Şanxay Əməkdaşlıq Təşkilatı və Azərbaycan xarici siyasəti

24.07.2015 - 00:22

sanxayİyulun 9 – 10 da Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT)Rusiyanın Ufa şəhərində say etibarı ilə 20 ci konfransı keçirildi. Həmin konfransda diqqəti cəlb edən əsas məsələ Hindistan və Pakistan kimi ölkələrin təşkilata üzv qəbul edilməsi oldu. Təşkilatın əsas hədəflərinin nədən ibarət olduğunu bilmək üçün ŞƏT tarixinə qısa nəzər salaq.
Məlumdur ki , hələ sovetlər dövründə SSRİ ilə Çin Xalq Respublikası arasında mübahisəli ərazilər məsələsi mövcud idi. SSRİ süqut etdikdən sonra, müstəqillik əldə etmiş Mərkəzi Asiya respublikalarınında bəzi əraziləri (Qazaxıstan, Qırğızıstan və Tacikstan) mübahisəli ərazi məsələsinin obyektinə çevrildi. Bu isə istər istəməz regionda müstəqillik əldə etmiş respublikaların simasında yeni aktorlaın meydana gəlməsi demək idi.
Mübahisəli ərazilər məsələsinin həll edilməsi məqsədilə 1996 ci ilin aprelində Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan və Tacikstanın iştirakı ilə Şanxayda “Şanxay beşliyi” yaradıldı. Mütəmadi olaraq hər il, ildə bir dəfə ölkə başçılarının yüksək səviyyədə görüşü təşkil edilirdi. 1999 cu il Bişkek sammiti zamanı ilk dəfə olaraq nazirlər və ekspertlər səviyyəsində daimi işlək mexanizm kimi işci qrupunun yaradılması haqqında razılıq əldə edilir.
2001 ci ilin iyununda Şanxayda təşkil edilmiş növbəti sammitdə Özbəkistan quruma üzv qəbul edilir və “Şanxay Əməkdaşlıq Təşkilatı” yaradılır. Həmin sammitdə “Terrorizm, separatizm ekstremizmlə mübarizəyə dair Şanxay konvesiyası” qəbul edilir. Məhz həmin sənəd təşkilatın təməl prinsiplərini özündə əks etdirir.
İyirmi bir maddədən ibarət olan konvensiyaya əsasən, təşkilata üzv ölkələr təhlükəsizliyi və sabitliyi qorumaq naminə terrorizm, separatizm və ekstremizmə qarşı mübarəzədə əməkdaşlıq edirlər. Həmin əməkdaşlıq qarşılıqlı məsləhətləşmələr və hüquqi yardım prinsiplərinə əsaslanır. Burada, hər hansı hərbi – siyasi əməkdaşlıq forması nəzədə tutlmayıb. Doğrudur 2003 cü ildə təşkilat 20 il müddətinə iqtisadi – ticarət sahədə əməkdaşlığa dair proqram qəbul etsə də iqtisadi təşkilat kimi nəzərə alınmır. Bu, daha çox regional beynəlxalq təşkilatdır.
Beləliklə, son sammitdə Hindistan və Pakistanıında təşkilata üzv qəbul edilməsi ilə təşkilatın coğrafiyası daha da genişləndi. Belə ki, hal – hazırda təşkilata üzv olan ölkələrin ümumi ərazisi 34 mil kv . kmdir ki , bu da, Avrasiya ərazisinin təxminən 60% deməkdir.
Göründüyü kimi, həmin təşkilat ilkin olaraq, əsasən Rusiya və Çin arasında Mərkəzi Asiya regionunda qarşılıqlı əməkdaşlığı tənzimləyən mexanizm rolunda çıxış edirdi. Lakin, zaman ötdükcə təşkilatın əvvəlki missiyasında müəyyən dəyişiliklərin olduğunu müşahidə etmək olar. Bu isə, daha çox Rusiya ilə Çin arasında rəqabət nəticəsində meydana çıxmış reallıqlardır. Belə ki, Rusiya təşkilata geopolitik, Çin isə geoiqtisadi faktor kimi yanaşır.
Rusiya əsasən, Mərkəzi Asiya regionuna vaxtile mövcud olmuş sovet imperiyasını yenidən bərpa etmək üçün potensial məkan kimi yanaşır.
