Qərb soyuqlaşan Bakı-Moskva münasibətlərində kimin tərəfindədir?

04.09.2020 - 10:51

Politoloq: “Dövlət başçısının son günlər Rusiyanın Ermənistana hərbi yük daşımasını söyləməsi Qərbə bir mesajdır ki, siz də reaksiya bildirin…”

Son ayyarımda Azərbaycanla Rusiya arasında soyuq münasibətlər yaşanır. Buna səbəb də  iyulun 12-16-sı aralığındakı Tovuz döyüşlərindən sonra şimal qonşumuzun işğalçı Ermənistana 400 tondan çox hərbi yük göndərməsidir. Son olaraq, bu məsələyə Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 2-də düşmən ölkə ilə hərbi əməkdaşlıq edən Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən toxunub.

Ölkə başçısı deyib: “Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə qədər, – dünən sonuncu uçuş idi, – Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər”.

İ.Əliyevin dedikləri bir daha onu sübut edir ki, Azərbaycan-Rusiya münasibətlərindəki soyuqluq davam edir. Burada bir məsələ xüsusilə diqqət çəkməklə yanaşı, geniş müzakirələrə səbəb olub. Bu da Amerika başda olmaqla Qərb ölkələrinin susqun mövqe sərgiləmələridir. İllərdir belə bir iddia var idi ki, Qərb Azərbaycanın Rusiyaya yaxınlaşmasından ciddi narahat olur. Amma indi fərqli mənzərə yaranıb. Doğrudur, rəsmi Bakı ilə Kreml arasındakı münasibətlərdə qırılma nöqtəsi yoxdur, amma gərginlik ortadadır. O zaman “Qərb soyuqlaşan Bakı-Moskva münasibətlərində kimin tərəfindədir” sualı meydana çıxır. Eyni zamanda “nə üçün Qərb mediası, Avropa Birliyi, ABŞ bu məsələdə mövqe bildirmir” sualına da cavab axtarılır.

Elxan Şahinoğlu: "Rusiya rus kəşfiyyatçılarının qətli ilə bağlı məsələyə  aydınlıq gətirməlidir"

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Mənə elə gəlir ki, dövlət başçısı İlham Əliyevin son günlər Rusiyanın Ermənistana hərbi yük daşımasını söyləməsi Qərbə bir mesajdır ki, siz də bir reaksiya bildirin. Azərbaycan hakimiyyəti illərdir ki, balanslaşdırılmış xarici siyasət yürüdür. Artıq görünür ki, rəsmi Bakı və dövlət başçısı bu seçimi edib. Çünki ölkə prezidenti rusiyalı həmkarı Vladimir Putinə iradını bildirdikdən sonra da Rusiya Ermənistana hərbi yüklər daşıyırsa, biz Kremllə siyasi əlaqələri bir qədər korrektə etməliyik. Regional layihələrdə iştirak davam edə bilər. Amma siyasi və hərbi əməkdaşlığa yenidən baxmalıyıq. Artıq Rusiya Azərbaycan bazarını, hərbi bazarı itirib. Çünki əvvəllər biz şimal qonşumuzdan 5 milyard civarında hərbi texnika almışıq. Dövlət başçısı açıq dedi ki, biz artıq hərbi texnikanın alınmasında Türkiyəyə üstünlük verəcəyik. Qərb ölkələrindən, doğrudur, hələ ki ciddi bir reaksiya yoxdur. Halbuki Amerika və Avropa ölkələri həyəcan təbili çalmalı idilər ki, Rusiya Ermənistanı kimə və nəyə qarşı bu qədər silahlandırır. Axı bu bölgədə müharibə riski artır. Bir tərəfdən Qərb ölkələri deyirlər ki, biz müharibə istəmirik, amma göz görə-görə Rusiya Ermənistanı silahlandırır, buna, seyrçi qalırlar. Düzdür, Qərb mətbuatı ara-sıra bu barədə yazır. Amma Qərb rəsmilərindən bir reaksiya yoxdur. Ola bilər ki, bir qədər sonra bu reaksiya olsun. Ən çox Amerikadan belə bir reaksiyanın olacağını gözləyirəm. Çünki Avropa dövlətləri bir qədər Rusiyadan ehtiyat edirlər. ABŞ Dövlət Departamentindən belə bir reaksiya gözlənilir. Reaksiya olmasa belə, hiss olunur ki, Amerikanın Ermənistan siyasətində də müəyyən dəyişikliklər var. Çünki Birləşmiş Ştatlarda artıq anlamağa başlayıblar ki, Ermənistana dəstək verməyə dəyməz və bu ölkə Rusiyanın Cənubi Qafqazda siyasi-hərbi forpostudur. Bu forpostu niyə dəstəkləsinlər? Bu səbəbdən bəlkə də tarixdə ilk dəfə olaraq Amerika Konqresi Azərbaycanın ərazi bütövlüyünü kifayət qədər dəstəkləyən bir sənəd qəbul etdi. Düşünürəm ki, Qərb ölkələri Rusiyanın Ermənistana silah göndərməsinə bir gün reaksiya verəcəklər. Üstəlik, bu proseslərdə Suriya da var. Çünki Rusiya artıq Suriya üzərindən də Ermənistana hərbi yük daşıyır. Suriya isə Qərb ölkələri üçün həssas bir məkandır. Ona görə düşünürəm ki, indi olmasa da, bir müddət sonra bu məsələyə reaksiya veriləcək. Üstəlik, Kremlə qarşı təzyiqlər, sanksiyalar artır. Rusiyanın müxalifət liderinin zəhərlənməsi Kremlə baha başa gələ bilər. Bu da Qərbin əsas müzakirə mövzularından birinə çevriləcək”.

