Ermənilər niyə Siyəzən, Qəbələ və Kürdəmiri vurdu?

22.10.2020 - 14:55

Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozmağa davam edir. Belə ki, ermənilər 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə, elan olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoyur.

Sentyabrın 27-dən etibarən Tərtər, Gəncə, Bərdə, Ağcabədi, Goranboy, Beyləqan və daha bir neçə rayon ermənilərin raket zərbələrinin hədəfinə çevrilib. Bu günə qədər 60-dan çox mülki vətəndaşımız dünyasını dəyişib.

Oktyabrın 22-də də Ermənistan silahlı birləşmələri cəbhə zonasından 150 km-dən artıq uzaqlıqda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına “Skad” ballistik taktiki raketlər atıb.

Raket zərbələri nəticəsində Qəbələ rayon sakini 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəyib.

Həmçinin, düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb, lakin Ordumuzun hava hücumundan müdafiə qüvvələrinin müvafiq tədbirləri nəticəsində raket zərərsizləşdirilib və hissələri su kəmərinin yaxınlığına düşüb.

Hərbi ekspert Üzeyir Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, ermənilərin Qəbələ, Siyəzən və Kürdəmiri hansı məqsədlə hədəfə alması haqda detallı danışmaq doğru olmaz. Onun sözlərinə görə, bu barədə ətraflı məlumata ehtiyac olacağı təqdirdə Müdafiə Nazirliyi bu məlumatları verə bilər.

Üzeyir Cəfərov: “Azərbaycan ordusunun güclənməsini istəmirlər”

Ü.Cəfərov qeyd edib ki, artıq hava hücumundan müdafiə istiqamətində ciddi işlər görülüb: “Bu istiqamətdə təcili və çox ciddi işlər görülüb. Bu barədə ətraflı danışmaq olmaz. Fikir verirsinizsə, raket zərbələri ya havada məhv edilir, ya da boş əraziyə salınır. Bunun qarşısını almaq üçün artıq heç bir boşluq qalmayıb. Tam və ciddi şəkildə işlər həyata keçirilir”.

Düşmənin hər dəfə hədəf olaraq yeni rayon və yaşayış məntəqələri seçməsini Ü.Cəfərov belə şərh edib ki, düşmənin məqsədi sadəcə xof və qorxu yaratmaqdır.

“Ermənilərin raketlə hədəfə aldığı bölgələrimiz cəbhədən yüz kilometrlərlə aralıdadır. Ermənilərin məqsədi sırf panika yaratmaqdır. Fikir verirsinizsə, hər dəfə Azərbaycan ordusu yeni kəndləri, şəhərləri, yüksəklikləri işğaldan azad etdikdən, Ali Baş Komandan bu qələbə xəbərini elan etdikdən sonra ermənilər eyni addımı atırlar. Bunu həzm edə bilmirlər.

Ordunun qələbəsinin xalqa verdiyi ruhu, Azərbaycan xalqının orduya olan inamını sarsıtmaq üçün belə edirlər. Amma heç bir nəticə əldə edə bilmirlər. Xalq və ordu bunun sonunda daha da qəzəblənir və hədəfə doğru irəliləyir. Ermənilər artıq hərb meydanında uduzduqlarını qəbul ediblər. Azərbaycan ordusu üzü Şuşaya doğru gedir. Bunu ermənilər də başa düşürlər”,- deyə Ü.Cəfərov qeyd edib.

Qeyd edək ki, Vətən müharibəsi ərəfəsində Azərbaycan Hərbi Hava Qüvvələri Kəlbəcər istiqamətində ermənilərin raket kompleksini məhv etmişdi. 300 km atış məsafəsinə sahib “Elbrus” raketi Dağlıq Qarabağa gətirilsəydi Bakını da vura bilərdi. Kəşfiyyat məlumatlarına görə, Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində belə raket yox idi və bu, Ermənistanın 71-ci raket alayının tərkibində olan raket idi. Həmin raket Ermənistan ərazisində vurulmuşdu.

“Ermənistanın bizi hədəfə alan raket komplekslərini niyə vurmuruq?” sualı yarana bilər.

Bu məsələ ilə bağlı ekspert Ü.Cəfərov bildirib ki, Azərbaycan ordusu həmin mövqeləri çoxdan müəyyən edib.

“Raketlər əsasən Qafan və Cermux bölgələrindən atılır. Onlar da Ermənistan ərazisidir. Ermənilər buna görə də özlərini rahat hiss edirlər. Bu o demək deyil ki, biz onların mövqelərini vurmayacağıq. Müdafiə Nazirliyi də bununla bağlı xəbərdarlığını bir neçə dəfə edib ki, BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən heç düşünmədən atəş açacağıq. Ermənilər bu xəbərdarlığı alıblar, amma çalışırlar ki, Azərbaycan ordusu onların həmin mövqelərini vursun.

Azərbaycan ordusu Ali Baş Komandanın əmrinə tabedir.Ali Baş Komandan qərarı verəcəyi təqdirdə bu əmr qüsursuz şəkildə yerinə yetiriləcək. Amma biz hələ ki, səbirlə, təmkinlə davranırıq. Ermənilərin məqsədi də budur ki, biz onları vuraq və bundan istifadə etsinlər. Artıq düşmən bütün variantlardan istifadə edir. Həbsxanalardan dustaqları da cəbhə bölgəsinə gətiriblər. Ölən öləcək, sağ qalan da azadlığa çıxacaq. Bu, müharibə şəraitində atılacaq son addımlardandır.

Sonda onu da qeyd edim ki, heç bir narahatçılıq olmamalıdır. Hər şey ordumuzun nəzarəti alındadır və nəticə bu günə olandan da yaxşı olacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156458

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930