Ukrainaya qarşı hərbi təcavüz nəticəsində Krımı işğal etməklə əslində, Putin administrasiyası çox böyük geopolitik səhfə yol vermiş oldu. Belə ki, Krımı işğal etməklə Rusiya Ukrainanı birdəfəlik itirdi. Bu isə Rusiyanın qerb istiqamətində geopolitik inkişaf perpektivlərini heçə endirmiş oldu. Xüsusilə də, Şərqi Avropa və Pribaltika ölkələri ciddi təhlükə ilə üz – üzə olduqlarını bir daha təsdiqləmiş oldular. Əvəzində, NATO həmin ölkələrdə hərbi iştirakını genişləndirmək imkanı əldə edib. Belə ki, iyul ayında ABŞ – Polşa, Rumıniya, Bolqarıstan və Pribaltika respublikalarında əlavə olaraq 2500 ədəd tank və 5 min hərbi kontingent yerləşdirib.
Təbii ki, qərb istiqamətində geopolitik uğursuzluqla üzləşən Rusiya diqqətini Şərqə – Çinə və cənub sərhədlərinə – Mərkəzi Asiyaya yönəltmiş olub. Rusiyanın qərb istiqamətində strateji baxımdan geopolitik məğlubiyyətini cənub sərhədləri boyunca kompensasiya etmək siyasətinin uğurla nəticələnəcəyi ciddi sual altındadır.
Doğrudur Rusiyanın Qazaxıstan, Tacikstan və Qırğızıstanda hərbi bazaları mövcutdur. Lakin bu heçdə, Moskvaya geniş geopolitik perspektivlər vəd etmir. Əsas səbəb isə, regionun monolit deyil, müxtəlif fərqli milli maraqlara malik olan dövlətlərdən ibarət olmasıdır. İndiki şəraitdə Moskvanın əsas məqsədi yalnız, regionda hərbi iştirakını təmin etməkdən ibarət ola bilər. Bu isə, Heartland məkanında vahid siyasi gücün formalaşdırılması üçün yetərli deyil.
Məhz , Ukrainaya qarşı hərbi təcavüz nəticəsində ABŞ və Avropa Birliyi tərəfindən sanksiyalara məruz qalan Rusiya Çinlə geniş əməkdaşlıq etməyə başlamışdır. Bu gün Çin rəsmi Kremlin prioritet ölkələr siyahısında əhəməyyətinə görə üçüncü ölkə hesab edilir. Çinin Mərkəzi Asiyada artan iqtisadi ekspansiya siyasətini diqqət və narahatçılıqla izləyən Moskva buna qarşı hər hansı əks addım atmaq imkanına malik deyil. Daha dəqiq desək, Rusiya iqtisadi baxımdan Çinin “kiçik partnyoru” və ya, neft – qaz ixraç edən xammal bazası rolunda çıxış etməyə məcburdur.
Rusiya – Çin əməkdaşlığının strateji hədəfi “Çoxqütblü dünya” nizamının formalaşdırılmasına nail olmaqdır. Lakin, əgər diqqətlə fikir vesək məlum olur ki, həmin prossesdə Rusiya daha çox, Çin hegemonluğunun bərqərar edilməsi yolunda mövcud olan maneələri aradan qaldıran “Sanitar” rolunda çıxış edir.
Təbii ki, Rusiyanın çox böyük geopolitik potensiala malik olması sirr deyil. Lakin, həmin potensialı realizə etmək vassitələri çox məhdutdur. Əsas problem rusiya siyasi – hərbi isteblişmentinin “Veliko rus” ideologiyasının girovundan xilas ola bilməməsidir. Rusiyanın qlobal iddiaları onun potensial geopolitik imkanlarına uyğun olsa da, real imkanları ilə tərs mütənasiblik təşkil edir. Bu isə, rusiya geopolitikasının marginallaşma prossesini daha da sürətləndirir.
Beləliklə, indiki şəraitdə Putinin xarici siyasətini marginallaşmış rusiya geopolitikasına refleks kimi qiymətləndirmək olar.
Qeyd edildiyi kimi, Rusiyadan fərqli olaraq Çin Şanxay Əməkdaşlıq Təşkilatına daha çox, geoiqtisadi faktor kimi yanaşır.
Məhz, Çinin təşəbbüsü ilə son Ufa sammitində “İpek yolu ”na dair ümumi qətnamənin qəbul edilməsi Çinin iqtisadi iddialarının coğrafi arealını müəyyən etməyə imkan verir. Məlum olur ki, bu iddialar heçdə Mərkəzi Asiya ilə məhdudlaşmayaraq, Şərqi Avropa və Aralıq dənizinədək uzanan coğrafi məkanı əhatə edir.