Ərdoğanla Putin üz-üzə - Bölgədə vəziyyət dəyişir - VİDEO

Politoloq Əhəd Məmmədli burada Türkiyə amilini qabartdı: “Qərb adətən Bakı-Moskva yaxınlaşmasına müdaxilə etməyib, çünki real situasiyanı anlayıb. Amma öz maraqlarını da strateji saydığı Azərbaycanda qorumağı unutmayıb. O ki qaldı indiki məqamda ”Azərbaycan-Rusiya münasibətlərinin soyuqluğunda niyə Qərb Azərbaycana dəstək vermir” sualına, burada bir neçə amil ola bilər. Məsələn, Qərbdə erməni lobbisinin gücü buna mane olur. Türkiyə amili, Türkiyənin regionda gücünü artırması Qərbin maraqlarına cavab vermir və yaxud da əksinə, Türkiyəyə dəstək verib Rusiyanı bölgədən sıxışdıra bilərlər. Gördüyünüz kimi, bir neçə aspektdən bu məsələyə yanaşmaq olar. Onu da unutmayaq ki, Qərbi də bu məsələdə, ümumiyyətlə, vahid varlıq kimi qəbul etmək olmaz. Fikrimcə, Qarabağ konfliktində ABŞ və Böyük Britaniyanın mövqeləri Azərbaycana, Fransa və Almaniyanın mövqeləri isə Ermənistana daha yaxındı. Üstəlik, son zamanlarda Aralıq dənizində Türkiyə-Fransa qarşıdurmasını nəzərə alsaq, Qarabağ məsələsində də Parisin neqativ və bizim yanımızda olmayacaq mövqe sərgiləyəcəyinə, rol oynayacağına indidən hazır olmalıyıq. Fransada erməni diasporasının gücünü də xatırlasaq görərik ki, bu ölkə heç də Azərbaycana dost deyil, olması da ən azı indiki şərtlər altında mümkünsüzdür. Fransa Ermənistanın yanında Türkiyə-Azərbaycan ittifaqına qarşı çıxacaq. Lakin təbii ki, bütün bunlar bizi qorxutmamalı, çəkindirməməlidir. Fransa, hətta Rusiya belə Ermənistana görə savaşan deyil, amma Azərbaycana görə savaşacaq qardaşı Türkiyə var! Bunu da Fransa və Rusiya çox gözəl anlayır. Ona görə havalar soyumamış, qış gəlməmiş təcili surətdə Qarabağda Azərbaycan antiterror əməliyyatına başlamalıdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153597

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930