Ziya Bünyadovun qətlindən 27 il ötdü – qatil hansı sirləri açmışdı?

23.02.2024 - 11:47

2000-ci ildə qətlin üstü açılarkən akademiki öldürən dəstə ölkədən İrana qaçıb…

Fevralın 21-də Azərbaycanın nadir şəxsiyyət-ziyalılarından olan Ziya Bünyadovun xaincəsinə qətlə yetirilməsindən 27 il ötdü. Dünən- fevralın 22-də mərhum akademikin torpağa tapşırıldığı gün idi.  

Ziya Bünyadov 1923-cü il dekabrın 21-də Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub. Orta məktəb illərini Göyçayda keçirib. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya yollanıb. Lakin tibb komissiyasından keçə bilmədiyindən, yaşına iki il əlavə edərək S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirib. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirib. O, 2-ci Dünya müharibəsi zamanı Ukrayna, Mozdok və Tuapse, Belarus və Polşa uğrunda savaşlarda fəal iştirak edib. Müharibənin sonlarına yaxın, 1945-ci il 27 fevralda Ziya Bünyadova döyüşlərdə göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Ziya Bünyadovun QƏTL GÜNÜ

Müharibə başa çatdıqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olub, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilib. 1954-cü ilin may ayında “İtaliya İmperializmi Afrikada” namizədlik dissertasiyasını müdafiə edib, həmin ilin avqustunda Bakıya qayıdaraq Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda elmi axtarışlarını davam etdirib. 1958-ci ildən 1959-cu ilə kimi Ziya Bünyadov Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllim işləyib.  1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, 21 aprel 1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 1981-ci ilin aprel ayından isə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin olunub. O, bu vəzifədə 1986-cı ilə qədər fəaliyyət göstərib. 1988-1990-cı illər ərzində Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Ziya Bünyadov 1990-cı ildə AMEA-nın vitse-prezidenti seçilib. O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın Azərbaycan dilinə tərcüməsini başa çatdırıb. Ziya Bünyadov 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında qətlə yetirilib.

Ziya Bünyadovu qətlə yetirən dəstə barəsində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi) 21 fevral 2001-ci il tarixli hökm çıxarıb. 

Hazırda Qobustan qapalı həbsxanasında qətldə birbaşa iştirak etmiş şəxslərdən biri Nizami Nağıyev ömürlük məhkumluq həyatı yaşayır. Onu və Qabil Babayevi hadisə yerinə aparan Mahir Zeynalov da onunla bərabər ömürlük həbsdədir. “Yeni Müsavat”ın əməkdaşı bir neçə il əvvəl Qobustan həbsxanasında Nizami Nağıyevlə görüşüb qətlin tarixçəsi və sifarişçi ilə bağlı fikirlərini öyrənmişdi. (5 hissədən ibarət həmin müsahibənin keçidini təqdim edirik: https://musavat.com/news/ziya-bunyadovun-qatili-hebsxanada-danisdi-sensasion-aciqlamalar-foto_506470.html)

Hökmə görə, dəstə üzvləri 1997-ci ilin yanvarında Bakıda yığıncaq keçiriblər.Yığıncaqda Nizami Nağıyev, Cavanşir Aslanov, Mahir Zeynalov, Qalib Babayev, Tariyel Ramazanov, “Nəsrullah” adlı şəxs iştirak edib və akademik Ziya Bünyadovun xidməti, siyasi fəaliyyətinə son qoymaq qərarlaşdırılıb. Qətlin həyata keçirilməsi planı qurulub, dəstə üzvlərinin hər birinin rolu öz aralarında bölüşdürülüb. Yığıncaqda akademikin İran müşteyidləri tərəfindən ölümünə “fətva” verildiyi vurğulanıb. Bildirilib ki, Ziya Bünyadov islam tarixinin tərcüməsində guya kobud səhvlərə yol verib. Hökmdə bildirilib ki, Nizami Nağıyev, Mahir Zeynalov, Xanlar Cabbarov, Maarif Əliyev, Rövşən Həsənov, Qədir Abbasov, Rizvan Məmmədov, Qalib Babayev Tariyel Ramiz oğlu Ramazanov istintaqa məlum olmayan, özlərini İran İslam Respublikası vətəndaşları kimi təqdim edən “Məhəmməd” və “Nəsrullah” adlı şəxslərin 1993-cü ildə Azərbaycanda, o cümlədən Bakı şəhərində İslam dininin müdafiəsi pərdəsi altında ağır və xüsusilə ağır cinayətlər törədilməsi məqsədilə yaratdıqları “Vilayəti Əl-Fəqih Hizbullah” adlı cinayətkar birliyə qəbul olunublar. 1993-cü ildən 2000-ci ilin oktyabrınadək orada iştirak ediblər. 21 fevral 1997-ci il saat 16 radələrində dəstə 2 qrupa ayrılıb. Tapança-pulemyotla silahlanmış Tariyel Ramazanov və Cavanşir Aslanov akademik Ziya Bünyadovun evə qayıtma vaxtını mobil telefon vasitəsilə 2-ci qrupa məlumat verib. Nizami Nağıyev bıçaqla, Qalib Babayev isə tapança ilə silahlanıb Mahir Zeynalovla birlikdə avtomaşınla akademik Ziya Bünyadovun yaşadığı binanın yaxınlığında növbəti zəngi gözləyiblər.

ziya 2.jpg (212 KB)

 Nizami Nağıyev

Axşamüstü saat 6 radələrində Tariyel Ramazanov akademik Ziya Bünyadovun evinə gəlməsi barədə Mahir Zeynalova məlumat verib. O, kənar şəxslər barədə işarə vermək məqsədilə avtomaşında qalıb, Qalib Babayev binanın tinində, Nizami Nağıyev isə 3-cü girişin qarşısında mövqe tutub. Akademik Ziya Bünyadovun mənzilinə tək getməsi barədə Qalib Babayevin işarəsindən sonra Nizami Nağıyev binanın 3-cü girişinə daxil olaraq gözləyib. 1-ci və 2-ci mərtəbələrin arasındakı meydançada Ziya Bünyadovun arxa tərəfinə keçib və onun sağ və sol qabırğaaltı, qarın nahiyələrinə, sol əlin arxa bayır səthinə 5 dəfə ardıcıl zərbə vurub. Həmin vaxt hadisə yerinə Qalib Babayev də özünü çatdırıb və “Makarov” markalı səsboğucusu olan tapançadan Ziya Bünyadovun sifətinin sağ yanaq nahiyəsinə və boynuna atəş açıb. Akademikin həyatına son qoyan hər 2 şəxs Mahir Zeynalovla birgə avtomobillə hadisə yerindən qaçıb.

3 il sonra dəstə üzvlərindən Nizami Nağıyev və Mahir Zeynalov tutulublar. Nizami Nağıyev qətldən 5 ay sonra Gömrük Komitəsinə işə düzəlib, tutularkən də gömrük inspektoru olub. Atası Adil Nağıyev həmin vaxt Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyıb. Nizami Nağıyev “Yeni Müsavat”a demişdi ki, Ziya Bünyadovu onlara Aydın kimi tanıdıblar, onun və bir müxalifət liderinin qətlini sifariş veriblər. Sifarişi alan Tariyel Ramazanov Milli Elmlər Akademiyasının işçisi olub. 2000-ci ildə qətlin üstü açılarkən o və dəstənin digər üzvləri ölkədən qaçıblar. Nizami Nağıyev onların İrana qaçdıqlarını ehtimal etdiyini bildirmişdi.(“Yeni Müsavat”)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198772

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930