”Fövqəlnazir” Ziya Məmmədovun da axırına çıxdı: hədəfdə kimdir?

14.01.2017 - 09:07

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov növbəti zəfərini çaldı. Bu, fövqəlnazirin siyasi və merkantil çəkişmələrdə ilk qələbəsi deyildi. FHN şefi kimlərin holdinqlərini, media bizneslərini, bazarlarını, inhisara aldığı məntəqələri çökdürməmişdi ki?!

Tamam deməyib, davam edən K.Heydərov axır ki, nəqliyyat naziri Ziya Məmmədovun da axırına çıxdı. Anaxeber.Az yazır ki, ona qədər kənd təsərrüfatı naziri İsmət Abbasov, iqtisadi inkişaf naziri Fərhad Əliyev Kəmaləddin Heydərovun gücü qarşısında tab gətirə bilməmişdi.
Elə fövqəlnazirə ən çox müqavimət göstərməyə qadir olan da Ziya Məmmədov idi. Nəqliyyat “bos”u uzun illər fövqəlgücə qarşı başa-baş getdi, dayaqlarını möhkəmləndirdi, bəzi situasiyalardan uğurla çıxdı.
Məsələn, Quba hadisələrini qeyd etmək olar. Ziya Məmmədov Quba qiyamı olar-olmaz xalqın ayağına getdi, öz kadrı Rauf Həbibova görə üzr istədi, ara sakitləşdi və nazir yenə öz adamını – Mübariz Ağayevi ora təyin etdirdi.

Bu olaylarda kompromat savaşının olduğu sirr deyildi. R.Həbibov çxışında əhaliyə torpaqlarını dəyər-dəyməz qiymətə Kəmaləddin Heydərovun adamlarına satmaqda qınamışdı. Görünür ki, Quba uğrunda amansız didişmə gedirdi.
Amma nəqliyyat nazirinin istefaya getdiyi günə qədər, elə indinin özündə də şimal bölgəsində icra başçısı Yaşar Məmmədov da Ziya Məmmədovun adamıdır. Nə sirri-xudadırsa “nəqliyyat kralı” Qubanı “fövqəlgücə” təslim etmədi.
Lakin bundan sonra K.Heydərovun şimal zonasını öz kurasiyasına götürməsi asan bir işə çevrildi. Onun hakimiyyətdəki ciddi rəqiblərindən biri döyüşdən məğlub çıxdı.

Son aylara qədər Ziya Məmmədovla Kəmaləddin Heydərovun media holdinqləri də informasiya müharibəsi aparırdı. Ən böyük skandal isə “ayı kababı” olayı idi. Guya nazir oğlu Anar Məmmədov Qəbələdə 1 milyona Heydərovun ayısını kəsdirib.
Bu hadisə yalan-gerçək dastana, dillərdə əzbərə, ən apolitik adamın zərb-məsəlinə çevrildi. Elə insan qalmadı ki, bu vaqiyədən agah olmasın.
Səhih olub-olmasa belə, kampaniya təşkil olundu, cəmiyyət inandı və Məmmədovların reputasiyası darmadağın edildi. Bu, Heydərovun avaizərbələri idi.
Anaxeber.Az yazır ki, Tale Heydərov Londonda lobbi işinə başlayanda Anar Məmmədov Vaşinqtonda çırmandı, Qəbələdə futbol akademiyası olanda Hafkanın klubu işə düşdü.

Hər ikisi holdinqlərə, banklara sahiblənmişdi. Və daha nələr, nələr…Paralel gedən bu rəqabətdə ilk dəfə Kəmaləddin Heydərov çətin rəqiblə qarşılaşmışdı.
Onu heç cür ram edə bilmirdi. Trampın ABŞ prezidenti seçilməsi də Məmmədovları şad-xürrəm, Heydərovu dilxor etmişdi. Zaman göstərdi ki, dəlisov prezidentin Məmmədovlarla bağlı planı yoxdur.
Anar Məmmədovun inaqurasiya mərasimində iştirak etməməsi isbat etdi ki, rəsmi Bakı Ağ evlə Məmmədovlar üzərindən münasibət qurmaq planında deyil.
Bununla da, fevralın 13-də Heydərov şanlı zəfəri təmin etdi. Prezident sərəncamı ilə Ziya Məmmədov qarışıq Nəqliyyat Nazirliyi demontaj olundu. Bəs, hədəfdə kimdir? Bu suala asanlıqla cavab tapmaq olar.

FHN rəhbəri İsmət Abbasovu kənd təsərrüfatı naziri postundan uzaqlaşdırmaqla bu sektoru ələ alacağını hesablamışdı. Amma istəyinə qismən nail oldu.
Bu posta nəqliyyat nazirinin qudası, Hesablama Palatasının sədri Heydər Əsədov gətirildi. İlk turda Ziya Məmmədov qalib gəldi. Ancaq Heydərov təslim olmaq fikrindən uzaq idi. Ona görə də əjdahanın əsas başını əzməklə ikinci başı vurmaq daha asan olacaq.
Anaxeber.Az yazır ki, indi Heydər Əsədovun postu FHN şefinin ovcunun içindədir. Onsuz da Heydərovun media emissarları gecə-gündüz KTN rəhbərini baltalayır, kompromatlar yayırlar.
Beləliklə, yaxın vaxtlarda KTN rəhbəri Heydər Əsədovun da süqutunun şahidi ola bilərik. Bir tərəfdə quda vəzifəsini itirib, o bir yandan kürəkən Tramp kimi dayaqlarından məhrum olub.

Maraqlısı budur ki, ölkənin iki qüdrətli oliqarxı biznes sərhədlərinin yenidən cızılması üçün apardıqları savaş mediada bir elə hiss olunmurdu.
Hər iki tərəf daxili oyun qaydalarına çox ustalıqla riayət edərək ad çəkmədən savaş aparırdılar. Lakin hər nə qədər “gizli savaş rejimi” qaydalarına ciddi əməl olusa da qarşıdurmanın əks-sədası vaxtaşırı eşidilməkdə müşahidə olunmaqda idi.
Məsələn, Z.Məmmədovun media resursları K.Heydərovun kurasiyasında olan gömrük xidmətindəki neqativ hallarla bağlı məlumatları tirajlayırdı. K.Heydərovun mediası isə nəqliyyat sektorundakı qanunsuzluqları qabartmağa çalışırdı.
Hər iki oliqarx ölkənin iqtisadi mühütünə birbaşa təsir etmək gücündə olan nəhəng holdinqlərə sahib idilər. K,Heydərov “Gilan”, Z.Məmmədov isə “Garant” holdinqə qeyri-rəsmi nəzarət edir.
Hər iki holdinqin tərkibinə sənaye, ticarət, emal, bank-sığorta, turizm və tikinti üzrə yüzlərlə müəssisə daxildir. İndiki vəziyyətdə bu holdinqlərin iri məbləğli dövlət sifarişlərinə və inzibati resurslara çıxış uğrunda mübarizədə maraqları toqquşurdu.
Müşahidəçilər K.Heydərov-Z.Məmmədov qarşıdurmasını K.Heydərov-F.Əliyev qarşıdurması ilə daha çox müqayisə edirdilər. Çünki başqa rəqiblərə K.Heydərovun rəqabəti çox qabarıq olmasa da, F.Əliyevlə münaqişə açıq qarşıdurma şəraitində keçmişdi.
Pənah Məmmədov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88115

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930