Qarabağ veteranlarından Nazirliyə qarşı 54 min manatlıq borc iddiası

06.01.2017 - 01:33
Nazirlik isə onların əmək müqavilələrinin olmadığını, məhkəməyə müraciət etmələrini tövsiyə edir: “Gərək, şikayətçilər ümumi iddia müddəti bitməzdən əvvəl öz haqlarını tələb edərdilər”
Öz halal əmək haqlarını ala bilməyən Qarabağ döyüşçüləri 2015-ci ildən qapılarda qaldıqlarını iddia edirlər. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Qarabağ müharibəsi əlili Xaqani Rzaquliyev Modern.az-a açıqlamasında 2016-cı il dekabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında keçirmək istədikləri aksiyanın baş tutmadığını bildirib. Məsələ ilə bağlı Polis bölməsinə dəvət olunduğunu deyən X.Rzaquliyev icazəsiz aksiya keçirməyəcəklərini deyib: “Aksiya üçün yeni bir tarixə icazə verilməsilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə təkrar müraciət edəcəyik. Bizim davamız nə keçmiş, nə də yeni nazirlədir. Biz konkret olaraq “Bazis İnşaat” MMC ilə bağlı etdiyimiz müraciətlərə hər iki nazirin yanaşma tərzinin gizlinlərini açmağa çalışırıq”.
Keçmiş döyüşçü mübarizədən geri çəkilməyəcəklərini vurğulayıb: “Vətəndaş kim olursa olsun, hüquqi dövlətdə yaşadığını bilməlidir. Vəzifə səlahiyyətlərindən yalnız öz maraqlarını qorumaq üçün istifadə edən dövlət qulluqçusu digərlərinin hüquqlarının bərpası üçün məmur edildiyini unutmamalıdır. Həm də əlil, veteran, şəhid ailəsi adından manipulyasiya ilə məşğul olan bəzi ictimai birliklərin əsl simasını üzə çıxarmağa çalışacağıq. Daha sonra bu məsələ barədə aidiyyatlı orqanlara müraciət edərək, sənədlər təqdim edəcəyik”. Qeyd edək ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun vaxtında veteranlar “Bazis İnşaat” MMC, sonralar “İnşaat Plyus” MMC tərəfindən işə cəlb ediliblər.
Veteranlar iddia edirlər ki, həmin dövrdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)18 nəfər müharibə veteranı və müharibə əlilinə 34 min manat əmək haqqı, 20 min manat isə mal-materiala görə borcu yaranıb. F.Ələkbərov nazir postundan getdikdən sonra həmin şirkətin rəhbərliyi hazırkı nazir Səlim Müslümovun nəzarətinə keçib. Nazirlikdən verilən məlumata görə, bir qrup şəxsin “Bazis İnşaat” MMC, sonralar “İnşaat Plyus” MMC tərəfindən işlərə cəlb olunması, lakin əmək haqlarını və mal-materiallara görə borclarını ala bilməmələri ilə bağlı Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ilk dəfə 2015-ci ilin dekabr ayında müraciət edilib: “Müraciət araşdırılarkən məlum olub ki, həmin şəxslər “Bazis İnşaat” MMC, sonralar “İnşaat Plyus” MMC tərəfindən əslində heç bir əmək müqaviləsi bağlanılmadan işlərə cəlb ediliblər. Əmək müqaviləsi bağlanılmadan işlərə cəlb edilmələrinə baxmayaraq, bu barədə işlər görüldükdən xeyli sonra, qeyd olunduğu kimi, 2015-ci ilin dekabr ayında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət ediblər. Həmin vaxt qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin müvafiq tələblərinə əsasən isə inzibati xətalara görə inzibati tənbeh xətalarının aşkara çıxarıldığı gündən ən geci iki ay keçənə qədər verilə bilərdi. Hazırkı Məcəllədə isə bu müddət 3 ay nəzərdə tutulub”.
Nazirlikdən verilən məlumata görə, narazı şəxslər əmək müqaviləsi olmadan işlədikləri vaxtdan bir ildən də çox, yəni qanunvericilikdə müəyyən olunmuş müddətdən artıq vaxt ötdükdən sonra müraciət etdiklərinə görə aidiyyəti hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi mümkün olmayıb: “Ona görə də “Bazis İnşaat” MMC, sonralar “İnşaat Plyus” MMC ilə bir qrup şəxs arasında mübahisə yarandığı üçün həmin şəxslərə qanunauyğun olaraq məhkəməyə müraciət etmələri tövsiyə edilib”.
“Vətəndaşların Əmək Hüquqları Liqası”nın sədri Sahib Məmmədov isə “Şərq”ə açıqlamasında məsələ ilə bağlı dəqiq məlumatlı olmadığı üçün konkret fikir bildirməyib: “Amma ümumi deyə bilərəm ki, əmək haqqı tələbi ilə bağlı bir illik iddia müddəti olur. Məlumatdan isə belə çıxır ki, bütün prosessual müddətlər buraxılıb. Belə olan halda məhkəmənin də müraciətə baxması çətinləşir. Amma inanmıram ki, veteranlar həmin vaxta qədər heç bir orqana müraciət etmədən gözləsinlər. Yəqin ki, hansısa formada əməkhaqlarını tələb ediblər”.
Qarabağ döyüşçülərinin heç bir əmək müqaviləsi bağlanılmadan işlərə cəlb edilməsinə gəldikdə isə S.Məmmədov deyib ki, bunun günahı işçilərdə yox, MMC rəhbərliyindədir: “Əgər bu adamlar faktiki olaraq həmin şirkətlə əməkdaşlıq ediblərsə, əməkhaqlarını verməmək üçün müqavilənin olmamasını səbəb kimi göstərmək doğru deyil. Ortada əmək münasibəti varsa, deməli, haqqı ödənilməlidir. Gərək, şikayətçilər də ümumi iddia müddəti bitməzdən əvvəl öz haqlarını tələb edərdilər”.(sherq.az)

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85315

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930