isə onu gözdən salmaq məqsədilə müxtəlif yollara baş vururlar.
Adam illərlə xalqın, millətin yolunda qazancını bölüşmüş, imkansızlara arxa, dayaq olmuşdur. Təəssüf hissi ilə izlədim. Bir millət vəkili digərlərinə də çağırış edib, – “Xalq Mübarizi nədən dəstəkləməlidir? O Azərbaycanın bütövlüyü uğrunda mübarizəmi aparıb?” – deyir. Soruşmaq istəyirəm, bəs Mübariz Mənsimov kim uğrunda mübarizə aparıb? Azərbaycanın yüzlərlə gəncinin savadlanıb, təhsil almasında əməyini əsirgəməyən bu insanın dəstəyi mübarizə deyilmi? İnsanların sağlamlığı, təhlükəsizliyi, həyata yenidən sarılıb sevməsi, evində vətən üçün əsgər böyüdən ailələrin işlə təmin olunması yolunda dövlətə, millətə verdiyi dəstək, köməklik mübarizə deyilmi? Bizə səngərdə döyüşmək üçün əsgər lazımdırsa, o əsgəri böyütmək üçün sağlam ailə də vacibdir. Sağlam ailənin rifahı isə onun məşğulluğundan asılıdır. Ehtiyyatda olan əsgər kimi bu gün arxa cəbhədə xalqı, milləti yolunda yatırdığı sərmayələr mübarizə deyilmi? Görəsən, Vətənin ona oğul deməsi üçün daha nələri etməsi gərəkirdi? Şəhid olmağınımı istəyirsiniz? Biz yetərincə şəhidlər vermişik, yetər artıq. Bizə sağlam, əqidəli, xalqı milləti yolunda təmannasız çalışan, Mübarizlər gərəkdir. Minlərlə Mübarizimizi Vətən yolunda qurban vermişik. Daha Mübarizlərimizi itirmək istəmirik!
Dəyərli iş adamının və dəyərli metsenatımızın ləkələnməsinə rəvac verənlər erməni sevgiləriylə seçilən xəyanətkarlıq “torbası” olması çox şeyləri deyir. Bu gün hər bir şəxs, hətta döyüşçülər “Azərbaycan sevdalısı” Mübariz Mənsimovun yanındadır. Çünki onun ümumi düşmənimizə qarşı apardığı mübarizə, şəhidlərimizə göstərdiyi sayğı və millət adına gördüyü işlər dəfələrlə qəlbimizi iftixarla qabardıb. Amma bu iyrənc və qaydasız üsulla böhtan kompaniyasına start verənlər isə millətimizin üz qaralarıdır.
Mübariz Mənsimovla şəxsi tanışlığım yoxdur. Mənə nə yaxşılığı keçib, nə pisliyi. O milyarder, mənz də sıradan kasıb qələm əhli. Nə yollarımız kəsişib, nə maraqlarımız toqquşub. Nə onun bizə işi düşüb, nə bizim ona. Amma Mübariz Mənsimov AZƏRBAYCANLIDIR! Dünyanın beş qitəsində Azərbaycan adına tanınır, Türkiyə vətəndaşı olsa belə. Bu həbsi Mübariz Mənsimova qarşı siyasi sifariş adlandıranlar da var, digər iqtisadi maraqları önə çəkənlər də. Amma insidentin motivləri, sonrakı nəticələri nə olursa-olsun, Azərbaycanın özündə və ya xaricində (harda olursa-olsun və kim olursa- olsun) soydaşımızın, bizdən biri olanın dara düşməsinə biganə qalmaq yaramaz. Azərbaycan Respublikası təkcə onun ərazində olanların deyil, ondan kənarda olan azərbaycanlıların da Vətəni sayılmırmı?! Azərbaycan dövləti hər bir Azərbaycanlının istinadgahı, qibləgahı deyilmi?! Bəs nə üçün Azərbaycan dövləti koronavirusun tüğyan eydiyi İrana yardım göstərdi və düz də etdi (orda milyonlarla soydaşımız var axı). Yaxud xaricdə hava limanlarında qalan vətəndaşlarımızı çarter reysləri ilə ölkəmizə gətirmədikmi?! Xaricdə darda olan soydaşımıza, qan qardaşımıza lazım olanda dövlət səviyyəsində, lazım olan yerdə millət olaraq dəstək