Polkovnik generala qarşı: Qarabağ veteranları etiraz edir
Bir neçə gün öncə Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasında bağ verən proseslər haqda yazmışdıq. “General Dadaş Rzayevə qarşı çevriliş planı” başlıqlı həmin yazımızda bildirmişdik ki, Şura daxilində bəzi qüvvələr aktivləşərək rəhbərliyin dəyişdirilməsi üçün fəaliyyətə başlayıblar. Onu da qeyd etmişdik ki, Şuranın hazırki sədri sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayevin səhhətində problemlər yaranıb və “çevrilişçilər bu durumdan bəhrələnməyə çalışırlar.
Məsələ ilə bağlı redaksiyamızı məlumatlandıran mənbə generala qarşı duran qüvvələr və onun rəhbəri haqda müəyyən məlumatlar verib. Belə ki, Şuradakı proseslərdən tam məlumatlı şəxsin cumhuriyyet.az-a bildirdiyinə görə general D.Rzayevin postuna ən çox iddialı şəxs Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovdur: “Qarşıda Şuranın geniş toplantısı keçiriləcək. General Dadaş Rzayevin səhhətində problemlər olduğu üçün bu toplantıda yeni sədr məsələsinə baxıla bilər. Cəlil Xəlilov da bu məqamları hesablayaraq indidən hazırlıq və təbliğat işlərinə başlayıb”. Mənbəmiz həmçinin C.Xəlilovun Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının sədrliyini ələ keçirmək üçün apardığı söhbətlərdə “artıq “yuxarılar”in razılığını almışam, Adminstrasiya məni dəstəkləyir” deməsini, onu müdafiə etmələri üçün bəzi şəxsləri vəzifə ilə şirnikləndirməsini önə çəkdi.
Mənbənin söylədikləri arasında daha çox diqqət çəkən məqam həm Qarabağ, həm Böyük Vətən Müharibəsi veteranlarının, eləcə də Əfqanıstan döyüşçülərinin C.Xəlilovun namizədliyinə qarşı kəskin etirazlarının olmasıdır. Belə ki, mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, ehtiyyatda olan polkovnikin Qarabağ döyüşlərində iştirak etməməsi belə bir quruma rəhbərlik etməsi üçün ona ən azı mənəvi baxımdan məhdudiyyətlər yaradır: “C.Xəlilov bir gün də olsun Milli Ordunun zabiti olmayıb. O, 1987-2012-ci illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir. “Ştab zabiti” olan, səngər görməyən, Milli Ordu sıralarında olmayan birinin bu gün Silahlı Qüvvələrin formasını geyməsi, hələ üstəlik Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının sədrliyinə iddia etməsi ciddi etirazlar yaradır. Çünki bu qurumda Qarabağ müharibəsində, Əfqanıstan döyüşlərində iştirak edən kifayət qədər mərd və hörmətli, cəsurluğu ilə ad çıxarmış zabitlərimiz var”.
Çingiz Coşqun, Cumhuriyyet.az
Short URL: http://www.cumhuriyyet.net/?p=81534