Kəlbəcər girovları əfv yox, hökmdən şikayət yazdı

07.04.2015 - 12:53

girov1Dağlıq Qarabağdakı qondarma rejimin ağır cəzaya məhkum etdiyi azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev məhkəmə hökmündən kassasiya şikayəti edəcəklər. Ömürlük həbsə məhkum edilmiş Dilqəm Əsgərovun vəkili Erik Beglaryan Azadlıq Radiosunun Ermənistan xidmətinə deyib ki, müdafiə etdiyi şəxs günahını qismən etiraf edir. Amma özünü casusluq, adam oğurluğu və qətldə təqsirli saymır.

Vəkilin sözlərinə görə, onlar çalışacaqlar ki, Kassasiya Məhkəməsi həmin ittihamları ləğv etsin və ömürlük həbs cəzası nisbətən yungül cəza ilə əvəzlənsin. Beglaryanın dediyinə görə, müdafiə etdiyi şəxslə “Dağlıq Qarabağ prezidenti Bako Saakyana əfvlə bağlı müraciət edilməsi”ni də müzakirə edib: «Müdafiə etdiyim şəxs mənimlə bu barədə bir dəfə söhbət edib. Əvvəllər o, prezidentə əfv xahişi ilə müraciət etmək istəyini ifadə etmirdi. Əgər onun belə bir istəyi yaransa belə, bütün hallarda biz hökmün qüvvəyə minməsini gözləməli, yalnız bundan sonra prezidentə əfv xahişi ilə müraciət etməli olacağıq”.

22 illik həbsə məhkum edilmiş Şahbaz Quliyevin vəkili Arkadi İsraelyan da bildirib ki, müdafiə etdiyi şəxs hökmdən kassasiya şikayəti vermək niyyətindədir. Xatırladaq ki, ermənilərin Stepanakert adlandırdığı Xankəndinin birinci instansiya məhkəməsi ötən ilin sonunda hər iki şəxsi ağır cəzaya məhkum edəndən sonra Appelyasiya Məhkəməsi hökmü qüvvədə saxlamışdı. Şahbaz Quliyev və Dilqəm Əsgərovun qohumları isə bildirirlər ki, casusluq, qətl ittihamları əsassızdır. Çünki hər iki şəxs sadəcə işğal altında olan doğma yurdlarını ziyarətə gediblər. Müharibə vəziyyətinə görə, bunu gizli şəkildə etməyə məcbur qalıblar.

Dağlıq Qarabağın “Helsinki Komissiyası-92” təşkilatının rəhbəri Karen Ohancanyan bu günlərdə təcridxanada saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib. Onlarla söhbət edib, saxlanma şəraitləri ilə maraqlanıb.

“Qərb, Avropa ölkələrində bir çox təcridxana və həbsxanaya baş çəkmək imkanı olmuş hüquq müdafiəçisi kimi deyə bilərəm ki, belə müəssisələrin məhbusların saxlanması normalarına necə əməl etməli olduqları haqda yetərincə məlumata malikəm. Əminliklə deyə bilərəm ki, onların saxlanma şəraiti beynəlxalq normalara uyğundur və dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır” – deyə Ohancanyan bildirib.

Hüquq müdafiəçisi deyib ki, onunla söhbət zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyev Bako Saakyana əfv xahişi ilə müraciət etmək məsələsinə də toxunublar: “Onlar ümid edirlər ki, Kassasiya Məhkəməsi işə yenidən baxacaq. Buna nail olmasalar, onlar prezidentə müraciət etmək niyyətindədirlər”.

Qeyd edək ki, hər iki şəxsi vəkillə yerli rejim təmin edib, onların öz yaxınları ilə görüşmək imkanları yoxdur və onların adından deyilənləri digər mənbələrdən təsdiq etmək mümkün deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=21571

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728