vermək boynumuzun borcu deyilmi?! Bu üzdən, burda və ya burdan kənarda olmasından asılı olmayaraq, bir Azərbaycanlının ayağına dəyən daş bizim hər birimizi ağrıtmamalıdırmı?! Təbii ki, ağrıtmalıdır. O zaman kimliyindən, nəçiliyindən asılı olmayaraq Mübariz Mənsimov niyə istisna olsun ki?! Qanun qarşısında günahkar olduğu tutarlı dəlillərlə sübut olunarsa, onsuz da gedib cəzasını çəkər. Ancaq adam günahsız olduğunu deyir. Əgər Türkiyənin hüquq-mühafizə orqanları onun təqsirkar olduğundan şübhələnirsə, bəs biz adamın təqsirsiz olduğundan şübhələnəndə bu niyə təəccüb doğurmalıdır?! Əlbəttə ki, məhkəmə hər şeyə aydınlıq gətirəcək. O müddətcə Mənsimov bir azərbaycanlı olaraq soydaşlarının dəstəyinə ehtiyac duyur və gerçəkdən Azərbaycan adına yaşayanlar bu dəstəyi göstərməlidir.
Mübariz Mənsimovun barəsində açılan cinayət işi üzrə prokurorluq tərəfindən hazırlanan ittihamnamə, dəlil tapılmaması səbəbindən 27-ci Ağır Cəza Məhkəsinə göndərilib. . Cinayət işinin məhkəməyə göndərilməsi, əslində, gözəl xəbər sayılır, çünki, bir tərəfdən, cinayət işi ilə tanış olmaq imkanı yaranacaq, digər tərəfdən, Mübariz Mənsimov öz hüquqlarını məhkəmə qarşısında müdafiə edə biləcək. Çünki, indiyə qədər Mübariz Mənsimovun nə müdafiəsi alınırdı, nə prokurorla görüşlər baş tuturdu, nə də cinayət işi ilə tanış olmaq mümkün idi. Yəni, verilən təlimatlar əsasında işlər görülürdü.
Son iki ay yarım ərzində vəkillər iki qovluq həcmində müraciətlər veriblər ki, bunlarda Mübariz Mənsimovun günahsız olduğu tam göstərilir. Amma bunlara rəğmən, prokuror heç bir dəlil-sübut tapa bilməyib. Əgər dəlil tapılmış olsaydı, Mübariz Mənsimovun barəsində birbaşa qərar verilərdi. Lakin bu, baş vermədi. Yəni, prokuror ittihamnaməni hazırlasa da, məhkəməyə deyir ki, mən heç bir dəlil tapa bilmədim, siz tapın. Qeyd edək ki, Türkiyənin cəza qanunlarına əsasən, prokuror ittihamnaməni hazırlayana qədər, başqa sözlə, dəlillər toplayana qədər iki il Mənsimovu həbsdə saxlamaq səlahiyyətinə malik idi.
Cinayət işi prokurorluqda gizli olduğu kimi, məhkəmə də bu işi gizli şəkildə araşdırmalı və sonda məhkəmə günü təyin etməlidir. Bu günün təyin edilməsi sabah, 1 həftə, 1 ay sonra da baş verə bilər. Alınan məlumatlara görə, məhkəmə gününün iyul ayına təyin ediləcəyi gözlənilir. Ümumiyyətlə, məhkəmənin keçirilməsi yaxşı hal kimi qiymətləndirilir, çünki belə olan halda cinayət dosyesi artıq açıq olacaq və Mübariz Mənsimovun nədə ittiham olunduğu üzə çıxacaq. Digər tərəfdən, artıq hamıya məlum olacaq ki, irəli sürülən ittihamların heç biri sübuta yetirilməyib.
Əslində bu gün Mübariz Mənsimov yox Türkiyə Ədalət Məhkəməsi sınaq qarşısındadır. Atatürk Cumhuriyyətinin məhkəmə sistemində əsas şüara çevrilmiş “Ədalət mülkün təməlidir” prinsipi kimlərinsə iqtisadi siyasi maraqlarına qurban verilməyəcək və “Məhkəmələr millətin vicdanıdır” həqiqəti təsdiqini tapacaq. Bunu həm Türkiyə, həm də Azərbaycan ictimaiyyəti gözləyir.

Nəsimi

Short URL: http://www.cumhuriyyet.net/?p=148210

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728