Azərbaycanda kasıblar necə ev alsın?

21.08.2015 - 02:54

evParlamentin payız sessiyasına sosial mənzil fondunun yaradılması məsələsinin çıxarılacağı ilə bağlı xəbərlər son günlərin əsas müzakirə mövzusudur. Ekspertlər hətta sosial mənzil fondları sayəsində vətəndaşın aylıq 80 manat ödənişlə 20 ilə mənzil sahib olacağını qeyd edirlər.

Sosial mənzil fondu nədir?

Azərbaycanda sosial mənzil fondunun yaradılması ilə bağlı müzakirələrə 2008-ci ildən başlanılıb. Həmin ildə qəbul edilən Mənzil Məcəlləsinə əsasən, Azərbaycanda sosial mənzil fondunun yaradılması və sosial mənzillərin inşası nəzərdə tutulub. Hətta mətbuatda fondun yaradılması ilə bağlı layihə hazırlandığı, hökumətə təqdim olunduğu barədə məlumat verilmişdi. Məcəllənin 2009-cu ilin sentyabrında təsdiq edilməsinə baxmayaraq, fondun yaradılması reallaşdırılmadı.

Sosial evlər nədir?

Sosial evlər deyəndə, dünya təcrübəsində istifadə olunan “social housing” üsulu nəzərdə tutulur. Bu təcrübə ilk dəfə Honqkonqda tətbiq edilib. 1953-cü ildə 53 min adamın yaşadığı Şek Kip Mi gecəqondu məhəlləsində yanğın olub. Hakimiyyət sakinlər üçün yeni evlər tikərək uzunmüddətli (təxminən 10 il) kirayə müqavilələri bağlayıb və bu müqavilələrdə müştərinin istəyi ilə uzadılmaq imkanı da qeyd edilib. Həmin evlərdən alınan kirayə haqqı kirayə bazarındakından 10 dəfə aşağı olub. Həmin vaxt Honqkonqda evlərin orta kirayə haqqı 100 dollar olduğu halda, Şek Kip Mi sakinləri ilə bağlanan müqavilələrdə aylıq kirayə qiyməti 10-14 dollar təşkil edirmiş.

Dövlət sosial mənzil fondu üçün yeri pulsuz ayırır, tikinti şirkətlərini isə tender əsasında seçir. Ekspertlərin rəyinə əsasən, Azərbaycanda sosial mənzil fondunun yaradılması dövlət büdcəsi üçün heç bir çətinlik yaratmır. Onların fikrincə, dövlət büdcəsindən ildə 300 milyon vəsaitin ayrılması gəncləri mərhələli şəkildə mənzillə təmin edə bilər. Bu vəsait həmçinin mənzil bazarının rentabelliyinin qorunması baxımından da təhlükəsiz olar.

Avropa sosial mənzillərdən imtina edir

Sosial mənzillər bir zamanlar Avropada da məşhur olub. Müharibələr, dağılan evlər, iqtisadi tənəzzül, neft böhranı, ardından da köçkün axını ilə üzləşən Qərbi Avropada ötən ilin 50-ci illərində mənzil problemi ən aktual məsələlərdən sayılıb. Hökumətlər dağıntıları bərpa etmək və yeni evlər tikmək üçün var qüvvələrini səfərbər ediblər. Almaniya və Böyük Britaniya mənzil tikintisi üzrə lider olub. 70-ci illərdə isə Avropada mənzil inşası pik nöqtəsinə çatıb. Qərbi Avropa dövlətlərinin liderləri əhalini mənzillə təmin etmək üçün kreditləşmə mexanizmlərindən geniş istifadə etməyə başlayıblar. Kreditlər son dərəcə münasib şətrlərlə verilib. Lakin Avropa Birliyi mənzil siyasətini 1980-ci ildən dəyişib. Avropada mənzillərə həqiqi sahibolma ənənəsi artıb. Sosial əhəmiyyətli mənzillərin (əhalinin aztəminatlı təbəqəsi üçün nəzərdə tutulan evlər) və kirayəyə verilən fərdi mənzillərin sayı azalıb. Çünki sosial əhəmiyyətli mənzillərin saxlanılması büdcəyə böyük yükdür. Buna baxmayaraq, sosial mənzillərin tikintisindən heç bir ölkə imtina etməyib.