Xarici siyasətdə ənənəvi “Orta Krallıq” konsepsiyasından çıxış edən Çin özünü “dünyanın mərkəzi” hesab edir. Bu isə, “Qlobal hegemonluğa” hesablanmış bir konsepsiyadır.
Çin, yaxın partnyoru hesab edilən Rusiyadan fərqli olaraq, daha praqmatik və təmkinli xarici siyasət kursuna malik olan ölkə kimi tanınır. Çünki, rəsmi Pekin çox gözəl başa düşür ki, onun artmaqda olan iqtisadi gücü daha çox qərb ölkələrinin “İqtisadi nəhəngləri” nin lisenziyalarından asılıdır.
Əslində isə, bütün qonşularla ərazi problemi olan Çin faktiki olaraq regionda təklənmiş vəziyyətdədir. Belə ki, Çinin Yaponiya, Koreya, Malaziya, Vyetnam, Tayvan və qonşusu Hindistanla ərazi problemləri mövcutdur.
Çinin 1962 ci il Hindistan, 1979 cu il Vyetnama qarşı apardığı uğursuz hərbi əməliyyatlar region ölkələrinin yaddaşında Çinə qarşı mənfi stereotip formalaşdırıb. Son, 2010 cu il sentyabrında Yaponiya ilə Dyaoyuydao/Senkaku Arxipelaqı ətrafında baş vermiş insident həmin stereotipləri daha da gücləndirmiş oldu. Bu isə, həmin ölkələri hərbi – siyasi baxımdan ABŞ la daha yaxından əməkdaşlıq etməyə sövq edir.
Artıq, Sinqapur və Avstraliyada ABŞ hərbi bazaları yaradılıb. Rəsmi Vaşinqton vaxtile “düşmən dövlət” hesab etdiyi Vyetnamla diplomatik əlaqələr qurub və geniş iqtisadi – ticarət planları həyata keçirir. Bununla yanaşı, Obama administrasiyası əvəllər bir o qədərdə əhəmiyyət vermədikləri Avstraliyanı Top Center (Vacib Mərkəz) dövləti elan edib.
Eyni zamanda, ABŞ ın yaxından iştirakı və yardımı ilə Trans – Sakitokean Strateji İqtisadi Əməkdaşlıq Razılaşması(Trans – Pacific Strategic Economic Partnership Agreement)çərçivəsində regionda iqtisadi – ticarət sahəsində geniş koalisiya formalaşmaqdadır.
Təbii ki, Asiya – Sakitokean regionunda ABŞ və müttəfiqlərinə qarşı balans yaratmaq məqsədilə Çin regionda Rusiya ilə hərbi əməkdaşlığı genişləndirmək taktikasını seçib. Artıq, 2012 ci ildən başlayaraq hər il birgə ruiya – çin hərbi dəniz təlimləri keçirilir. Lakin, bu heçdə balansın yaradılması istiqamətində çıxış yolu hesab edilmir. Belə ki, ABŞ ın regiondakı yeddinci Hərbi Dəniz Donanmasının atəş gücü bütövlükdə Rusiya, Çin, Yaponiya, Cənubi Koreya və Vyetnamın birlikdə Hərbi Dəniz Qüvvələrinin atəş kücündən dəfələrlə üstündür.
Faktiki olaraq Asiya – Sakitokean regionunda ABŞ tərəfindən sıxışdırılan Çin üzünü Mərkəzi Asiyaya çevirib. Ona qarşı tətbiq edilən “Anakonda ” taktikasından xilas olmağa çalışan Çin, Rusiyanın “nüfuz dairəsi”nə aid olan ərazilərə (Mərkəzi Asiya) soxulub.
Göründüyü kimi, Ruisya – Çin əməkdaşlığı heç də uğurlu strategiya vəd etmir. Əksinə, məhz bu iki ölkənin tezliklə Mərkəzi Asiyada qarşı – qarşıya dayanacağı daha realdır. Bundan əlavə, Hindistan və Pakistan kimi ölkələrində ŞƏT üzv olması regionda geopolitik nüfuz uğrunda mübarizəni daha da gərginləşdirən faktorlardan biri kimi qiymətləndirmək olar. Belə ki, tezliklə ABŞ və Avropa Birliyinində müdafiə etdikləri Türkmənistan – Əfqanıstan – Pakistan – Hindistan qaz kəmərinin reallaşması gözlənilir. Belə olan təqdirdə, Hindistan və Pakistanında regionda heçdə Çindən geri qalmayan geoiqtisadi aktorlardan birinə çevrilmə etimalı böyükdür.
