Başısoyuqluq edib başı soyuğa verəndə…

17.10.2020 - 10:26

İki gün öncə işdən evə dönərkən çörək almaq üçün arxa küçələrdən birindəki mini-marketə girməli oldum. Marketin qapısını açıb içəri girəndə yadıma düşdü ki, maska taxmamışam. Nə irəli yeriyə bildim, nə qayıdıb çıxa bildim. Bir anlıq düşündüm ki, dükan sahibi “maskasız içəri girmək olmaz” desə, qayıdıb avtomobildən maska götürüb gəlim. Amma market sahibi – 60-65 yaşlı kişi durumumu dərhal anladı, əliylə işarə edib dedi, yaxın gəl, bacoğlu, ta maska dövrü keçdi, ehtiyac yoxdur.

Sonra o, istəyimi yerinə yetirərək, çörəyi rəfdən götürüb sellofan torbaya qoyanda dedim, ağsaqqal, bu, mən tərəfdən bir səhv idi, oldu, amma maska dövrü keçməyib, başımız müharibəyə qarışıb deyə, koronavirusu yaddan çıxarmamalıyıq.

Ağsaqqal razılaşmadı, dedi, yox e, koronavirus düşməndən daha qorxulu deyil, bizə heç nə edə bilməz, əsas məsələ düşmənə qalib gəlməkdir.

Yeri və zamanı deyildi, mübahisəyə girişib, “yox, o da düşməndir, bu da, ikisi ilə də döyüşmək lazımdır” demədim.

Mən marketdən çıxanda içəri daha iki nəfər daxil oldu. Onlar da maskasız idi.

Anladığım bu oldu ki, iki həftə öncə yoluxma sayının azalması, dövlət orqanlarının əsas diqqəti müharibəyə verməsi, cəbhədən gələn yaxşı xəbərlərin yaratdığı eyforiya, ümumi gərginlik bizim konsentrasiyamızı o qədər pozub ki, qlobal təhlükəni – koronavirus pandemiyasını unutmuşuq, ya da onu Gəncəni, Tərtəri bombalayaraq, dinc insanlarımızı öldürən erməni separatçılarından qat-qat az təhlükəli sayırıq.

Əslində isə bu çox yanlışdır. Həm də kütləvi şəkildədir.

Artıq ilin əvvəlindəki əndişədən, qorxudan əsər-əlamət yoxdur. Tam əksəriyyət koronavirusa qarşı mübarizədə tətbiq olunan təhlükəsizlik tədbirlərinə riayət etmir. Maskasız gəzmək, ya da maskanı çənədə, dirsəkdə gəzdirmək halları yayğınlaşıb, spirtdən, başqa dezinfeksiyaedici mayelərdən istifadə minimuma enib, əl ilə salamlaşmaq, öpüşüb-görüşmək halları pandemiyadan qabaqkı intensivliyə qayıdıb, qapalı yerlərdə çoxalmaq halları artıb və s.

Halbuki dünyada pandemiya elan olunduğu ilk aylarda insanlar daha məsuliyyətli idilər, hər kəs özünün, ailəsinin, yaxınlarının koronavirusa yoluxacağından qorxur, ehtiyatlı, məsuliyyətli davranır, mütəxəssislərin tövsiyələrini ciddiyə alırdılar.

İndi isə hər şey, yuxarıda dediyimiz kimi, əksinədir. Canımızdakı məsuliyyətsizlik damarı yenidən yoğunlayıb.

Bu, bizi fəlakətə aparır. Erməni aqressorların qarşısında yüz minlik igid, şücaətli əsgərimiz var, ermənilər nə cəbhədə bizə bata bilmirlər, nə də xüsusi xidmət orqanlarımızın ayıq-sayıq əməkdaşlarının əməyi sayəsində içimizə sıza bilmirlər, amma koronavorus aramızdadır, gözə görünmür və hər yerə sirayət etmək gücündədir.

Bir həftəlik, on günlük başısoyuqluq kifayət etdi ki, yoluxma sayı 500-ün üstünə çıxsın. İndi onu oradan düşürmək üçün həftələrlə məhdudiyyətlər çərçivəsində yaşamalıyıq.

Belə bir fakt var ki, yoluxma sayı bütün dünya üzrə birə-iki artıb, hətta düşmənimiz Ermənistanda yoluxma sayı bizdəkindən 3 qat çoxdur. Bunu payız mövsümü ilə, soyuqların düşməsi ilə əlaqələndirənlər də çoxdur. Ancaq “payız soyuqları” faktoru əsas vermir ki, biz başısoyuqluq edərək başımızı, canımızı soyuğa verək, immunitetimizi zəiflədək və qorxulu virusa asanlıqla yoluxaq.

Bütün hallarda ehtiyat tədbirləri gücləndirilməlidir, insanların məsuliyyətli artırılmadır.

Bu savaş cəbhəsini, kampaniyasını da boş buraxmaq olmaz. Bu baxımdan dövlət strukturlarının tətbiq etdiyi yeni məhdudlaşdırmaları anlayışla qarşılamaq, tövsiyələrə birəbir riayət etmək lazımdır. Heç nə millətin sağlamlığından əziz deyil.

Bəlkə yalnız uşaqların təhsili ilə bağlı ciddi əndişə çəkməyə ehtiyac var, amma onun da çarəsini tapmaq mümkündür. Zatən, çıxış yolları üzərində düşünənlər mövcuddur, onlar pis-yaxşı şagird və tələbələrin təhsili üçün optimal yollar təklif edirlər.

Düşmənin əlindəki “alınmaz” qalaların iki-üç həftənin içində süqut etməsi göstərir ki, məsuliyyətli, səriştəli, nizam-intizamlı, ağıllı, əzmli olanda, nəyisə ürəkdən istəyəndə ona nail olmaq olur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156189

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930