Dənizdə İran-Azərbaycan müharibəsi: Tehran yatağımızı ələ keçirmək istəyir
Xəzərdə İran – Azərbğaycan münaqişəsi nəticəsində kəşfiyyatı 2001-ci ildən dondurulmuş “Araz – Alov – Şərq” strukturu məsələsi yenidən gündəmə gələ bilər. ANS PRESS-in məlumatına görə, Azərbaycan mətbuatına müsahibəsi zamanı iki ölkə arasında iri dəniz yatağının birgə kəşfiyyatı barədə danışıqlar aparıldığını bəyan edən iranlı nazir Mahmud Vaezi böyük ehtimalla “Araz, Alov və Şərq” strukturundan bəhs edib. Çünki iranlı nazir çox böyük yataqdan söhbət getdiyini vurğulayıb. “Statoil” standartlarına uyğun olaraq “Araz, Alov və Şərq” strukturu Azərbaycanda ən geniş offşor sahə kimi qiymətləndirilir.
Bakıdan təxminən 120 kilometr cənub-şərqdə yerləşən strukturda 7 milyard barelə yaxın neft və 400 milyard kubmetr yaxın təbii qaz ola biləcəyi güman edilir. Bu, yetərincə yüksək rəqəmdir. Misal üçün, Azərbaycanın indiyə kimi istismar etdiyi ən iri struktur olan “Azəri – Çıraq – Günəşli”də istismardan öncə cəmi 5 milyard barel neft olub. Strukturda dünyanın ən iri qaz-kondensat yatağı olan “Şahdəniz”dəkinin yarısı qədər qaz ola biləcəyi də güman edilir.
1998-ci ilin iyulunda transmilli neft şirkətləri ilə strukturun kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsünə dair saziş imzalanıb, Sazişə görə, ARDNŞ-ə 40%, BP-yə 15%, “Statoil”a 15%, “ExxonMobil”ə 15%, TPAO-ya 10% və “Albert energy”yə 5% pay düşmüşdü.
2001-ci ildə strukturda kəşfiyyat işlərinə başlamaq istəyən BP-nin işçiləri İran sərhəd gəmiləri tərəfindən hücuma məruz qaldı. İran tərəfi atəş açaraq neft işçilərinə işləri dayandırmağı tələb etdi.
Məsələ bunda idi ki, SSRİ dağıldıqdan sonra İran Xəzərdəki sektorunu Azərbaycanın və Türkmənistanın ərazilərinin hesabına genişləndirmək fikrinə düşdü. 1934-cü ildən SSRİ ilə İran arasında qəbul edilmiş sərhədlərə görə, iki ölkənin dəniz sularını Astaraçayla Türkmənistanın Həsənqulu məntəqəsini birləşdirən düz xətt ayırır. Bu sərhəd göllərin bölünməsini nəzərdə tutan beynəlxalq hüquqa əsasən müəyynə edilib. Həmin bölgüyə görə dənizin təxminən 13 faizi İranın payına düşürdü.
Short URL: http://www.cumhuriyyet.net/?p=30039