Beləliklə, məlum olur ki, ŞƏT əslində heçbir vahid siyasi, iqtisadi və ideoloji əsasları olmayan təşkilatdır. Daha dəqiq desək, həmin təşkilat Mərkəzi Asiya regionunu nüfuz dairəsinə bölüşdürmək uğrunda mübarizə aparan ölkələrin “klubu” dan başqa bir şey deyil.
Dövlətçiliyi və iqtisadiyyatı inkişaf etməmiş post – sovet ölkələrinin həmin təşkilata üzv olması əslində, həmin ölkələrin Rusiya tərəfindən siyasi alver predmetinə çevrilməsi mənasındadır.
Rusiya prezidenti V.Putin iyulun 10 da verdiyi bəyanatdan məlum oldu ki, Azərbaycan və Ermənistanda Şanxay Əməkdaşlıq Təşkilatına “Dialoq üzrə partnyor ” statusunda cəlb edilib. Həmin məlumat Azərbaycan ictimaiyyətində təəcüblə qarşılandı. Təəcübə isə əsas səbəb, ölkənin heçdə həmin təşkilatla əməkdaşlığa başlaması deyil, bu xəbərin ölkə rəsmiləri tərəfindən yox, xarici ölkə prezidenti tərəfindən bildirilməsində oldu. Bu, Azərbaycanın geopolitik orientasiyasının köklü şəkildə dəyişməsi anlamına gəlir.
Bundan iki gün sonra, iyulun 13 də Nazirlər Kabinetinin müşavirəsində çıxış edən ölkə başçısı İ.Əliyev də bunu rəsmi şəkildə təsdiqlədi və çıxışında Avropa strukturlarına qarşı “Səlib yürüşü” elan etdi. O, çıxışında Avropa institutlarının demokratiya və insan haqqları barədə çağırışlarını “kağız parçası” adlandıraraq qeyd etdi ki, avropanın bizim neftə və qazımıza ehtiyacı var. Eyni zamanda, ölkənin geopolitik əhəmiyyətini önə çəkdi. Daha dəqiq desək, İ.Əliyev avropanı enerji faktoru ilə şantaj etməyə cəhd etdi. Lakin, Azərbaycan hakimiyyəti İranla Qərb arasında mümkün ola biləcək anlaşmanı nəzərə almayıb. Bununla yanaşı, görünür Azərbaycan rəhbərliyi hələ də, ölkənin geopolitik aktor deyil, yalnız geopolitik məkan olduğunu başa düşməyib.
Həmin müşavirədən bir gün sonra, iyulun 14 də Vyanada İranın nüvə proqramına dair razılaşma əldə edildi. Bu razılaşma, Azərbaycanın enerji və geopolitik əhəmiyyəti üzərinə kölgə salır. İrana qarşı sanksiyaların aradan qaldırılması, Azərbaycan hakimiyyətini xarici siyasətdə “Enerji şantajı”dan məhrum edir.
Əslində, Azərbaycan xarici siyasətində dönüş nöqtəsi 2014 cü il dekabrında Prezident Administrasiyasının rəhbəri R.Mehdiyevin çap etdirdiyi “İkili standartların dünya nizami və müasir Azərbaycan” adlı məqaləsində öz əksini tapmışdı. Azərbaycan rəhbərliyinin xarici siyasət və insan haqları barədə təsəvvürünü bilmək üçün həmin məqalə üzərində qısa da olsa dayanmaq vacibdir.
İlk önce məqalənin adından başlayaq. Məqalə “İkili standartların dünya nizami və müasir Azərbaycan” adlanır. Əslində, xarici siyasətdə ikili standart anlayışı mövcud deyil. Xarici siyasətdə ölkələrin strateji maraqları var. Həmin ölkələr isə, strateji maraqlarını müxtəlif vassitələrlə reallaşdırırlar. Siyasətdə “ikili standart” termini əsasən xarici siyasətdə uğur qazana bilməyən, beynəlxalq problemlərini həll etmək iktidarında ola bilməyən hökumətlər üçün xarakterik termindir. Həmin termini dövriyəyə buraxmaqla hakimiyyətlər öz uğursuz xarici siyasətlərini pərdələməyə cəhd göstərirlər. Xatırladaq ki, ikili standart termini əsasən qədim Roma hüququnun araşdırılmasında istifadə edilən termindir və məhz, Roma imperiyasının süqutuna səbəb olan əsas faktorlardan biri kimi qeyd edilir.
