Həbs edilən “Bandotdel” rəisi haqda sensasion məlumatlar: Yeltsini mühafizə edib, Dudayevə pul verib silah alıb

03.04.2015 - 09:09

İsgəndər Həmidov: “Mən nazir olanda Nizami Musayevə 200 min pul vermişdim ki…”

rrBakıda Səbayel Rayon Polis İdarəsinin əməkdaşları Nizami Musayevi saxlayıb. “Trend”in yaydığı xəbərdə deyilir ki, N.Musayev 1992-ci ildə Xalq Cəbhəsi hökuməti dövründə Azərbaycan DİN-in Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsini tutub. 1995-ci ildən axtarışda olan N.Musayevə qarşı Cinayət Məcəlləsinin (2000-ci ilin sentyabrın 1-ə qədər qüvvədə olmuş) 88-1-ci (dövlət əmlakını və ya ictimai əmlakı, xüsusilə killi miqdarda talama) və 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, Nizami Musayev həm aktyor, həm ssenarist, həm də rejissor kimi tanınıb, eyni zamanda bir çox təhlükəli fəndlərin quruluşçusu olub, idmançı olduğuna görə, bir çox fəndləri şəxsən yerinə yetirib. N.Musayevin ən məşhur filmi “Lətifə” filmidir. Həmçinin “Alman klinikasına şəxsi səfər”, “Araqarışdıran”, “Bəyin oğurlanması”, “Cin mikrorayonda”, “İşarəni dənizdən gözləyin” , “Qanlı zəmi”, “Qara gölün cəngavərləri”, “Qorxma, mən səninləyəm” və “Yaramaz” kimi filmlərin çəkilməsində iştirak edib.

AXC hakimiyyəti zamanında daxili işlər naziri vəzifəsində işləmiş İsgəndər Həmidov “Yeni Müsavat”a Nizami Musayev haqqında maraqlı açıqlamalar verib. İsgəndər Həmidov bildirdi ki, Nizami Musyaev AXC-nin aktiv üzvü idi, vətənpərvər insandır və məhz bu keyfiyyətinə görə rəis vəzifəsinə təyin edilmişdi: “Nizami Musayevi rəis vəzifəsinə mən təyin etmişdim. O işinin öhdəsindən yaxşı gəlirdi. Öncə onu deyim ki, 1991-ci ildə Moskvada ”QKÇP” hadisələri baş verəndə Nizami Musayev orada Boris Yeltsinin müdafiəsində iştirak eləmişdi. 1992-ci ildə AXC hakimiyyətə gəldikdən sonra biz onu rəis təyin etdik, mayor rütbəsi var idi. Nizami heç bir vəzifə səlahiyyətlərini aşmayıb, dövlət əmlakını mənimsəməyib, ziyalı bir insandır. Mən nazir olanda ona 200 min pul vermişəm.

O da aparıb həmin pulu Çeçenistanda rəhmətlik Cövhər Dudayevə verib. Əvəzində Qarabağın müdafiəsi üçün silah-sursat alınıb. Bu barədə göstərişi rəhmətlik prezident Əbülfəz Elçibəy vermişdi. Bu işlə bağlı mən həbs olunanda mənə ittiham da irəli sürülmüşdü. Hətta mənim işimdə belə bir fakt var ki, Əbülfəz Elçibəyin məktubu var ki, pul göndərmək üçün əmri prezident olaraq mən vermişəm. Cövhər Dudayevin də məktubu var. Dudayev təsdiq edir ki, pulu alıb. Amma mənə qarşı cinayət işində həmin pulu guya mənimsədiyim əksini tapırdı. İndi görünür eyni işi Nizami Musayevə qarşı qurublar. İkincisi, üstündən 20 ildən artıq keçdiyi üçün işin qaldırılmasının özü qanunsuzluqdur”.

İ.Həmidov 1995-ci ildən indiyə qədər Nizami Musayevin harada olmasından, nə işlə məşğul olmasından məlumatının olmadığını dedi: “Mən həbs olunandan bu günə qədər onunla görüşməmişəm. Harada olmasından da xəbərsiz idim. Ancaq xüsusi qeyd edim ki, 20 ildən sonra cinayət işinin vaxtı ötür. Nizaminin həbs edilməsi bu baxımdan da qanun pozuntusu sayılmalıdır. Görək istintaq prosesində nə olacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=20936

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031