Gənclər evsizdir

Söz gənclərdən düşmüşkən, ölkədə gənclərin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə tətbiq edilən İpoteka proqramı ortaya maraqlı rəqəmlər qoyur. Əvvəla, İpoteka kreditləşməsi bazarının həcmi 700 milyon manata yaxındır. Bu da ümumi daxili məhsulun təqribən 1 faizi deməkdir. İnkişaf etmiş ölkələrdə həmin rəqəm ümumi daxili məhsulun 50-60 faizinə bərabərdir. Qonşu Ukrayna və Rusiyada İpoteka bazarının həcmi 8-10 faiz arasındadır. Qısası, Azərbaycanda orta hesabla adambaşına İpoteka kreditləşməsi 50-60 manat ətrafında dəyişir. Adını çəkdiyimiz ölkələrdə həmin rəqəm aşağısı 1000 manatdan başlayır.

Problemin başqa tərəfi ildən-ilə İpoteka kreditlərinin həcminin azalmasıdır. İpoteka Fondunun xətti ilə maliyyələşdirməyə başlanandan 636 milyon manat dəyərində, o cümlədən 2013-cü ildə 112,9 milyon manat, 2012-ci ildə 74,77 milyon manat, 2011-ci ildə 95,64 milyon manat, 2010-cu ildə 97,08 milyon manat, 2009-cu ildə 76,9 milyon manat, 2007-ci ildə 70,2 milyon manat, 2006-cı ildə isə 5,6 milyon manat İpoteka krediti ayrılıb. 2014-cü ildə həmin rəqəm 97,1 milyon manat təşkil edib. 2015-ci ilin I rübündə Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 15 mln 378,630 min manat həcmində İpoteka krediti verilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 43,8% azdır.

Nə qədər ailənin mənzilə ehtiyacı var?

Ölkədə nə qədər ailənin mənzilə ehtiyacı olduğunu öyrənmək üçün mənzil fondunun vəziyyətinə nəzər salmaq kifayətdir. 2014-cü ildə ölkədə mənzil fondunun ümumi sahəsi 166,4 milyon kvadratmetr təşkil edib. Bunun 112,2 milyon kvadratmetri yaşayış sahəsi olub. Orta hesabla əhalinin hər nəfərinə düşən yaşayış sahəsi 12 m2 (Bakı şəhəri üzrə bu rəqəm 11,6 m2-dir) qeydə alınıb. 2013-cü ildə isə həmin rəqəm 11,7 m2 təşkil edib. Əslində bu rəqəmlərin özü əhalinin mənzil şəraitinin hansı vəziyyətdə olmasını açıq göstərir. Məlumat üçün bildirək ki, xarici ölkələrdə əhalinin hər nəfərinə düşən yaşayış sahəsi ən pis halda 20 kvadratmetrdir.

Yaşayış sahəsi alan və yaşayış şəraitini yaxşılaşdıran ailələrin statistikası da ürəkaçan deyil. Məsələn, 2013-cü ildə 661 ailə yaşayış sahəsi alıb və ya yaşayış şəraitini yaxşılaşdırıb. 2009-cu ildə 941 ailə, 2010-cu ildə 743 ailə, 2011-ci ildə 788 ailə yaşayış sahəsi alıbmış. Yaşayış sahəsi alan və yaşayış şəraitini yaxşılaşdıran ailələrin arasında gənclərin payı isə 2007-2008-ci illərdə müvafiq olaraq 97,86 ailəyə qarşı cəmi 46 ailə olub. Göründüyü kimi, gənclərin ev alması ildən-ilə pisləşib. Halbuki İpoteka proqramının əsas funksiyası gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasıdır.(publika.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29890

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930