Müəllif, məqalənin başlanğıcında xalqın dövlətin formalaşdırılmasında və idarə edilməsində iştirakını “dəhşətli yuxu” kimi təsəvvür edir. Ötən əsrin 80 ci illərinin sonlarında Şərqi Avropada baş vermiş “məxməri inqilablara”, cəmiyyətə, dövlətə, vətəndaş – dövlət münasibətlərinə və hüquqa XVIII əsr təfəkkürü ilə, İ.Kantın 1793 ildə yazdığı “Zərb –məsəl haqqında” adlı əsəri ilə yanaşır.
Məqalədə Qərb ölkələri (Avropa) və ABŞ insan hüquqlarından təzyiq aləti kimi istifadə edərək ölkələrin daxili işlərinə qarışmaqda ittiham edilir.
Əlbətdə, beynəlxalq siyasətdən yazan müəllif bilməlidir ki, BMT və digər beynəlxalq təşkilatların qəbul etdikləri konvensiya və sənədlərdə insan hüquqları universal, bəşəri hüquqlardır və bu hüquqlar artıq coxdan hər hansı bir dövlətin daxili məsələsi deyil. O cümlədən , bu prinsip azərbaycana da aiddir. Buna sadəcə bir misalla nəzər salaq.
Məlumdur ki, Azərbaycan 2001 ci ildən Avropa Şurasının üzvüdür. Avropa Şurasına daxil olaqla, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını qəbul edib. Bu isə 1950 ci il “Avropa insan haqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə tənzimlənir. Yəni, həmin Konvensiya ölkə ərazisində rəsmi qanun statusuna malikdir.
Beləliklə, qeyd edilən məqalədə məsələyə bu cür münasibət sadəcə olaraq hüquqi nihilizmdən başqa bir şey deyil. Bu cür yanaşmanın siyasi tərəfi isə ondan ibarətdir ki, azərbaycan hakimiyyəti Avropa Şurası prinsiplərindən və üzvülükdən rəsmi şəkildə Prezident Administrasiyası səviyyəsində imtina edir. Məsələnin psixoloji tərəfinə gəldikdə isə məlum olur ki müasir dövrdə, XXI əsrdə azərbaycanda insan hüquq və azadlıqlarına rəsmi formada XVIII əsr təfəkkürü ilə yanaşılır.
Ümumiyyətlə, Azərbaycan xarici siyasətində çox böyük məntiqsizlik müşahidə olunur.
Azərbaycan rəsmiləri bütün çıxışlarında və xarici səfərlərində Dağlıq Qarabağ konfliktini və Azərbaycanın işğal edilmiş əraziləri məsələsini ön plana çəkirlər. Ancaq, maraqlıdır ki, dəfələrləAzərbaycanın ərazi bütövlüyünü dəstəkləyən avropa ölkələri və təşkilatları azərbaycan hakimiyyəti tərəfindən “Düşmən ölkə və təşkilatlar ” elan edilir. Əvəzində isə, Ermənistanı silahlandıran və ona dəstək verən Rusiya “Dost ölkə” kimi təqdim edilir. Deməli, azərbaycan hakimiyyətini heçdə Qarabağın gələcək talehi maraqlandırmır. Hakimiyyət sadəcə olaraq, həmin konfliktdən öz şəxsi maraqları üçün ölkə daxilində və beynəlxalq səviyyədə ictimai rəy üzərində monipulyasiya aləti kimi istifadə edir. Lakin, Avropa Şurası Parlament Assambleyası Azərbaycana dair qəbul etdiyi son qətnamədə azərbaycanın işğal edilmiş əraziləri terminindən imtina etməklə rəsmi Bakıya bildirdi ki artıq, hökumətin süni “Təsir aləti” öz effektini itirib.
Ölkənin xarici siyasətini qısaca olaraq belə izah etmək olar ki, burada milli maraqlar deyil, yalnız hakimiyyətin şəxsi maraqları mövcutdur. Məhz, bu prinsipdən çıxış edən azərbaycan hakimiyyəti üzünü ŞƏT doğru çevirib.
Azərbaycan hakimiyyəti çox gözəl bilir ki, həmin təşkilatda onlardan vətəndaşlara və insan haqlarına hörmətlə yanaşma kimi humanist tələblər edilməyəcək. Məhz, bu prinsipi əsas götürərək hökumət ölkənin milli maraqlarına zidd olaraq, ölkəni heç bir perspektivi olmayan təşkilata sürükləyir. Burada itirən isə, nəticədə azərbaycan geopolitikası və xalqıdır.
Surxan Lətifov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28714

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930