Ramil Usubovun Gürcüstana qəfil səfəri: “məxfi qovluq”da nələr var?

13.03.2024 - 13:23

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov Gürcüstanda səfərdədir. Fransa müdafiə naziri Sebastyan Lekornun, Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Ermənistana, Ermənistan Baş naziri Nikol Paşinyanın Fransa və Yunanıstana səfəri fonunda bu səfər diqqət çəkir.

Məsələ ondadır ki, Ermənistan sürətli şəkildə silahlanır, Fransa isə bu prosesdə ona maksimum dəstəyini ifadə edir. Hətta N.Dendiasın səfər zamanı qeyd etdiyi Yunanıstan, Yunan Kipri və Ermənistan arasında hərbi ittifaqın gücləndirilməsi təklifinin pərdəarxası təşəbbüskarı da məhz Parisdir.

Bakı bu günə qədər prosesi səssiz şəkildə izləyirdi və bu təmkinli mövqe həm strateji xarakter daşıyırdı, həm də atılacaq addımların məxfiliyi baxımından önəmli idi. R.Usubovun Gürcüstana səfəri Bakının artıq hərəkətə keçdiyini göstərir.

R.Usubov səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri, müdafiə naziri İrakli Çikovani ilə görüşlər keçirib. Görüşlərin müzakirə mövzuları isə müdafiə sahəsində əməkdaşlıq (İ.Çikovani), iki ölkənin aidiyyəti orqanları arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi (V.Qomelauri), strateji tərəfdaşlıq və regional layihələr (İ.Kobaxidze) olub.

Generalın görüşdüyü şəxslər və görüş zamanı müzakirə etdiyi məsələlər onu deməyə əsas verir ki, Bakı Tbilisidən Ermənistana verilən silahların təyinatı, növü, habelə hansı ölkədən gəldiyinə dair məlumatları bölüşməsini istəyir. Prinsip etibarilə iki ölkə arasında bu kimi məsələlərə dair məxfi sazişlərin olduğu bəllidir. Lakin Bakı bütün ehtimalları nəzərə alaraq Tiflislə əldə edilən razılaşmaları daha da dərinləşdirmək istəyir.

Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi deyərkən əslində bu nəzərdə tutulur. İki ölkə bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, habelə regionda sülhə mane olacaq silahların ərazisindən keçməsi halında digərinə məlumat verə bilər.

Təbii ki, Bakı Tbilisinin bu jestini cavabsız qoymayacaq. Azərbaycan Regional layihələrin icrasında bundan sonra da Gürcüstanla əməkdaşlıq edəcək, habelə qonşusunun enerji təhlükəsizliyində yaxından iştirak edəcək. Prinsip etibarilə Gürcüstan Azərbaycandan sərfəli qiymətlərlə neft və qaz alır. Tbilisi Bakının istəklərini həyata keçirəcəyi təqdirdə daha sərfəli qiymətlərlə neft və qaz ala bilər.

Martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin Bakıda, habelə üç ölkənin müdafiə nazirlərinin Gürcüstanda baş tutacaq üçtərəfli görüşü zamanı bu məsələlərin yenidən müzakirə edilməsi, hətta razılıqların əldə olunması istisna deyil.

Turan Rzayev

MİA.AZ

Short URL: http://www.cumhuriyyet.net/?p=199240

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930